Paris Milli Kitabxanasında ölkəmizə dair çox şey var
Axtaranda çox şey tapılır. Budur,Əlyazmalar İnstitutu Paris Milli Kitabxanasında saxlanan Azərbaycan tarixinə, mədəniyyətinə dair 200-dən artıq materialın surətlərini, elektron variantlarını əldə edib. Bu barədə APA-ya institutun direktor əvəzi Paşa Kərimov bildirib.
Onun sözlərinə görə, bunların içində XX əsrin əvvəlində Bakı şəhərində çəkilmiş fotolar, Azərbaycan tarixinə dair xəritələr və planlar, orta əsr əlyazmaları, müğənnilərin ifasında Parisdə patefona yazılmış mahnılar, Avropa səyyahlarının Azərbaycan barədə əsərləri var. Xəritə və planlardan XVIII əsrə dair Bakı şəhərinin planı, həmin dövrdə tərtib edilmiş Bakı körfəzinin xəritəsi və şəhərin planı, Abşeron yarımadasındakı neft quyularını göstərən xəritə, XVIII əsrdə çəkilmiş Xəzər dənizi, Volqa, Kür çayları və Xəzəryanı sahillərin xəritəsi, 1872-ci ildə Sankt-Peterburqda çəkilmiş Qafqaz bölgəsinin xəritəsi, 1724-1729-cu illərə aid Xəzər dənizinin şərq və qərb sahillərinin xəritəsi, 1721-ci ilə aid Xəzər dənizinin xəritəsi də gətirilən sənədlərin içərisindədir. Əlyazmalardan 1467-ci ildə Təbrizdə Nəsrullah Münşi adlı katib tərəfindən köçürülmüş «Kəlilə və Dimnə», cığatay dilində yazılmış, oğuz türklərindən bəhs edən «Oğuznamə», təbabətə dair XVI əsrə aid «Əlacnamə» əsəri, Ə.Nəvainin əsərləri və s. böyük maraq doğurur.
P.Kərimov deyib ki, Parisdən gətirilən sənədlər arasında Avropa səyyahlarının Azərbaycanla bağlı müşahidələrindən ibarət kitablar da var: “XVII əsrdə İran və Azərbaycanda olmuş Rafael dü Manın 1890-cı ilə çapdan çıxmış kitabında Səfəvilər dövlətindən, Şah İsmayıl Xətaidən, övladlarından, İsfahandakı sarayda Azərbaycan türkcəsinin mövqeyindən, ölkəmizin şəhərlərindən və təbii sərvətlərindən bəhs olunur. Avropa səyyahları Öjen Flandən və Paskal Kostun 1851-ci ildə çapdan çıxmış «İrana səyahət» əsərində Azərbaycan barədə geniş söhbət açılır”.
Paris Milli Kitabxanasından əldə edilmiş materiallar içərisində Azərbaycan xalq mahnılarının XX əsrin əvvəllərində patefon yazılarının surətləri də var. Məşədi Hilal Zeynalovun ifasında Ü.Hacıbəyovun «Leyli və Məcnun» operasından bir parça, «O xal nə xaldı» mahnısı, Mahmud Behbudovun ifasında «Dəsmalın, yar», «Var bir incəbel», Məhəmməd Zeynalın ifasında «Şikəstə», Şövkət Məmmədovanın ifasında «Sən ki», «Mən bir güldüm», «Mən görməzdim» adlı mahnılar kifayət qədər aydın səslənir. Maraqlıdır ki, xalq mahnılarının bir hissəsi erməni ifaçılarının ifasında yazıya alınıb. Anna Poqosova «İrəvanda xanın səsi», «Qara gözüm», Muxtar Ter-Akopov «Bəri bax», «Şüştəri», «Qarabağ şikəstəsi» havalarını təmiz Azərbaycan türkcəsində ifa ediblər.