Muəllif:

Oturmayan erməni

Ankara
Qarabağ münaqişəsinin ilkin mərhələsində meydanlara toplaşan kütlələri idərə etmək üçün bəsit olduğu qədər də səmərəli bir vasitə vardı — «oturmayan erməni», «sağ əlini qaldırmayan erməni» və sairə. Tez bir zamanda siyasi opponentlərin bir-birinə qarşı mübarizəsinin, bir-birini qaralamasının da ən səmərəli vasitəsinə çevrildi. Bir-birimizin əcdadlarını araşdırmağa başladıq ki, bəlkə hansısa dönəmdə onlardan birinin körpüdən keçərkən bir erməni ilə yan-yana toqquşduğunu aşkar edək və indiki dövrün təbirincə desək, siyasi opponent saydığımız kişini rüsvayi-cahan edək. Əslində o dövr üçün siyasi fəallığın çox normal bir təzahürü idi. Cəmiyyətimizin siyasi yetkinlik səviyyəsinə uyğun maksimum bəsit və məhdud siyasi mübarizə vasitələrindən istifadə etməsində ictimai-siyasi inkişafın qanunauyğunluqlarına zidd bir şey yoxdu. Başqa cür ola da bilməzdi. O siyasi primitivlik və sadəlövhlük dövründən 25 il keçib. Analoqu olmayan müstəqil dövlətimizi qurmuşuq. Bütün dünyaya örnək olmaq iddiasındayıq. Amma yenə də 25 il öncəki bəsit mübarizə vasitələrindən istifadə edir və az qala ən yüksək dövlət səviyyəsində bütün dünyaya hayqırırıq: «Oturmayan erməni!..»
Səhv etmirəmsə, 1993-cü ilin əvvəlləri idi. ABŞ səfirliyinin əməkdaşlarından biri Bakıdakı fəaliyyət müddətinin bitməsi münasibəti ilə kirayə etdiyi mənzildə ziyafət verirdi. O zamanlar, mən Azərbaycan Milli İstiqlal Partiyasının, yaxın dostum, tanınmış jurnalist, hal-hazırda «Yeni nəsil» Jurnalistlər Birliyinin sədri Arif Əliyev isə Azərbaycan prezidenti Əmülfəz Elçibəyin mətbuat xidmətinin rəhbəri idi. Bu ziyafətdə qarşılaşdıq. Hal-əhval tutduq. Sözsüz ki, ölkədə baş verən siyasi proseslər haqqında fikir mübadiləsi apardıq. O zamanlar, məni bir sual narahat edirdi: doğrudanmı iqtidarda olan dostlarım ölkənin uçuruma yuvarlanmaq ərəfəsində olduğunu görmürlər?! Bu sualı Arifə verdim. 20 il keçməsinə baxmayaraq, yaddaşıma həkk olunmuş bir cavab aldım: «Mən görürəm. Düşünürəm ki, təkcə mən deyil, bir çoxları da görür. Amma problem ondan ibarətdir ki, o Ağ evin pəncərələrindən Dünyaya tamamilə başqa bir mənzərə açılır».
Yenə də yüz minlərin, milyonların toplandığı Azadlıq meydanı yadıma düşdü. Həmin meydana yuxarıdan aşağı, yəni, tribunadan da baxdığım vaxtlar olub. Kütlələrin içində də olmuşam. Kütlədən ayrılıb, meydanda baş verənləri, necə deyərlər, bir qədər kənardan da seyr etmişəm. Hər dəfə də ruhuma bir-birindən fərqli hisslər hakim olub. Tribunada olanda insana elə gəlirdi ki, Dünya ayaqlarının altındadır, hər şeyə qadirsən. Qarşındakı milyonlardan ibarət kütlə isə gildən, xəmirdən başqa bir şey deyil. Onlardan istədiyini yoğura, yapa bilərsən. Yəqin ki, tribunadakılardan bir çoxu üçün də yalnız və yalnız bu gerçək vardı. Bu kütlədən istədiklərini yoğurmağa, yapmağa çalışırdılar. Amma tək-tükləri bunu bacara bildi. Kütlənin içində olanda düşünürdüm ki, bu yüz minlərlə, milyonlarla birlikdə dağları yerindən oynada bilərəm. Və nəhayət, meydanda baş verənləri bir qədər kənardan seyr edəndə, yəni həm tribunanın, həm də kütlənin təsirindən xilas olandan sonra, sənə elə gəlirdi ki, sonucu əvvəlcədən məlum bir tamaşaya baxırsan.
Bu hisslərimdən hansı gerçəyin daha dolğun, daha tam inikası idi?! Yəqin ki, heç biri. Xüsusilə də tribunada durarkən bütün Dünyanın ayağımın altında olduğunu, milyonlardan bir gil, xəmir topası kimi istədiyimi yapa biləcəyimi düşündüyüm anlarda keçirdiyim hisslər. Bunların mütləq əksəriyyəti görüntü, ilğım idi. Lap bir məşhur Amerika faciəsində olduğu kimi…
O vaxtdan 25 il keçib. Düşünürəm, cəmiyyətin yetkinlik səviyyəsi 25 il öncəki kimidir, yoxsa bu toplumu yönəltmək iddiasında olan bizlərin, yəni siyasətçilərin, politoloqların, jurnalistlərin, qeyri-hökumət təşkilatlarının fəallarının. Axı nədən yenə də «oturmayan erməni» deyə hayqırırıq.
Özünüz dəyərləndirin. Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov APA-ya müsahibəsində bəyan edib ki, ABŞ Helsinki Komissiyası tərəfindən bu günlərdə keçirilən brifinqdə bəzi müxalifət partiyaları rəhbərlərinin, funksionerlərinin, habelə müxalifətə yaxınlığı ilə seçilən QHT və KİV nümayəndələrinin təmsil olunduğu «milli şura» adlanan qurumun təmsilçisi həmin tədbirdə Azərbaycan haqqında absurd, əsassız, qeyri-obyektiv və dezinformasiya xarakterli çıxış edib və eyni məzmunlu məlumat yayıb: «Məlumat üçün bildirim ki, həmin tədbirdə Azərbaycan ilə bağlı iki tənqidi çıxış olub. Bunlardan birini «milli şura»nın nümayəndəsi, o birisini də ABŞ Erməni Milli Assambleyasının təmsilçisi edib. Eyni zamanda, hər ikisi də tənqidi arayış yayıblar. Azərbaycan qanunvericiliyini təhrif edən, ölkədə baş verən hadisələrə, cərəyan edən proseslərə öz subyektiv siyasi maraqları prizmasından yanaşan, subyektiv siyasi iddialarını reallaşdırmağa cəhd göstərən «milli şura» və orada təmsil olunan antimilli ünsürlər indi də ermənilərlə sinxron şəkildə Azərbaycanın beynəlxalq nüfuzunu ləkələmək üçün konkret fəaliyyətə başlayıblar. Onlar müxtəlif ölkələrə səfərlər edərək siyasi dəstək, maliyyə mənbələri axtarır, Azərbaycan xalqının rəyi ilə hesablaşmadan onun taleyini xaricdə həll etməyə çalışırlar. Bu gün Azərbaycan hakimiyyətinə qarşı absurd iddialarla çıxış edən, Azərbaycan Prezidentinin qanuna müvafiq şəkildə növbəti dəfə prezidentliyə namizədliyini irəli sürmək hüququnu şübhə altına almağa çalışan «milli şura»nın qondarma müraciət müəlliflərinin özlərinin keçmişi kifayət qədər qaranlıqdır və hüquqi qaydada araşdırılmalıdır.
Bu gün Azərbaycan hökuməti, siyasətçilər, nüfuzlu ictimai təşkilatlar, media, tanınmış ziyalılar, Azərbaycan diasporunun fəalları bütün imkanlardan istifadə edərək Ermənistanın və erməni lobbisinin anti-Azərbaycan fəaliyyətinin ifşa olunmasına, işğalçı dövlətə qarşı sanksiyaların tətbiq edilməsinə çalışırlar. ABŞ-ın Azərbaycana qarşı tətbiq etdiyi ədalətsiz «907-ci maddə»nin aradan qaldırılması üçün məqsədyönlü fəaliyyət daha da qətiyyətlə davam etdirilir. «Milli şura»nın təmsilçisi isə Helsinki Komissiyasının «dinləmələrində» çıxış edərək Azərbaycana qarşı yeni sanksiyaların tətbiq olunması tələbini irəli sürür. Bu fakt «milli şura»da cəmləşmiş insanların anti-Azərbaycan xislətinin bariz nümunəsidir».
Cənab Həsənovun fikrincə, bəzi xarici təşkilatlarda Azərbaycana qarşı bir növ tendensiyalı münasibət formalaşıb. «Əminəm ki, Azərbaycanda nümunəvi demokratik cəmiyyət qurulsa belə, «Amnesty İnternational», «Human Rights Watch», «Freedom Hause», «Sərhədsiz Reportyorlar» kimi təşkilatlar ölkəmizi qara rəngdə təsvir etmək üçün bir bəhanə tapacaqlar. Bu hesabatların Azərbaycanla bağlı hissəsi siyasi sifariş əsasında hazırlanır və bizim bu məsələdə erməni lobbisinin, müəyyən xarici anti-Azərbaycan dairələrin xüsusi rolundan şübhələnməyə tam əsasımız vardır», — deyə Ə.Həsənov əminliklə bildirib.
Bir sözlə, Azərbaycan iqtidarının barmağının işarəsilə «oturub-durmaq» istəməyənlərin «hamısı ermənidir». Mürəkkəb ictimai-siyasi proseslərin bundan bəsit, bundan primitiv izahı ola bilərmi?!!
Politoloq Mübariz Əhmədoğlu bir addım da irəli gedib. «Trend» agentliyinin verdiyi məlumata görə, M.Əhmədoğlu bu günlərdə keçirdiyi mətbuat konfransında bildirib ki, dinc danışıqlar erasının başa çatması Ermənistanı seçim qarşısında qoyub. Danışıqları yenidən davam etdirmək üçün Ermənistan vasitəçilərə və digər beynəlxalq strukturlara müraciət etsə, bu halda, özü üçün daha ağır güzəştə getməli olacaq: «İkincisi, Ermənistan rəhbərliyi birbaşa Azərbaycana müraciət edə bilər ki, guya regional və geosiyasi proseslər Ermənistan dövlətçiliyi üçün təhlükə yaradıb, Ermənistanın müstəqil dövlətçiliyi yalnız qeyri-standart addımlarla xilas oluna bilər. Qeyri-ordinar addım kimi Azərbaycanla əlaqələrin zəruriliyi əsaslandırıla bilər. Erməni xalqına xalis ermənilər rəhbərlik etdiyi dövrdə onun vəziyyətdən belə çıxması normal tarixi vərdişdir, amma bu gün Ermənistana rəhbərlik edən Qarabağ klanının xalis erməni olması şübhəlidir».
Birincisi, indi də ermənilərin əsil-nəcabətini araşdırmağa başlamışıq. M.Əhmədoğlu düşüncə tərzinə görə, ifrat millətçi olsaydı, bu bəyanatın haradan qaynaqlandığını, yenə də, başa düşmək olardı. Keçmiş sosial-demokratın mürəkkəb beynəlxalq problemlərə, milli-etnik münaqişələrə belə bir irqçi münasibətin tərəfdarı olması heç ağlabatan deyil.
İkincisi, Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın «azərbaycanlı və ermənilərin etnik cəhətdən tam uyuşmazlığı» haqqında söylədikləri yadıma düşdü. Ermənilər o cəfəng bəyanatın altından bu gün da çıxa bilmirlər. Nədən özümüzü R.Koçaryan kimi primitiv düşüncə tərzinin daşıyıcısına tay tuturuq? Nəyin naminə Azərbaycanın beynəlxalq imicinə xələl gətiririk? Nəyin naminə belə bir bəyanatla çıxış etməyə dəyər? Axı gerçək ondan ibarətdir ki, hamı M.Əhmədoğlunu iqtidara yaxın bir politoloq kimi tanıyır…
Mən opponentlərimə həmişə hörmətlə yanaşmışam. Həm M.Əhmədoğlunu, həm Ə.Həsənovu şəxsən tanıdığım üçün onların belə bir bəsit 25 il öncəki düşüncə tərzinin daşıyıcıları olmadıqlarına əminəm. Bəs nədən?!!
Yəqin ki, səbəb, Arif Əliyevin vaxtilə dediyi kimi, Dünyaya Ağ evin pəncərələrindən baxmaqdadır. Özü də cəbhəçilər kimi bir il deyil, 20 il ərzində. 20 il ərzində insanda, hətta, qarabasmalar da yarana bilər. Yəni düşünürlər ki, bütün Dünya ayaqlarının altındadır, milyonlardan gil, xəmir kimi istədiklərini yoğura, yapa bilərlər. Heç olmasa, hərdən bir dahi Şekspirin dostlarının acı təcrübəsini yada salmağa dəyər. Onlar bir insandan belə istədiklərini yoğura, yapa bilmədilər. Bir də, nə yaxşı ki, bu gün Azərbaycanda 25 il öncəsindən fərqli olaraq «oturmayan erməni» kimi təhdidlərdən qorxmayan insanlar var. Bu isə cəmiyyətin siyasi yetkinlik səviyyəsinin göstəricisidir.
P.S. Bəziləri mənim də əsil-nəcabətimi araşdırmağa girişə bilərlər. Mənimçün heç bir problemi yoxdur. Amma qızıl kimi dəyərli vaxtlarını boşuna xərcləyəcəklər…
[email protected]

Aynanın yeni köşə rubrikasından.

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 557