Muəllif:

Orta məktəblərdə monitorinq imtahanlarının vaxtı açıqlandı

Orta məktəblərdə monitorinq imtahanlarının keçirilmə vaxtı açıqlandı. TQDK sədri Məleykə Abbaszadə bildirib ki, bu imtahanlar aprelin 20-dən sonra başlanacaq. Bakıda aprelin 23,24 və 25-də, bölgələrdə isə mayın 6, 7, 8-də təşkil olunacaq. Hazırda bu imtahanların təşkili üçün hazırlıq işləri gedir. Abbaszadənin sözlərinə görə, imtahanlar ölkənin 29 bölgəsində 595 məktəbdə keçiriləcək.
Monitorinq imtahanları 5-ci və 11-ci siniflərdə keçiriləcək. 11-ci siniflərdə imtahanlar Azərbaycan dili, riyaziyyat və fizika fənləri üzrə, V siniflərdə Azərbaycan dili (rus bölməsində isə rus dili), riyaziyyat fənləri üzrə olacaq.
Eyni zamanda aprelin 9-dan ali və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başlayır. Sənəd qəbulu mayın 17-dək aparılacaq. Ərizələrin təsdiqi isə aprelin 15-dən mayın 17-dək keçiriləcək. Abbaszadə bildirib ki, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanında iştirak üçün abituriyent internet vasitəsilə TQDK rəsmi saytında «Abituriyentin elektron ərizəsi»ni doldurmalı və tələb olunan sənədləri TQDK tərəfindən yaradılmış Sənəd Qəbulu Komissiyalarına (SQK) şəxsən təqdim etməklə ərizələrini təsdiq etdirməlidir. Ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər elektron ərizələrini rəsmiləşdirdikdən sonra TQDK tərəfindən yaradılmış müvafiq Qabiliyyət İmtahanı Komissiyalarına (QİK) tələb olunan sənədləri və yaradıcılıq fəaliyyətinə dair işlərini təqdim etməklə seçmə turda iştirak edəcəklər. QİK-də abituriyentlərin seçdikləri xüsusi qabiliyyət tələb edən ixtisaslara yararlılığı yoxlanılır və yoxlamadan müvəffəqiyyətlə keçənlər qeydiyyata alınır.
Qeydiyyata alınmış abituriyentlər TQDK tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən test imtahanlarında iştirak edir və test imtahanlarında topladıqları ümumi balları TQDK tərəfindən müəyyən edilən müsabiqə şərtlərinə uyğun olduqda qabiliyyət imtahanlarına buraxılırlar. Qabiliyyət imtahanlarının keçirilməsi TQDK tərəfindən müəyyən edilən qaydalarla tənzimlənir.
2013-2014-cü tədris ili üçün magistraturaya daxil olmaq istəyən, bəzi ixtisaslar üzrə məzun olmuş bakalavrlar üçün ixtisaslaşma və proqram seçimi genişləndirilib. İqtisadiyyat və idarəetmə ixtisaslar qrupunu, elektrik mühəndisliyi, elektoenergetika mühəndisliyi, enerji maşınqayırması, maşın mühəndisliyi, mexanika mühəndisliyi, texnoloji maşın və avadanlıqlar mühəndisliyi, təkrar emal və bəpra texnologiyaları ixtisaslarını bitirən bakalavrların proqram daxilində ixtisaslaşma seçimi genişləndirilib. Bundan əlavə, proseslərin avtomatlaşdırılması mühəndisliyi, mexatronika və robototexnika mühəndisliyi ixtisaslarını bitirən bakalavrların biologiya müəllimliyi, biologiya, tərcümə və tarix ixtisaslarını bitirən bakalavrların ixtisaslaşma və proqram seçimi də genişləndirilib.
TQDK cari tədris ili üçün ali təhsil müəssisələrinin magistraturlarına qəbul imtahanının birinci mərhələsini martın 3-də keçirib. Bakalavrların məntiq, informatika və xarici dil bilikləri test üsulu ilə yoxlanılıb. İmtahanda iştirak edən 21 623 bakalavr qeydiyyatdan keçib. Onlardan 526 nəfəri imtahana gəlməyib, 20 nəfər isə qaydalara zidd hərəkətlərə yol verdikləri üçün imtahandan xaric edilib. İmtahanda 21 077 nəfər iştirak edib. İmtahanda ən yüksək nəticə 97 bal olub.
Yeri gəlmişkən, TQDK tərəfindən «Magistr» xüsusi buraxılışının 3-cü sayı nəşr edilib. Jurnalda magistraturaların bütün ixtisaslaşmalarına qəbul proqramları təqdim olunub. Hər bir bakalavr bu jurnalı əldə etdikdən sonra ilk növbədə «Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli» ilə diqqətlə tanış olmalıdır. Bakalavrlar bu cədvəl əsasında bitirdikləri bakalavr ixtisasına uyğun olan magistratura ixtisaslaşmaları ilə tanış ola, müvafiq qəbul proqramının nömrəsi və ixtisaslaşmaların seçimi üçün tələb olunan minimal balı öyrənə bilərlər. Hər bir bakalavr qəbul imtahanının I mərhələsindəki nəticəsindən asılı olaraq onun seçmək hüququ olan ixtisaslaşmaların arasından öz istəyinə uyğun olanları seçməli və cədvəldə göstərilən müvafiq proqram əsasında imtahanın ikinci mərhələsinə hazırlaşmalıdır.
Bitirdikləri ixtisasdan asılı olmayaraq bütün bakalavrlar 56 nömrəli proqrama aid olan MBA üzrə ixtisaslaşmaları və ya 22 nömrəli proqrama aid olan Turizm işi ixtisaslaşmasını seçə bilərlər.
Təhsil, humanitar və sosial ixtisaslar qrupundan başqa qalan bütün ixtisasları bitirən bakalavrlar 19 nömrəli proqrama aid olan Tempus layihəsi üzrə ixtisaslaşmaları seçə bilərlər.
Mətbuat konfransında Abbaszadə rəhbərlik etdiyi qurum tərəfindən aparılmış monitorinq nəticəsində istifadəsi məqbul sayılmayan dərsliklərin müəlliflərinin onların Ekspert Komissiyasının verdiyi rəylərlə razılaşmadığına dair bildirib ki, nəticələrlə bağlı dərslik müəlliflərinin obyektiv və ya subyektiv fikirləri ola bilər:
«Ancaq riyaziyyat ümumbəşəri elmdir. 1-ci və 4-cü siniflər üçün «Riyaziyyat»ın qanunları hər yerdə eynidir. Dərslik müəllifi monitorinqin nəticələri ilə razı deyilsə, bu, artıq onun öz problemidir. Ancaq dövlət dilimiz olan Azərbaycan dili ilə əlaqədar monitorinq prosesində iştirak edən alimlər, mütəxəssislər bu iradları nəzərdə tuturlarsa, bircə müəllif bununla razı deyilsə, hesab edirəm ki, onda TN məsələ ilə bağlı düzgün siyasət həyata keçirəcək. TN müəllifin hüquqlarını müdafiə etmir, təhsilimizin hüquqlarını müdafiə edir. Ona görə də hesab edirəm ki, onlar bizi düzgün müdafiə edəcəklər».
Abbaszadə qeyd edib ki, təhsil siyasətini həyata keçirən bir qurum var, bu da Təhsil Nazirliyidir. Orta məktəblərdə istifadə edilən dərsliklərin monitorinqi Prezidentin tapşırığı əsasında həyata keçirilir və şəffaf şəkildə aparılır. Onun nəticələri ictimaiyyətə və ölkə rəhbərliyinə çatdırılır.
Komissiya sədrinin sözlərinə görə, indiyə kimi 1-ci, 3-cü və 4-cü sinif dərsliklərinin monitorinqi başa çatdırılıb. Bu həftə isə 2-ci sinif dərsliklərinin monitorinqi başa çatdırılacaq. Gələn həftə monitorinqin nəticələri TN-ə təqdim ediləcək. Abbaszadə TN-nin yalnız 1-ci və 3-cü sinif dərsliklərinin monitorinqinin nəticələri ilə bağlı TQDK-ya cavab verdiyini də söyləyib.
Qeyd edək ki, TQDK 1-ci, 3-cü və 4-cü siniflərdə 8 adda dərsliyi istifadə üçün məqbul saymayıb. I sinifdə «Ana dili» və «Riyaziyyat», III və IV siniflərin hər birində «Azərbaycan dili». «Riyaziyyat»və «Həyat bilgisi» dərslikləri istifadə üçün məqbul sayılmayıb və həmin dərsliklərin yenidən hazırlanması tövsiyə edilib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 2463