Muəllif:

Öz avtomobilimizi istehsal edə bilərik

Keçən il 1 milyard 119 milyon ABŞ dolları dəyərində 101 min 255 ədəd avtomobil idxal olunub. Rəqəmin böyüklüyü Azərbaycanın daxilində avtomobil istehsalı məsələsini gündəmə gətirib. Təcrübə də var. Bu gün Gəncə, Naxçıvan, Şamaxıda xaricdən gətirilmiş avadanlıq əsasında avtomaşınlar yığılır.
Təbii ki, avtomobil istehsalı hər bir ölkə üçün strateji məsələdir. Vaxtlə Azərbaycan Texniki Universiteti bununla bağlı konsepsiya da irəli sürmüşdü. Məqsəd də ölkə daxilindəki bazarla bağlı əhalinin valyuta ehtiyatlarının kənara çıxmaması idi. Universitetin «Avtomobil nəqliyyatı vasitələri» kafedrasının müdiri, Sülhəddin Gözəlovun sözlərinə görə, Azərbaycanın buna hərtərəfli — intellektual, texniki, istehsalat, resurs və maddi potensialı var:
«Nəyə görə, bir dəmirə görə bu qədər vəsaiti xaricə göndəririk? Naxçıvan, Şamaxı, Gəncədə bunun cücərtisi var. Belə olarsa, əlavə iş yerləri, maliyyə imkanları artacaq. Elə etmək lazımdır ki, Azərbaycan istehlakçısının bir hissəsi burada istehsal olunan avtomobillərlə maraqlansın. Bu cəhət ilə bazarda öz rəqabətliliyini saxlaya bilər. Elə etməliyik ki, insanlar heç olmasa xaricdə istismarda olmuş maşın əvəzinə Azərbaycanda istehsal olunan maşını almaqda maraqlı olsunlar. Bazar iqtisadiyyatının müvafiq qanunlarına əsasən, idxalı birmənalı şəkildə inzibati yolla qadağan edə bilmərik. Amma istehlakçını həm texniki, həm də maliyyə tərəfləri ilə maraqlandırmaq olar. Sonradan da tədricən bu istehsalı genişləndirərək, xarici bazara çıxa bilərik. Ən azından MDB məkanına çıxa bilərik. Biz MDB məkanındakı belə mövqe tutmağımızı bir az gecikdirmişik. Bu da Qarabağ problemi ilə bağlıdır. Amma ümid itirilməyib. Bunu etməyə dəyər. Yaxın 10 il ərzində ölkənin avtomobil parkı yeniləşəcək. Yeniləşmə ilə bağlı idxal ölkənin avtomobil parkının təqribən 6-10 faiz civarında dəyişəcək. Bu da o deməkdir ki, yaxın 10 ildə orta hesabla hər il ölkəyə təqribən 80 min avtomobil gələcək. Böyük rəqəmdir. Ona görə də Azərbaycanda avtomobil zavodunun inşasına böyük ehtiyac var».
İqtisadi və Sosial İnkişaf Mərkəzinin ekspertləri bildirirlər ki, avtomobil istehsalı üçün digər vacib məqam böyük bazarın olmasıdır. Azərbaycan öz avtomobilini bazara çıxarması iqtisadi baxımdan real görünmür. Çünki, onların satış imkanları kifayət qədər zəif olacaq. Xüsusən də Avropa, Almaniya və Yaponiyada istehsal olunan avtomobillərlə müqayisədə bizim istehsal rəqabət qabiliyyətli olmayacaq. Digər məqam, iri avtomobil şirkətlərinin Azərbaycanda nümayəndə zavodlar açmasıdır. Ekspertlər hesab edirlər ki, bunun üçün bizdə imkan var. Amma buna mane olan səbəb Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və Qafqazın bir bazar kimi götürülməməsidir. Çünki, şirkətlər adətən bazar böyük olduqda belə zavodların açılması ilə bağlı qərar verirlər. Nəzərə alsaq ki, bu sənayedə avtomobil zavodları açılan zaman əhali baxımından bazarın həcmi minimum 15 milyon olmalıdır. Bundan artıq olduqda avtomobil zavodunun inşası ilə bağlı qərar verilir. Ancaq Azərbaycanda əhali 9 milyondur. Ermənistan Azərbaycan torpaqlarını işğal etməsəydi və Cənubi Qafqaz bir bazar olaraq götürülsəydi, o zaman iri avtomobil şirkətlərinin Azərbaycana gəlməsi mümkün olardı. Ona görə də indiki halda Azərbaycanda avtomobil zavodunun tikintisi iqtisadi baxımdan əlverişli və rentabelli olmayacaq.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 237