Ötən il 804 milyon dollarlıq silah almışıq
Azərbaycan 2012-ci ildə dünyanın 18-ci ən böyük silah və hərbi texnika idxalçısı olub. APA-nın məlumatına görə, bu barədə Silah Ticarətinin Beynəlxalq Analizi Mərkəzinin (SAMTO) hazırladığı illik hesabatda deyilir.
Mərkəzin hazırladığı statistikaya görə, ötən il Azərbaycan 804 milyon ABŞ dolları dəyərində silah idxalını həyata keçirib. Ən böyük silah idxalçılarının ikinci onluğunda İngiltərə, İtaliya, Yaponiya, Norveç, BƏƏ, ABŞ, Kanada, Azərbaycan, Danimarka və Əfqanıstan yer alıb.
Ən böyük silah idxalçılarının birinci onluğuna isə 13 milyard 239 milyon dollar sifarişlə Hindistan başçılıq edib. İlk onluqda sonrakı yerlərdə İraq, Oman, Avstraliya, Səudiyyə Ərəbistanı, Tayvan, Əlcəzair, Çin, İsrail və İndoneziya qərarlaşır.
Bu həftə Türkiyə müdafiə sənayesi sektorunun təmsilçiləri ilə Bakıda intensiv təmaslar sürdü. Son iki ildə Türkiyənin müdafiə sənayesi sektorunda fəaliyyət göstərən 4 firma Bakıda təmsilçilik açıb. Bu barədə APA-ya Bakıda Müdafiə Sənayesi üzrə Əməkdaşlıq Toplantısında iştirak edən Türkiyə heyətindən məlumat verilib.
Bu firmalar əsasən təhlükəsizlik sistemlərinin qurulması və proqramlaşdırılması, təlim sistemlərinin istehsalı, habelə gəmiçilik sahələrində fəaliyyət göstərirlər. Bunlardan başqa, burada təmsilçiliyi olan bir Türk firması MSN ilə nəqliyyat vasitələri üçün akkumulyatorların istehsalını həyata keçirməyə başlayıb.
Ümumilikdə bu gün Azərbaycanda Türkiyənin müdafiə sənayesi və silah istehsalı sahəsində fəaliyyət göstərən 10-a yaxın şirkətinin törəmə müəssisəsi və təmsilçiliyi mövcuddur.
Açıqlamalara görə, Türkiyənin insansız atış platformalarının istehsalı sahəsində ixtisaslaşmış firmalarından olan «Yüksel Savunma Sistemləri» Azərbaycanla əməkdaşlıq qurmağı planlaşdırır. Bu barədə şirkətin biznesin inkişafı şöbəsinin müdiri Erol Altınok bildirib.
Hazırda Bakıda səfərdə olan Türkiyə müdafiə sənayesi firmalarının heyətində təmsil olunan «Yüksel Savunma Sistemləri»nin Azərbaycanla bağlı planlarının olduğunu deyən E. Altınokun sözlərinə görə, indiyədək bir neçə dəfə ölkəmizdə olub və görüşlər keçiriblər:
«Azərbaycanda bu tip komandalı silah platformalarına tələblər var. Bizim hazırladığımız «Növbətçi», YAK, D-YAK tipli insansız atış platformaları Azərbaycan mühiti üçün də uyğundur. Bu sistemlər Türkiyədə hərbi məntəqələrin, sərhəddə yerləşən infrastrukturun mühafizəsi, gözlənilməz basqınlarda əsgərlər arasında itkiləri minimuma endirmək məqsədi ilə hazırlanıb».
Şirkət rəsmisinin sözlərinə görə, adıçəkilən sistemlərin Azərbaycana birbaşa satışı ilə yanaşı, onların yerli müəssisələrdə istehsalını təşkil etmək də mümkündür. Görüşlərdə bu məsələ də müzakirə olunur.
Erol Altınokun sözlərinə görə, «Növbətçi» adı verilmiş komandalı silah sisteminin üzərinə həm NATO ölkələrində, həm də postsovet məkanında istehsal olunan 7,62 mm kalibrədək silahları qurmaq olar. Bütün proqramı türk mühəndisləri tərəfindən hazırlanmış bu sistemin istifadəçi tərəfindən tam mənimsənilməsi, maksimum 2 gün tələb edir. «Növbətçi» proqramlaşdırıldıqda müəyyən trayektoriya üzrə hərəkət edə, elektrooptik və termal kameralar vasitəsi ilə hər cür hava şəraitində müşahidə apara, hədəfləri təsbit edə, məsafəsini və koordinatlarını müəyyənləşdirə, birdən artıq hədəflərə atəş aça bilir. Lazım olduqda bu sistem vasitəsi ilə hədəfin dəqiq koordinatlarını dəstək qüvvələrinə (helikopterlər, minaatanlar və s.) də ötürmək mümkündür. Şirkətin hazırladığı, 7,62 mm-dən böyük kalibrli güllələrlə atəş açan silahların yerləşdirildiyi YAK (Yüksel Atış Kullesi) adlı digər sistem isə həm stasionar, həm də nəqliyyat vasitələrinin, D-YAK isə dəniz platformalarının silahlandırılması üçün nəzərdə tutulur.
Son açıqlamalara görə, Azərbaycan SQ-nin texnika parkına daxil olan zirehli nəqliyyat vasitələrinin əhəmiyyətli hissəsi 2020-ci ilədək yenilənəcək. Bu proses SQ-nin modernləşdirilmə proqramları çərçivəsində aparılacaq.
Yenilənmənin əsasən yerli istehsal və digər ölkələrdən (qeyri-postsovet) alınmalar hesabına həyata keçirilməsi nəzərdə tutulur. İlkin mərhələdə Zirehli Kəşfiyyat Desant Maşını (BRDM), habelə, ordunun silahlanmasında yer alan BTR-60 və BTR-70 tipli zirehli transportyorlar müasir və qoruma səviyyəsi yüksək olan texnikalarla əvəzlənəcək.
Artıq seçimin birinci mərhələsində Türkiyə istehsalı olan «Cobra» tipli zirehli nəqliyyat vasitələrinə önəm verilib. Bu nəqliyyat vasitələri Azərbaycan mühitində sınaqlar zamanı minaya qarşı qoruması, manevrliliyi baxımından özünü doğruldub.
Texnika parkının yenilənməsi proqramı çərçivəsində Türkiyədən gələcəkdə əlavə sayda «Cobra»ların, habelə, digər modellərdə təkərli nəqliyyat vasitələri və döyüş maşınlarının alınması nəzərdə tutulur. Bununla yanaşı, Azərbaycan tərəfi Türkiyə firmalarının istehsalı olan «Arma», «Pars» və «Əjdər» tipli zirehli maşınlara da marağını ifadə edib.
Paralel olaraq Türkiyə firmaları və CAR-ın «Paramount Group» şirkəti ilə ölkə daxilində hərbi nəqliyyat vasitələrinin istehsalının qurulması, mövcud istehsal həcminin artırılması da nəzərdə tutulur.
ROKETSAN şirkətinə istinadən APA-nın yaydığı xəbərinə görə, Azərbaycan Türkiyədən raket sistemləri alıb və bu sistemlər Ermənistan ərazisindəki bütün hədəfləri nişangah altında nəzarətdə saxlamağa imkan verir. T-300 «Qasırğa» adlı, 300 mm çaplı reaktiv raket sistemləri (Türkiyə Silahlı Qüvvələrində «Qasırğa» adı verilib) raket sistemləri 2010-cu ildə imzalanmış 244 milyon ABŞ dolları dəyərində satınalma müqaviləsi çərçivəsində alınıb.
«Bu raketlər hazırda Türkiyə Silahlı Qüvvələrində istifadə olunan analoqları ilə müqayisədə daha təkmildir», — deyə məlumatda bildirilib. Sistemin özəllikləri və sayı barədə əlavə məlumat verilməyib.
Müqavilə çərçivəsində Azərbaycana həmçinin əlavə olaraq ROKETSAN istehsalı olan digər raket sistemləri də çatdırılıb.
Modern sistemlərlə təchiz olunmuş T-300 rəqibin 100 km-dən artıq uzaqlıqdakı kritik hədəflərini məhv etmək üçün hazırlanıb. Hazırda Türkiyə Silahlı Qüvvələrinin silahlanmasında yer alan bu sistem 6×6 və ya 8×8 taktik təkərli nəqliyyat vasitələrinin üzərində yerləşir. Sistemə hər birinin uzunluğu 5 metr olan 4 buraxıcı boru daxildir. Raketlər 6 saniyə intervala buraxılır. T-300 sistemi avtomatik atış-kontrol sistemi ilə təchiz olunub.
Sistemin atəş açdığı 300 mm çaplı raketin ağırlığı 525 kq, döyüş başlığının ağırlığı isə 150 kq təşkil edir.