Muəllif:

Parisdə jurnalistlərə atəş açan bir psix peyda olub

Noyabrın 18-də yerli vaxtla saat 10:12-də Liberation qəzetinin redaksiyasına gələn bir kişi əlindəki tüfəngdən 23 yaşlı fotoqraf köməkçisinə atəş açıb, sonra da dinməz-söyləməz çıxıb gedib. Xoşbəxtlikdən redaksiyanın işçisi ağır yaralansa da, salamat qalıb. Paris polisinin prefekti dərhal bütün media-şirkətlərin binalarına polis qüvvələri göndərib. Hadisə yerinə gələn Fransa daxili işlər naziri isə «görünür, bu, kimdisə, mətbuatdan yaman yanıqlıdı», deyib.
Saat 18:30-da isə həmin əli silahlı BFM TV kanalının binasına girib, tüfəngi baş redaktora tuşlayaraq onun ayaqları altına iki atəş açıb və deyib ki, «bu, ilkin xəbərdarlıqdır, gələn dəfə heç kimə rəhm etməyəcəm». Nə isə, onu hələ də axtarırlar. Lap elə Elmarın qatili kimi…
Yadınızdadırsa, ötən həftə uşaqların gəlib «bizim qəzetin də satışına metroda qadağa qoyulduğunu deyəndə, heç tüküm də qımıldanmadı», yazmışdım. Üstündən az qala bir həftə ötür. Metronun yeraltı ənginliklərində itirdiyimiz tirajsa heç cür bərpa olunmaq istəmir. Necə də olsun axı? Qəzet almaq və oxumaq istəyən özünü hara vurursa, əli boşa çıxır.
Bu gün redaksiyaya bir xanım zəng vurmuşdu. Özünü Gülcan deyə təqdim etdi və qəzetimizin daimi oxucusu olduğunu bildirəndən sonra gileyləndi ki, bəs çalışdığı universitetin həndəvərindəki köşkləri götürdükdən sonra heç vəchlə qəzet tapa bilmir. Yəni axtarır, amma köşk tapsa belə, orada qəzet tapa bilmir, çünki onlarda çap məhsulundan başqa hər nə desəniz satılır. Vəziyyəti ona izah etdim və təklif etdim ki, abunə yazılsın. Söylədi ki, evdən səhər çıxır, bir də axşam qayıdır. Binada da poçt qutusu adına bir zad belə yoxdur. Dedim poçtalyon qapınıza gətirər, dedi ki, kiminsə altıncı mərtəbəyə piyada qalxacağına inanmır. İş yeri də universitet olduğundan və günü müxtəlif auditoriyalarda keçdiyindən qəzetin ona çatdırılmasının müşküllüyünü bildirdi. Qəzetin PDF formatlı elektron versiyasından söz açanda isə rusca: «Голубчик, я слишком стара для этих штучек. К тому же, я привыкла к шелесту газетных страниц. Это ведь особое ощущение»… Nə deyəcəyimi bilmədim, o isə jurnalistlərin birləşib bu biabırçılığa son qoymasını tələb etdi. Özününsə yuxarılara şikayət edəcəyini bildirdi.
Dəstəyi yerinə qoyandan sonra öz-özümə fikirləşdim ki, Gülcan xanım yuxarıda bu işə cavabdeh olanların nə dediyini bilsəydi, yəqin ki, qulaqlarına inanmazdı. Axı mən ona necə deyəydim ki, Əli müəllim ən azından metroda qəzet satışına qoyulan qadağanı alqışlayır, dostum Əflatun Amaşov da Mətbuat Şurasının sədri kimi deyil, terrora qarşı mübarizə aparmalı olan hansısa bir qurumun nümayəndəsi kimi «Yeni Müsavat»a müsahibəsində az qala, qəzetlər metroda terror aktları üçün zəmin yaradır, söyləyir. Gülcan xanıma necə deyəydim ki, sayı az qala 100 minə çatan jurnalistlərin yalnızca yüzüylə sözü bir yerə qoyub nəsə etmək mümkündür? Yerdə qalan 99 mininsə bu heç vecinə də olmayacaq və 100 nəfərin səsi heç kimin qulağına çatmayacaq!
Metroda isə hələ də qəzet və kitab yerinə vedrə və aftafa satırlar…
P.S. Gələn həftə, Allah böyük Mirzə Cəlilə rəhmət eləsin, «poçt qutusu»ndan yazacam, inşaallah!
[email protected]

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 275