Orta məktəbdə partlayıcı qurğu vahiməsi
Xırdalan şəhəri ərazisində yerləşən 2 saylı orta məktəbdə partlayıcı qurğu yerləşdirilməsi barədə vahimə yaşanıb. FHN Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumat nazirliyin mütəxəssislərini və müvafiq xilasetmə qüvvələrini hərəkətə gətirib. Onlar axtarış-xilasetmə tədbirləri üçün hadisə yerinə cəlb edilmiş, aidiyyəti qurumlar məlumatlandırılmışdır.
Xilasedicilər vətəndaşları təhlükəli hesab edilən ərazidən uzaqlaşdırmışlar. Sonra FHN mütəxəssisləri digər aidiyyəti qurumların əməkdaşları ilə birlikdə məktəbdə (sinif otaqlarında, xidməti otaqlarda, zalda, dəhlizlərdə, zirzəmidə, çardaqda, elektrik və yanğın əleyhinə lövhələrdə, pilləkən qəfəslərində və s.) axtarış işləri aparmışlar. Axtarışlar nəticəsində məktəbdə və yaxınlığında partlayıcı qurğu və şübhəli əşya aşkar edilməmişdir.
DİN müəyyən edib ki, yalandan zəng vuran şəxs Masallı rayon sakini Yusif Mikayılov imiş.