Ötən həftə ölkədən 605 əcnəbi çıxarılıb
Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən ötən həftə ərzində ölkə qanunvericiliyinin tələblərini pozmuş 693 əcnəbi aşkarlanıb. Bu barədə APA-ya DMX-dən məlumat verilib.
Yanvarın 14-dən 19-dək Bakıda və ölkənin digər şəhər və rayonlarında aparılan araşdırmalar nəticəsində aşkarlanmış əcnəbi və vətəndaşlığı olmayan şəxslər barəsində qərarlar qəbul edilib. Onlardan 85 nəfərin cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 3 nəfər əcnəbinin Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün itirilmiş olan sənədlərinin yeni sənədlə əvəz olunması, 575 əcnəbi barəsində ölkə ərazisini 48 saat ərzində tərk etmə, 30 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul olunub.
Ümumilikdə həftə ərzində DMX-yə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, əmək fəaliyyətinin həyata keçirilməsi üçün fərdi icazələrin verilməsi və mövcud fərdi icazələrin müddətlərinin uzadılması ilə bağlı 1353 müraciət daxil olub.
Bununla yanaşı, işəgötürənin ölkə qanunvericiliyinin tələblərini pozmaqla fərdi icazə alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi hallarının aşkar edilərək qarşısının alınması məqsədi ilə də Xidmətin əməkdaşları tərəfindən Bakı şəhərində fəaliyyət göstərən bir sıra sahibkarlıq subyektlərində yoxlamalar aparılıb. Keçirilmiş tədbirlər nəticəsində 10 sahibkarlıq subyektində əcnəbinin Azərbaycan ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirməsi üçün fərdi icazənin verilmə qaydalarının pozulduğu aşkar edilib.