Muəllif:

Pafos və şübhə

Keçən yazımda Azərbaycan-Türkiyə münasibətlərindəki qeyri-səmimilikdən bəhs etmişdim. Mövzu yenə eynidir…
Azərbaycan-Türkiyə münasibətlərindəki ən ciddi problem istər dövlət, istər cəmiyyət səviyyəsindəki pafos və şübhədir. İki ölkə arasındakı əlaqələri inhisara almış «vətənpərvər», «türkçü», «milliyyətçi» zümrənin pafosu və hökumətlərin bir-birinə şübhəli yanaşması Azərbaycan və Türkiyənin münasibətlərini inkişaf etdirməsinə, problemlərini həll etməsinə mane olur. Son illərin bizə göstərdiyi tabloda Azərbaycan və Türkiyə bir-birinə qeyd-şərtsiz güvənən, etibar edən iki ölkə deyil; tərsinə, bir-birindən davamlı səhv, yanlış, «arxadan zərbə» gözləyən iki ölkədir. Etiraf etmək lazımdır — bir erməni saytında yayılan «Türkiyə sərhədləri açır» xəbəri və ya hansısa bir Türk serialında işlədilən uğursuz ifadə «bir millət-iki dövlət» ritorikasını yerlə bir etməyə yetir.
Türkiyənin Azərbaycanda demokratiya və insan haqları problemlərinə baxışının zərərli və yanlış olması haqda dəfələrlə deyilib. Türkiyə hökumətinin ünvanına heç də haqsız olmayan tənqidlər səslənib. Ankaranın bununla bağlı arqumentinə keçən yazımda toxunmuşdum — Azərbaycanla bağlı beynəlxalq vəziyyət strateji olaraq dəyişmədiyi müddətcə, Türkiyə «elə-günə qarşı qardaşını tənqid edən» ölkə olmaq istəmir. Bu arqumentin gücünə dair mühakiməni oxucuların öhdəsinə buraxaraq, başqa nüansa diqqət çəkmək istəyirəm: Azərbaycanda demokratiya və insan haqlarına münasibətdə Türkiyə müxalifətinin mövqeyi hökumətin mövqeyindən daha az səhvsiz və daha az zərərli deyil. Hökumətin Azərbaycandakı demokratik düşərgəyə münasibətdə məsafəli davranmaq üçün ən azından «dövlətlərarası münasibətləri qorumaq, Azərbaycan hakimiyyətiylə əlaqələrdə problem yaratmamaq» kimi bəhanəsi var. Müxalifətin isə heç bir bəhanəsi yoxdur, amma Azərbaycan siyasəti də yoxdur. Adına Azərbaycan siyasəti deyilən şey «bir millət — iki dövlət» pafosundan və Qarabağ problemini daxili siyasət arqumentinə çevirməkdən ibarətdir.
Ulduzunun yeni parlayan vaxtlarında Kamal Kılıçdaroğlundan (o zaman CXP-nin partiya fraksiyasına həmsədrlik edirdi), Azərbaycandakı siyasi qüvvələrin tənqidlərini də xatırladaraq, CXP-nin bizim ölkədəki hansı partiyalarla əlaqə qurduğunu soruşmuşdum. CXP lideri «Mən partiya deyil, fraksiya rəhbərliyindəyəm, münasibətlərimizin yetərli səviyyədə olub-olmadığını deməyə çətinlik çəkirəm» deyə cavab vermişdi. İndi Kılıçdaroğlu CXP-nin rəhbəridir, partiyasının Azərbaycana münasibətindən, yəqin ki, xəbəri var. Və yəqin ki, eyni sual indi ona ünvanlansa, Azərbaycanın müxalifət lideriylə görüşünü misal çəkərək, əlaqələrin çox yaxşı olduğunu söyləyər. Azərbaycanın müxalifət liderləri Ankaraya gəldikləri zaman AKP yetkililəri ilə də görüşə bilirlər. Amma Strasburqda AKP millət vəkilləri kimi CXP millət vəkilləri də Azərbaycanda demokratiyanın əleyhinə, hakim rejimin lehinə olan qərarlara səs verirlər. O zaman «dövlətlərarası əlaqələri qorumaq» kimi məsuliyyəti olmayan CXP-nin Azərbaycan demokratiyasına baxışıyla tənqid etdiyi AKP-nin baxışı arasında fərq nədən ibarətdir? Və ya Azərbaycan hakimiyyətini Yeni Azərbaycan Partiyasının deputatlarından da artıq müdafiə edən Milliyyətçi Hərəkat Partiyası mənsublarının demokratiyaya, insan haqlarına baxışıyla AKP-çi deputatların baxışı arasında nə kimi fərq var?
MHP 2003-cü ilə qədər klassik Azərbaycan müxalifətini özünə yaxın gördüyü partiya olub. 2003-cü ilə qədər Azərbaycan müxalifətinin bir hissəsinə mənəvi, çox kiçik bir hissəsinə də maddi dəstək verib. Amma 2003-cü ilə qədər. Yəni Azərbaycan müxalifətinin hakimiyyətə gəlmə imkanının qarşısı böyük güclər tərəfindən alınana qədər. Hərçənd, o tarixədək Azərbaycan müxalifətinə dəstək verən, qapılarını açan, sadəcə, MHP deyildi, iqtidar partiyası da müxalifət liderləriylə təmaslardan qaçmırdı. Amma 2003-cü ildən sonra Türkiyə iqtidarı Azərbaycanda birmənalı olaraq yalnız iqtidarla təmas xəttini seçdi. Və başlar Türkiyə iqtidarını tənqid eləməyə elə qarışdı ki, «Bəs MHP hara getdi?» deməyə macal olmadı.
MHP 2003-cü ildən sonra Azərbaycan iqtidarıyla yaxınlaşma xəttini seçdi. Geniş ictimaiyyət bilməsə də, siyasətin mətbəxindəkilər bəzi məşhur MHP-çilərin gündüz müxalif — gecə iqtidar tərəfdarı olan bəzi «vətənpərvər-milliyyətçi» şəxslər vasitəsilə Azərbaycan hakimiyyətində təmsil olunan oliqarxlara çıxış axtardığını yaxşı bilirlər. 2009-cu ildə yaşanan «sərhəd-bayraq» qalmaqalı zamanı Azərbaycan hakimiyyətiylə MHP arasındakı qarşılıqlı jestləşmələr də siyasi proseslərlə maraqlananlara məlumdur. İllərlə Türkiyədə Azərbaycanın adını, bayrağını, mədəniyyətini ayaqda saxlamış Mehmet Kəngərli, Əhməd Qaraca, Cəmil Ünal kimi dürüst, səmimi insanlara bir təşəkkürü belə çox görən hakimiyyətin Azərbaycan üçün hansı xidmətlər göstərdiyi ictimaiyyətə bəlli olmayan bir MHP-çi deputata «Tərəqqi» ordeni verməsi bu jestləşmələrin açıq təzahürüydü. O gənc deputatın orden verənlərin etimadını doğrultmaq üçün göstərdiyi səylər də, təbii. Bu səpkidəki tənqidləri səsləndirdiyimiz zaman bəzi MHP-çilər Qarabağla, Xocalıyla bağlı çıxışlarını, açıqlamalarını misal çəkərək, haqsız olduğumuzu sübut etməyə çalışırlar. Amma Türkiyə siyasətində kim Qarabağla, Xocalıyla bağlı məsələdə Azərbaycanı müdafiə etmir ki? Kim Ermənistanın işğal altındakı torpaqları boşaltmasını tələb etmir, kim qaçqınların yurdlarına qayıtmalı olduğunu demir? Xocalı qətliamının Türkiyə parlamentində soyqırım kimi qəbul olunmasının mümkünsüzlüyünü bilə-bilə, belə təklif vermək Azərbaycana dəstəkdirmi? Türkiyə soyqırım qərarlarının parlamentlər tərəfindən verilməsinə qarşı çıxan, bu kimi məsələlərə hüquqi qiymətin məhkəmələr, tarixi qiymətin tarixçilər tərəfindən verilməli olduğunu hər fürsətdə bəyan edən bir ölkədir. Yanlış və ya doğru — bu, Türkiyənin iqtidarının da, müxalifətinin də zaman-zaman dilə gətirdiyi və dəstəklədiyi mövqedir. Bu mövqedən çıxış edən bir dövlətin parlamentinin soyqırım qərarı verəcəyini gözləmək ən azı sadəlövhlük olardı. Belə olan halda dünyaya «Türkiyə belə Azərbaycanı dəstəkləmədi, soyqırımı tanımadı» görüntüsünü vermək nəyə və kimə lazımıydı? Bəlkə belə qərara qarşı çıxan iqtidar partiyasını Azərbaycanın maraqlarına «xəyanət»də ittiham etmək istəyənlərin işinə yaraya bilər, amma, məncə, bu şou nə Azərbaycana, nə də Türkiyəyə lazım idi.
Azərbaycana da, Türkiyəyə də qarşılıqlı münasibətdə lazım olan dürüstlük, səmimiyyət və etibardı, pafos, şübhə və oyunbazlıq deyil…

Aynanın yeni köşə rubrikasından.

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 302