Muəllif:

Orta Doğuda məzhəb savaşları böyüyür

Müsəlman ölkələrində şiə-sünni savaşı alovlanmaqda, onun hərarəti toplumları vurmaqda, köhnə yaraların qaysaqlarını qoparmaqdadır. Bəhreyn, İraq, Livan, Fələstin, Türkiyə, Suriya, hətta Misir, Oman, Sudan, Yəmən və digər ölkələrdə artıq qarşıda qanlı savaşlara səbəb ola biləcək qarşıdurmaların ilkin əlamətləri görsənməkdədir. Bu tendensiya bölgədə iqtisadi maraqları olan Qərb çevrələrinin işinə yarayır. Onlar müsəlman dünyasının ideoloji çalxantılarını indiki halda sadəcə seyr etməkdə və proseslərin hansı məcrada davam edəcəyini izləməkdədir. BMT artıq gözlənilən böhranı görüb, bunu indidən incələməyə başlamışdır.
Şiə radikalizmi körüklənir
İslam tarixində onu ilk dəfə 11-ci yüzildə Beyrut şəhərində Amuli nəsli bir siyasi doktrina olaraq ortaya atmış, indiki İran ərazisində bu ideyanı yaymaq üçün hərəkətə keçmiş və onun dərin köklər atmasına nail olmuşdular. Bu proses bir vaxtlar Hindistanın Sind vadisindən İrana, Türküstanın Buxara və Göytəpə (indiki Düşənbə) vadilərinə qədər səpələnmiş fars kökənli topluluqların arasında daha geniş yayıldı. Ötən yüzillərdə Türküstan hökmdarları cəfərlik adı altında yayılan bu təriqətin qarşısını alsalar da, onlar İran yaylasında öncə İsmaili təriqəti, sonra Ələmut Şeyxləri hərəkatı adı altında erkən ortaçağda öz sosial dayaqlarını inkişaf etdirə bildi. Bu sırada qədim Sind mədəniyyətinin tərkib hissəsi olan təkkə, xəlvətilik, sofuluq, zahidlik bu və digər formada kök atdı. Bu ideyaların ənənəvi türk mədəniyyətinə heç bir bağlantısı yox idi, lakin farslar arasında özünə yer tapdı, ardınca isə Azərbaycana da sirayət etdi.
Türk toplumlarına aid mədəni və dini-mistik inanc kultunun tədricən unutdurulması, bayağı bir biçimdə yenidən formalaşdırılması prosesləri getdi. Digər yandan isə yeni ideoloji sistemə çevrilən cəfərilik (şiəlik) qanlı savaşlar yolu tutdu. Bu savaşlarda Türk Atanın övladları — doğuda Cığataylar, ortada Qızılbaşlar, batıda isə Osmanlı arasında böyük itkilərə səbəb olan qanlı savaşlar baş verdi.
Tarix deyəsən təkrarlanır, indi bu tendensiya yenidən xortlamaqda, Orta Doğu ölkələrində eyni etnik mənşəli toplumlar arasında da gündəmə gətirilməkdədir. Ələvi, zeydi, ismaili, kaysani, druz, isna əşirət, imami, kərmət, nizari, müstəli, fatimiyyə, həşşəşi, əssəsin, dərəzi, əhli-həqq, müxtəri, bəyani, rizami tipli cəfəri sektaları öz coğrafi regionlarında sünniməzhəb əhaliyə qarşı radikal münasibət sərgiləməklə, kütləvi iğtişaşlar törətməklə yanaşı, hətta terrora belə keçmişlər. Təbii olaraq, sünniməzhəb toplumlar da dinc durmayaraq, cəfərilərə qarşı sərt davranmaq məcburiyyətində qalmışlar.
Siyasi islam və problemlər
Balaca bir adada yerləşən və rifah dövləti olan Bəhreyndə şiələr küçələrə çıxdılar. Şiələr burada sayca üstün olduqları üçün İran tərəfindən təhrik edilirlər. Hətta bu ölkədə gizli şiə silahlı qrupları belə yaradılmışdır. Onlar rəsmi hakimiyyətin devrilməsi və cəfərilik təliminə dayanıqlı hakimiyyət qurulması iddiasını gizlətmirlər də. Son günlər Bəhreyn polisi İraq, İran və Livanda xüsusi təlimlər keçmiş həmin terrorçu qruplardan xeyli adam həbs etmişdir.
Proseslərin belə bir məcrada davam etməsini qəbul etməyən Qərb yönümlü körfəz dövlətləri — Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Səudiyyə Ərəbistanı və Qətər bir araya gələrək Orta Doğuda cəfərilik hərəkatının qarşısını almağa çalışırlar. Onlar Bəhreyn dövlətini fəsaddan qorumağa çalışırlar. Tehran rejimi isə iddia edir ki, bu torpaqlar Sasanilər çağında olduğu kimi İrana birləşdirilməlidir.
Son illər Fələstin, Küveyt, Livan, İraq, Suriya, Yəmən və digər müsəlman ölkələrində İran tərəfindən yaradılan və dinamik şəkildə hərəkətə gətirilən «Hezbollah», «HƏMƏS», «Ceyşullah», «Cundullah», «Mehdi Ordusu», «Amal», «Əl Vəfa», «Əl Həqq» və digər radikal islamçı cəfəri təşkilatları bir tərəfdən siyasi, ideoloji, digər tərəfdən isə terror yolu ilə mövcud rejimləri dəyişdirmək yolunu tutmuşlar. İran cəfərilik adı altında Bəhreynlə yanaşı, Qətərdə silahlı çevriliş etmək, onlarda hakimiyyəti ələ almaq və körfəz üzərində nəzarətini üstün səviyyəyə qaldırmaq istəyir.
İraqda məzhəblərarası konflikt və cihad
İraqda əhalinin böyük əksəriyyəti əhl-əl-sünnəyə mənsubdur. Onlar İranın daim İraqın daxili işlərinə müdaxiləsinin, şiəməzhəblərin yaşadığı ərazilərə iddialarının qarşısını almaq üçün cihadı məqbul hesab edirlər. İraqda uzun müddətdir şiəliyin ən radikal və barışmaz qolu hesab olunan mütəziliyə qarşı daha qəddarcasına davranılır. Hər zaman şiələrin əsas silahı rasional siyasətə söykənməklə sofuluq təbliğatı olmuşdur. Bu da öz növbəsində ərəb, türkman və kürdlər arasında şiəliyin daha geniş mənada yayılmasına rəvac vermişdir. Son 40 ildə İraqda ərəb milliyyətçiliyi şiəliyə qarşı ən böyük dirəniş siyasəti olaraq görülürdü.
Hazırda bir tərəfdən ərəb milliyyətçiliyi, digər yandan isə əhl-əl-sünnə siyasətinə önəm verilməklə İraqı parçalanmaqdan xilas etməyə, bu ideyalar altında ərəblərin konsolidasiyasına çalışırlar. Bununla yanaşı, əhl-əl-sünnə ideyası tərəfdarları arasında da bir sıra problemlər yaranmaqda, hətta daha dərin çatlara səbəb ola biləcək proseslər getməkdədir. Bu, ənənəvi əhl-əl-sünnəyə sadiq olanlar və inkişaf etməkdə olan sələfilik arasında özünü göstərir. Son bir neçə ildə İraqda baş verən terror olaylarının əsas səbəblərindən biri də budur.
Müsəlman Qardaşlar və cəfərilər yenidən üz-üzə
Pakistan, Livan, Suriya, İsrail, Bəhreyn, Yəmən, İraq və digər dövlətlərdə siyasi mənada və həm də təşkilatlanmış şəkildə Müsəlman Qardaşlar və cəfərilər üz-üzə dayanmışlar. Bununla da idarə olunan silahlı toqquşmalar, terrorlar, ərazi iddiaları ortaya çıxmışdır. Livanda druzlar faktiki olaraq istənilən hakimiyyətlə koalisiyaya belə daxil olmuşdur. İndi isə onlar iddalarını daha da böyütmək yolunu tutmuşlar. Bu da Livan üzərindən Fələstin siyasətini nəzarətə almaq deməkdir.
Pakistanda ismaililər bu ölkə üzərindən İrana olan bütün təhdidlərin qarşısını almaq üçün Tehran tərəfindən səfərbər olunmuşlar. Odur ki, əhl-əl-sünnə tərəfdarları və onların radikal gücünə çevrilmiş sələfilər məcbur olaraq ismaili təriqətinə qarşı barışmaz mövqe nümayiş etdirirlər.
İndiki halda Bəhreyn, Suriya, Küveyt, Livan, Qətər və digər ölkələrdə durum belədir. Yəni, Orta Doğunun iki böyük ideoloji islamçı gücləri savaş meydanlarında üz-üzə qalmışlar. Cəfərilik və ya ələvilik məsələsində heç bir problemin olmadığı məkan isə Türkiyədir. Çünki, bir tərəfdən etnik milli düşüncə tərzi, digər yandan isə dini (təriqət və ya məzhəb) mənasında dualizm inkişaf etdiyi üçün, hər hansı bir qarşıdurma və silahlı toqquşma, terror da yoxdur.
Soyuq savaşın yeni dalğası
Enerji daşıyıcıları ilə zəngin olan Orta Doğu ölkələrində müşahidə olunan proseslər, bir-biri ilə qanlı savaşlar aparan islamçı məzhəblər və təriqətlər Qərbin diqqətindədir. Əksər siyasi müşahidəçilər düşünürlər ki, cəfəriliyin bunca aktivləşməsi və onun daha da radikal mahiyyət daşımasının arxasında Çin və Rusiya, əhl-əl-sünnə və sələfiliyin cəfərilərə qarşı barışmaz mövqedə durmasının arxasında isə NATO dayanır. Hazırda Suriyada ilyarımdır baş verən vətəndaş savaşı buna örnək göstərilir. Hətta o da qeyd olunur ki, İranın fəal yardımı ilə Pakistan, Azərbaycan, Tacikstan, Əfqanıstan, Livan, Fələstin, Türkiyə, İraq, Yəmən və digər müsəlman ölkələrində cəfərliyin radikallaşmağı səbəbsiz deyildir. Ərəb Baharı inqilablarından sonra Orta Doğunun ən geniş ərazilərə malik olan və strateji mövqeyi daha üstün sayılan İrana beynəlxalq maraq artıb və bu hal Tehran rejimini bərk narahat etməyə başlamışdır.
İranın çevrəsində Qərb təsisatlarının yaratdığı «üzük halqası» Tehranı bərk qorxudur, bunun qarşlığında özünü xilas etmək, təhdidləri zərərsizləşdirmək üçün qonşu ölkələrdə cəfəriliyi körükləməkdən başqa yol görmür.
Beləliklə, Orta Doğuda təriqət və məzhəb savaşlarının coğrafi hüdudları böyüməkdədir. Hələ 1927-ci ildə Səudiyyə Ərəbistanı kralının belə bir qərarı olmuşdur ki, ölkədə cəfərilər ya vəhhabiliyi qəbul etməli, ya da xaric olunmalıdırlar. İndiyə kimi bu qərar qüvvədə qaldığı üçün İrandakı cəfəri teoloqları Ər Riyad hakimiyyətinə qarşı kəskin mövqedə durmuşlar.
«Human Rights Watch» təşkilatının hesabatında qeyd olunur ki, 2012-ci Pakistanda radikal şiə qruplarına qarşı silahlı mübarizədə 400 adam öldürülmüşdür. Hesabatda o da bildirilir ki, təkcə 2013-cü ilin yanvar ayı ərzində antiterror əməliyyatları zamanı qatı dindarlardan ibarət şiə qruplaşmalarından 165 nəfər öldürülmüşdür.
Müşahidələrə əsasən, Türkiyə üzərindən başlanılan islamçı siyasətdə qarşıdurmalar deyil, məzhəblər və təriqətlər arasında dialoq, birgə yaşayış təklifləri başlıca yer tutur və bunlar sadəcə Anadoluda tətbiq olunmuşdur. Digər ölkələrdə bu proseslər dözümsüzlük məcrasında baş verməkdədir.
Bəzi Orta Doğu siyasi çevrələri islamçı təriqət və məzhərlər arasında savaşların təqsirkarı kimi NATO-nu göstərsələr də, bu prosesin qarşısını almaq üçün heç bir təşəbbüs irəli sürməmişlər. İslamçı birliklərin tədricən silahlanması və onların radikallaşmasının səbəbini doğru-düzgün araşdırmadan bunun qarşısını almaq mümkün deyildir. Bunun üçün dövlət və vətəndaş cəmiyyətləri birgə çalışmalıdır. Bu gün Orta Doğuda təriqət və məzhələr arası dialoq çağırışları səslənmir. Dialoq isə mövcud böhranların həllində ən vacib faktorlardan biridir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 536