Palmali yeni hazırladığı barjı istismara buraxdı
LUKoylun sifarişi ilə Palmali tərəfindən hazırlanmış
barj bu gün istismara verilmişdir. Dünyanın ən böyük gəmiçilik şirkətlərindən biri olan Palmali fəaliyyət sahəsini genişləndirdiyi bildirilir. 2011-ci ildə şirkət LUKoyl QSC NŞ-nin Xəzərin şimalındakı V.Filanovski adına dəniz karbohidrogen yatağının obyektlərinin işlənilməsi üçün yük keçid kranına malik nəqliyyat-quraşdırma barjının (NQB) layihəsinin hazırlanması və inşası üzrə tenderdə iştirak etmişdir.Tenderdə Palmali ilə yanaşı, Bumi Armada, Qlobal Stroy İnjenirinq və b. şirkətlər iştirak etmişlər.
Tenderin nəticələrinə görə, NQB-nin ən yaxşı layihəsini, inşa müddətini və icarə haqqını təqdim etmiş Palmali şirkəti qalib gəlmişdir. 22 dekabr 2011-ci ildə LUKoyl QSC NŞ ilə NQB-nin uzunmüddətli icarə müqaviləsi imzalanmış və Palmali şirkəti həmin gəminin inşasına başlamışdır.
Barjın korpusunun 4 bölməsinin inşası Türkiyədə Beşiktaş gəmiqayırma zavodunda yerinə yetirilmişdir. Bölmələrin birləşdirilməsi, əsas avadanlıqların quraşdırılması və buraxılış-sazlama işləri, təhvil-təslim sınaqları proqramının icrası Azərbaycanda “Xəzər” gəmiqayırma zavodunda həyata keçirilmişdir.
Barj ən qısa müddətdə hazırlanmışdır və böyük ölçülü qurğuların nəqli, qazma kompleksinin inşası üçün müxtəlif texnoloji avadanlıqların yerləşdirilməsi və daşınması üzrə işlərin yerinə yetirilməsi məqsədilə Sifarişçiyə çatdırılacaqdır.
Barj Xəzərin şimalında V.Filanovski adına yatağın icazəli dəniz sahəsində istismar olunacaqdır. Layihənin unikal texnologiyası və NQB-nın hüdudsuz imkanları (barjın daşıya biləcəyi qurğunun maksimum kütləsi 14 000 tona çatır, səthində quraşdırılmış keçid kranı isə 400 tonluq yükü qaldırmağa qadirdir) nəzərə alındıqda barj gələcəkdə də Xəzər dənizində dəniz obyektlərinin inşasında mühüm rol oynayacaqdır.
LUKoyl şirkəti inşa olunan barja “Yuri Kuvıkin” adını vermişdir. Y.Kuvıkin Xəzər dənizinin şimalında bir sıra neft-qaz yataqlarını kəşf etmiş görkəmli geoloq-alimdir.
Başlıca texniki parametrlər:
Barjın uzunluğu – 140 m,
Barjın eni – 62 m,
Maksimum dedveyt – 14.351 t.
Yuri Kuvıkin 1935-ci ildə Bakıda SSRİ neft sənayesinin inkişafına böyük töhfə vermiş görkəmli neftçi Stepan Kuvıkinin ailəsində dünyaya gəlmişdir. oskva Neft İnstitutunu bitirən Y.Kuvıkin fəhləlikdən Sovet İttifaqı yanacaq-energetika kompleksinin rəhbərliyinə qədər əmək yolu keçmişdir.
Y.Kuvıkin uzun illər neft-qaz yataqlarının geologiyası və kəşfiyyatı sahəsində elmi araşdırmalar, ölkənin müxtəlif regionlarında neft yataqlarının axtarışı və kəşfiyyatı ilə məşğul olmuşdur. 50-dən çox elmi əsərin müəllifi, elmlər namizədi olan Y.Kuvıkin Xəzərin şimalında böyük neft-qaz yataqlarını, o cümlədən Filanovski və Korçagin adına yataqları kəşf etmişdir.