Orhan Ölməz Sima üçün yazdı
Məşhur bəstələrini xalq artisti Aygün Kazımovaya təqdim edən Türkiyənin tanınmış bəstəçisi Orhan Ölməzin daha bir yeni bəstəsi Sima Qasımovanın repertuarında yer alıb. Bu günlərdə İstanbuldan qayıdan sənətçi yeni xəbər haqqında danışıb. AYNAya bildirib ki, səfərində məqsəd Orhanla görüşüb onun üçün bəstələdiyi mahnı ilə tanışlıq olub.
«Yox, yox» adlanan mahnı ritmikdir. Orhanla əməkdaşlıq görüşündən məmnun qalan Sima vaxt itirmədən mahnını lentə yazdırıb. «Orhan bəylə əməkdaşlıq davamlıdır. Hələlik bu mahnı ilə eşidiləcəm. Qismət olsun, klip çəkilişi də düşünürük. Sonra yenidən repertuar təzələyəcəm» — deyə Sima onu məşhurlaşdıran daha bir mahnısından söz açdı.
«Publika məni əsasən «Ata» mahnısı ilə tanıdı. Uzun illər səslənməsinə baxmayaraq, hələ də tədbirlərdə o mahnıya tələbat var. Elə bu səbəbdən mahnını yeni və fərqli aranjemanda səsləndirəcəm» — deyə Sima bildirdi.