Ötən il 8 vətəndaş quduzluqdan həyatını itirib
Ötən il ərzində quduzluğa yoluxma nəticəsində həyatını itirən bu 8 vətəndaş ölkə Prezidentinin məlum iclasda hədələdiyi qudurğan məmurlar deyil, sadə vətəndaşlardır. Yəni ölkədə bu gerşəklik də var. Bu rəqəmi Trend-ə SN Respublika Taun Əleyhinə Stansiyanın xüsusi təhlükəli yoluxucu xəstəliklərin epidemiologiyası şöbəsinin müdiri Rita İsmayılova açıqlayıb.
Onun sözlərinə görə, quduzluq zoonoz mənşəli, ölümlə nəticələnən yoluxucu xəstəlikdir. Bir çox heyvan növləri, əsasən, vəhşi heyvanlar, canavar, tülkü, eləcə də it, pişik kimi ev heyvanları bu xəstəliyə yoluxma baxımından daha çox təhlükə kəsb edir. Xəstəlik insana dişləmə, cırmaqlanma yolu ilə, habelə tüpürcək vasitəsilə keçir.
İsmayılova quduzluq xəstəliyinin müalicə olunmadığını, bu xəstəliyə yoluxmuş insanı 100 faiz ehtimalı ilə ölüm gözlədiyini bildirib.
Şöbə müdirinin sözlərinə görə, insanda xəstəliyin əlamətləri bu infeksiyaya yoluxduqdan 2 gündən 3 aya qədər, nadir hallarda isə bir ilə müşahidə edilə bilər. Quduzluq xəstəliyinin hidrofobiya və aerofobiya (sudan və havadan qorxma əlamətləri), psixo-nevrotik, udqunma aktının pozulması, hallusinasiya, yüksək hərarət, dişlənmiş yerdə ağrının olması, hipersolevasiya kimi əlamətləri var.
«Buna görə də hər hansı bir heyvan tərəfindən dişləmə, tüpürcəkləmə və ya cirmaqlanma baş veribsə, dərhal həkimə müraciət etmək və antirabik vaksini vaxtında vurdurmaq lazımdır. Quduzluq xəstəliyindən yeganə qorunmaq yolu antirabik vaksinin və immunoqlobulinin vaxtında vurulmasıdır»,-İsmayılova bildirib.
Şöbə müdiri deyib ki, ümumilikdə ötən il ərzində Azərbaycanda 15 987 nəfəri heyvan dişləyib. Ötən il baş verən heyvan dişləmələrinin sayı 2011-ci illə müqayisədə təxminən 900 hal cox olub. Heyvan dişləmələrinin 90 faizi itlər tərəfindən törədilib. Heyvan dişləmələri Azərbaycanın daha cox sərhədyani ərazilərdə və şimal bölgəsində baş verir. Ismayılova dişləmələrin daha cox kəndlərdə baş verdiyini və sahibsiz heyvanlar tərəfindən törədildiyini də qeyd edib.