Ortaq Türk Ordusu?
Yanvarın 29-da Bakıda Avrasiya Hərbi Statuslu Hüquq-Mühafizə Qurumları Assosiasiyasının (TAKM) yaradılması haqqında Anlaşma Memorondumunun imzalanması mətbuatda qızğın müzakirələrə səbəb oldu. Bir sıra media orqanları və bəzi ekspertlər bu mərasimin ortaq türk ordusunun yaradılması istiqamətində əhəmiyyətli addım olduğunu bəyan etdilər. Amma təhlillər göstərir ki, yanvarın 29-da baş verən hadisə tamamilə başqa proseslə bağlıdır.
TAKM abbreviaturası memorandumu imzalayan ölkələrin (Türkiyə, Azərbaycan, Qırğızıstan və Monqolustan) adlarının baş hərfləri olmaqla yanaşı həm də hərbi termin — takım, tağım kimi səslənir. Amma əslində son 2-3 il ərzində yaradılması istiqamətində gərgin işlər aparılan, Avropa və Aralıq Dənizi Ölkələri Hərbi Statuslu Polis və Jandarmalar Birliyinə — FİEP-ə (Association of the European and Mediterranean Police Forces and Gendarmeries with Military Status) alternativ olması hədəf olan bir strukturun yaradılmasından söhbət gedir. TAKM-ın yaradılmasına dair qərar 2011-ci il iyunun 8-də Ankarada iştirakçı dövlətlərin (Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Monqloustan) Daxili Qoşunlar, Jandarma, sərhəd xidmətləri və başqa müvafiq qurumlarının iştirakı ilə keçirilən toplantıda qəbul edilib. Daha sonra ötən ilin yayında Bakıda TAKM-ın yaradılması istiqamətində son toplantılardan biri keçirildi.
Azərbaycanın FİEP perspektivsizliyi
FİEP 1994-cü ildə 4 dövlətin — Fransa, İtaliya, İspaniya və Portuqaliyanın jandarma birləşmələri tərfindən yaradılıb və hazırda ümumilikdə bu ölkələri özündə birləşdirir:
Fransa Jandarması (La Gendarmerie Nationale, France), İtaliya Karabinerləri (Carabinieri, Italy), Mərakeş Kral Jandarması (La Gendarmerie Royal, Marocco), Niderland Jandarması (Koninklijke Marechaussee, The Netherlands), Portuqaliya Milli Qvardiyası (Guarda Nacional Republicana, Portugal), Rumıniya Jandarması (Gendarmerie, Romania), İspaniya Qvardiyası (La Guardia Civil, Spain), Türkiyə Jandarması (Jandarma, Turkey).
Bununla yanaşı Argentina Milli Jandarması və Çili Karabinerləri təşkilata assosiativ üzvdürlər. İordaniya Jandarması (Darak Forces, Jordan) isə təşkilatda müşahidəçi statusundadır. Bir vaxtlar Qətər müşahidəçi statusunda olsa da, bu yaxınlarda oradan çıxıb. FİEP-in cəlbediciliyi ondadır ki, bu təşkilat informasiya mübadiləsi, yeni təcrübənin öyrənilməsi, maddi-texniki bazanın təkmilləşdirilməsi kimi missiyaları yerinə yetirir.
Bir vaxtlar, 2005-2011-ci illərdə Azərbaycanın FİEP-ə qoşulmaq hədəfi vardı. Həmin illərdə üzvlük üçün rəsmən müraciət edilmişdi. Bu müraciətdən sonra Daxili Qoşunların təmsilçiləri müvafiq dəvətə əsasən FIEP-in 2005-ci ildə Buxarest iclasına qatılmışdılar. Bunun ardınca 2006-cı ilin sentyabrında FIEP-in dəyərləndirmə qrupu rəsmi səfərlə Azərbaycana gələrək Daxili Qoşunların imkanları və vəzifələri ilə tanış olmuşdu. O zaman Daxili Qoşunlar rəsmilərinin məlumatına görə, Azərbaycanda səfərdə olan təşkilatın qiymətləndirmə qrupu qoşunların hazırlığını yüksək qiymətləndirmişdi. Amma qanunvericilikdə bəzi dəyişikliklərin edilməsi zərurəti ortada idi. 2007-ci ilin oktyabrında FİEP toplantısında Azərbaycan Daxili Qoşunlarının bu quruma üzv olması ilə bağlı məsələ müzakirəyə çıxarıldı. Lakin nəticə uğursuz oldu. Sonrakı illərdə də FİEP təmsilçiləri Azərbaycan tərəfinin üzvlük müraciəti ilə bağlı dəfələrlə ölkəyə səfər etmişdilər. Amma nəticələr heç də qənaətbəxş olmadı.
Nə kimi problemlər var?
Rəsmi və qeyri-rəsmi açıqlamalara görə, Azərbaycanın FİEP-ə üzvlüyü ilə bağlı iki əsas maneə ortaya çıxdı:
Birincisi, mətbuatda FİEP-ə üzv ölkələrin və eyni zamanda, NATO-nun Azərbaycan Daxili Qoşunlarının sülhməramlı əməliyyatlarda polisə dəstək bölüyünün rabitə vasitələri ilə təchiz edilməsini yubatması barədə məlumatlar yayıldı. Bildirildi ki, Azərbaycan tərəfinin bu məsələni dəfələrlə qaldırmasına baxmayaraq, NATO-ya və FIEP-ə üzv ölkələr bu sahədə Bakıya yardımı ləngidirlər. NATO rəsmiləri bu məsələyə baxacaqlarını bildirsələr də, hər hansı yenilik olmadı. Rəsmi Bakı FİEP-dən gözləntilərinin davam etdiyini bəyan edir.
İkincisi, Azərbaycan tərəfinin FİEP-in tələblərindən irəli gələn bəzi islahatları yerinə yetirməsinə, Daxili Qoşunların əsas sənədlərinin, döyüş nizamnaməsinin, tətbiqi, döyüş üsulları, döyüş düzülüşünün yenidən işlənilməsinə baxmayaraq bir sıra problemlər ortaya çıxdı. Ötən il Daxili Qoşunların komandanı Zakir Həsənov mətbuata açıqlamasında bildirmişdi: «FİEP-ə üzvlüklə əlaqədar biz müraciət etmişdik. Bəzi çətinliklərimiz vardı. Avropanın jandarm təşkilatlarının fəaliyyəti, qarşısında duran vəzifələrlə bizim fəaliyyətimiz arasında bir az fərq var».
Bu fərq nələrdir? Araşdırmalar göstərir ki, FİEP-ə üzv olan ölkələrin Jandarma qurumlarının səlahiyyətinə bir çox hüquq-mühafizə strukturlarının səlahiyyəti daxildir. Beləliklə, Azərbaycan Daxili Qoşunlarının bu struktura daxil olması üçün onun səlahiyyətlərində bir sıra ciddi dəyişikliklər aparılması istiqamətində qanunvericiliyə yenidən baxılması gərək olacaqdı. «Doktrina» Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin əldə etdiyi bir sıra məlumatlara görə, FİEP-ə daxil olmaq üçün Türkiyə Jandarm Qüvvələrinin strukturu, səlahiyyətləri, vəzifələri Azərbaycan Daxili Qoşunlarına tətbiq edilməsi FİEP-ə üzvlük üçün yolu açardı. Bu o deməkdir ki, Azərbaycan DQ üçün minimum aşağıdakı dəyişikliklər olmalı idi:
— DQ-nin daha çox hüquq-mühafizə qurumuna çevrilməsi və bununla bağlı qanunvericilikdə dəyişikliklər aparılması;
— Ölkədə fəaliyyət göstərən bir sıra hüquq-mühafizə orqanlarının səlahiyyətinin DQ-yə verilməsi;
— Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Konvoy taborunun DQ-nin tabeliyinə verilməsi;
— DQ-nin nizamnaməsində, əsas sənədlərində bir sıra dəyişikliklərin edilməsi və s.
Araşdırmalar göstərir ki, əgər Azərbaycan tərəfi bu deyilən dəyişikliklərə getsəydi, onda bütünlüklə təhlükəsizlik və müdafiə sektorunda fəaliyyət göstərən strukturların səlahiyyətlərində müəyyən dəyişikliklərin aparılması zərurəti ortaya çıxacaqadı. Böyük ehtimalla rəsmi Bakı ehtiyat edərək buna getməyib və bunun əvəzində özünün maraqları daxilində fəaliyyət göstərəcək yeni strukturun — TAKM-in yaradılmasına xeyir-dua verib. Beləliklə, böyük ehtimalla Azərbaycan Daxili Qoşunlarının FİEP-ə üzvlük perspektivi hələlik təxirə salınır.
Gözləntilər
Rəsmi açıqlamalara görə, TAKM-ın yaradılmasına əsas məqsədlərdən biri ona üzv olan ölkələrin müvafiq qurumları arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi, kadr hazırlığı istiqamətində təcrübə mübadiləsinin aparılması, texniki, silah, avadanlıq və digər məsələlərdə əməkdaşlığın gerçəkləşdirilməsidir.
Türk dövlətlərinin imza atdıqları bu sənədə bir az sonra digər dövlətlərin də qoşulması mümkündür. Verilən məlumata görə, assosiasiya ilə bağlı sənədlər müxtəlif ölkələrə göndərilib və onların arasında Rusiya, Pakistan, Tacikistan, Özbəkistan və başqaları var. Beləliklə, göründüyü kimi TAKM-ın hər hansı ortaq türk ordusu kimi qələmə verilməsi ideyası yanlışdır və bu ideya imzalanmış memorandumun heç bir yerində əksini tapmayıb. Ümumilikdə, TAKM-ın yaxın perspektivdə ciddi bir təşkilat olacağına inam çox aşağıdır. Bu təşkilatın yaradılmasına hər hansı ciddi zərurət olmadığı açıq-aşkar görünür.
Ekspertlərin fikrincə, FİEP-lə əməkdaşlığın dərinləşdirilməsi, bu quruma üzv olan ölkələrin hüquq-mühafizə orqanlarında həyata keçirilən islahatların araşdırılması və onların tətbiqi Azərbaycana daha çox fayda verərdi, nəinki TAKM çərçivəsində əməkdaşlıq edilməsi. Onsuz da Azərbaycanın Türkiyə ilə hərbi əməkdaşlığı çoxtərəflidir və bu əməkdaşlıq istər Müdafiə Nazirliyi, istərsə də Daxili Qoşunlar çərçivəsində həyata keçirilir və belə bir vəziyyətdə TAKM çərçivəsində yeni əməkdaşlıq formatı yaradılmasının Azərbaycanın və Türkiyənin təhlükəsizlik maraqlarına ciddi töhfə verəcəyi inandırıcı görünmür.