Orduda istismar və məcburi əmək problemləri
Neft gəlirlərinin kəskin artımı bir sıra sahələrdə olduğu kimi təhlükəsizlik və müdafiə sektorunda da sosial rifah tədbirlərinin gücləndirilməsi üçün münbit şərait yaradıb. Lakin ötən 5 ilin analizi göstərir ki, hökumət hərbi sektorda hərbçilərin sosial şəratinin yaxşılaşdırılması istiqamətində çox ləng tədbirlər həyata keçirilir və nəticədə Azərbaycan hərbçisi bu gün adekvat olmayan əmək haqqı, qanunların işləmədiyi mühit və mənzilsiz şəraitdə xidmətini aparmağa məcburdur. Bunlar azmış kimi, hərbçilərin xidməti çətinliklərinin qarşılanması, əlavə xidmət saatlarının ödənilməsi kimi sahələrdə də ciddi problemlər var. Eləcə də, hərbi qulluqçuların aidiyyəti olmayan sahələrdə işlədilməsi, məcburi əməyə cəlb olması kimi məlumatlar da yayılıb.
Qısası, müstəqil ekspertlərin fikrincə, Silahlı Qüvvələrdə məcburi əmək problemləri getdikcə özünü daha çox göstərir və aşağıdakı iki istiqaməti əhatə edir:
— Xidmət vaxtının, çətinliklərinin maliyyə baxımından qarşılanmaması;
— Hərbçilərin aidiyyatı olmayan sahələrdə çalışdırılması. Əslində bir qədər geniş miqyasda yanaşsaq, hərbi xidmətin, xüsusilə də mükəlləfiyyətli hərbi xidmətin özü məcburidir və sözsüz ki, orduda xidmət edən bir çox yüksək rütbəlilər mükəlləfiyyətli hərbi xidmət çərçivəsində hərbçilərin məcburi əməyə cəlb edilib edilmədiyini ayırd etməkdə çətinlik çəkə bilərlər. Amma hər şeydən üstün qanunvercilikdir və hərbi qanunlarda əsgərdən tutmuş generala qədər vəzifə və səlahiyyətlərin nədən ibarət olduğu aydın qeyd olunub. «Komandir həmişə haqlıdır» ifadəsindən tabelikdə olanların qeyri-qanuni, məcburi əməyə cəlb olunması üçün istifadə edən rəhbərlərin sözsüz ki məsuliyyətə cəlb olunması vacibdir.
XİDMƏTƏ ADEKVAT OLMAYAN MALİYYƏLƏŞDİRMƏ
«Doktrina» Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin məlumatına görə, hərbi qulluqçuların (söhbət zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçulardan gedir) qeyri-qanuni istismar olunması və onların gördükləri işin, xidmətin qarşılığının ödənilmədiyi müxtəlif istiqamətlər üzrə davam edir:
— Hərbi qulluqçuların xidmət saatlarından əlavə, eyni zamanda, istirahət günləri üzrə (o cümlədən naryadlara, növbətçiliyə cəlb olunma) məcburi xidmətə cəlb olunması halları geniş yayılıb və bunlara görə onlara hər hansı ödəniş həyata keçirilmir;
— Cəbhə xəttində xidmət edən hərbi qulluçular 24 saatlıq hərbi xidmət əvəzinə 16 saatın əmək haqqını alırlar. Söhbət üçqat əmək haqqı əvəzinə iki qat əmək haqqı verilməsindən gedir. 2005-ci ildə dəyişdirilmiş qanunvericilkdə belə nəzərdə tutulur. Amma 1998-2005-ci illərdə cəbhə xəttində xidmət edən hərbçilər o zamanın qanunvericiliyinə uyğun 3 qat məvacib almalı olduqları halda müdafiə nazirinin göstərişi ilə 2 qat alıblar və bu problem indiyədək həllini tapmayıb. O hərbçilər məhkəmələrə üz tutub öz hüquqlarını tələb edirlər. Ekspertlər bildirir ki, müdafiə naziri 7 il 2 ay ərzində (01.07.1998-cu il tarixindən 01.09.2005-ci il tarixinədək) Müdafiə Nazirliyinin döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrinin tərkibində hərbi xidmət keçən hərbi qulluqçuların haqqını kəsib, zabit və gizirlərin ailə büdcəsinə külli miqdarda ziyan vurub.
— Hərbi qulluqçulara xidmət zamanı verilməli olan məzuniyyət çox zaman verilmir və ya bu müddətin bir hissəsi kəsilir, eyni zamanda, istifadə edilməmiş məzuniyyət günləri əvəzinə hərbi qulluqçulara vəsait ödənilmir və istiqamətdə ciddi süründürməçilik mövcuddur;
— Hərbi qulluqçuların hərbi xidmət dövründə layiq olduqları geyim əşyaları ilə tam təmin olunmur və sonradan onlara bu vəsaitin ödənilməsində ciddi problemlər mövcuddur;
— Hərbi qulluqçulara aylıq kirayə üçün cəmisi 50 manat, aylıq qidalanma üçünsə 64 manata yaxın vəsait verilir ki, bu da çox aşağı göstəricidir;
— Hərbçilərin qanuna müvafiq şəkildə ordudan tərxis olunması və ya ehtiyata buraxılması istiqamətində tələb və istəkləri bir çox hallarda yerinə yetirilmir və hərbçilər məcburi şəkildə hərbi xidmətdə saxlanılır. Xatırladaq ki, əvvəllər zabitlər 5 il xidmət etdikdən sonra öz arzusu ilə ehtiyata buraxılması hüququna malik idilər, indi bu müddət 10 ilədək artırılıb.
— Xeyli sayda zabit pensiyaya çıxma ərəfəsndə müdafiə naziri tərəfindən imzalanmış əmrlər əsasında aşağı vəzifələrə keçiriliblər ki, onlar bunu qərəz və şəxsi ədavətlə əlaqələndirirlər. Bu hərbçilərin yüksək vəzifə maaşları nəzərə alınmaqla, pensiyalarının yenidən hesablanmasına yönəlik cəhdlərin qarşısı qərəzli şəkildə alınır.
Beləliklə, ekspertlərin fikrincə, qeyd edilən bu və digər hallar təhlükəsizlik və müdafiə sektorunda, xüsusilə də Müdafiə Nazirliyinin hərbi hissələrində hərbçilərin əməyinin istismar olunması, etdikləri xidmətə müvafiq ödənişlərin edilməməsi hallarının geniş yayıldığını göstərir. «Ehtiyatda və İstefada olan Zabitlər» İB sədri Yaşar Cəfərli bildirir ki, zabitlərin əmək haqqının 3 qatdan 2 qata keçirilməsi qanunsuz qərar olması səbəbindən məhkəmələrə müraciət edilib. «21 iş davam edir. Bunun biri uduşludur. Qalan qərarlarda iddialar hələ ki, təmin olunmayıb. Səbəb göstərirlər ki, guya müddət ötüb, gah da deyirlər ki, zabit döyüş bölgəsində olmasını sübut etməlidir. Artıq təmin edilməyən işlər Apellyasiya və Ali məhkəmələrə hazırlanıb göndərilib. Orada hakimlər bizə deyirlər ki, Müdafiə Nazirliyi göstəriş verib ki, iddialar təmin edilməsin. Öz hüquqlarını məhkəmələrdə müdafiə etmək istəyən zabitlərə qarşı da Müdafiə Nazirliyi tərəfindən mənəvi terror həyata keçirilir».
QANUNSUZ İŞLƏRƏ CƏLB OLUNMA
Son 10 il ərzində əldə olunan məlumatlar onu deməyə əsas verir ki, istər müddətli xidmət hərbi qulluqçuları olan əsgərlər və çavuşlar, istərsə də müddətdən artıq hərbi xidmət qulluqçuları, gizirlər və zabitlər xidmətləri müddətində öz məsuliyyət və səlahiyyət dairələrinə aid olmayan işlərə cəlb olunurlar. Son məlumatlar onu deməyə əsas verir ki, bir sıra hərbi hissələrdə əsgərlərin müəyyən hərbi vəzifəlilərin, xüsusilə də həmin əsgərlərin tabe olduqları komandirlərin şəxsi istəyi əsasında bu və digər hərbi və mülki işlərə cəlb olunması hadisəsi baş verib. Xususi olaraq bəzi hərbi hissələrdə əsgərlərin müxtəlif tikinti, təmizlik işlərinə cəlb olunmasına dair məlumatlar yayılıb ki, bu fəaliyyətlər əsgərlərin xidməti vəzifələrinə aid deyildir.
«Ehtiyatda və İstefada olan Zabitlər» İB sədri Yaşar Cəfərlinin fikrincə, Azərbaycan ordusunun Sovet ənənələri və qanunvericiliyi əsasında formalaşması səbəbindən hazırda əsgərdən ən ucuz əmək qüvvəsi kimi istifadə olunur. Y.Cəfərli qeyd edir ki, hərbi hissədən kənarda təsərrüfatla məşğul olmaq üçün əsgərlərin işlədilməsi ilə bağlı kifayət qədər faktlar vardır. Onun fikrincə, əgər əsgəri aparıb işlədirlərsə, hüquq-mühafizə orqanları bu faktla bağlı dərhal cinayət işi açmalıdır.
Qeyd edək ki, CM-də hərbi qulluqçuların qeyri-qanuni əməyə cəlb olummasını qadağan edən müddəalar mövcuddur. 341.1-ci maddədə nəzərdə tutulub ki, rəisin və ya vəzifəli şəxsin hakimiyyətdən və ya öz qulluq mövqeyindən sui-istifadə etməsi, hakimiyyət həddini və ya qulluq səlahiyyətini aşması, hakimiyyətdən qəsdən istifadə etməməsi, bu əməllər müntəzəm, yaxud tamahkarlıq məqsədilə və ya digər şəxsi marağa görə törədildikdə, habelə bu əməllər əhəmiyyətli zərər vurduqda iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 144-2.1-ci maddədə isə hədə-qorxu, zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə, habelə qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa şəxsin azadlığını məhdudlaşdırmaqla müəyyən işin yerinə yetirilməsinə (xidmətin göstərilməsinə) məcbur etmə iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Əsgərlərlə yanaşı zabit, gizir və müddətdən artıq hərbi xidmət qulluqçularının da öz xidməti vəzifələrinə aid olmayan işlərə cəlb olunmasına dair çoxsaylı məlumatlar gəzir. Misal üçün, bir neçə il əvvəl Beyləqan hərbi birləşməsinin zabitləri hərbi hissə daxilindəki bu və digər tikintilərə cəlb olunduqlarını və bunun üçün öz məvacib kartlarını tikinti materialları satılan dükanlara girov qoyduqlarını bəyan etmişdilər. Bu hadisədən görünür ki, hərbi hissələrdə təmir-tikinti işlərinin maliyyələşdirilməsi bir çox hallarda zabit və gizirlərin üzərinə qoyulur. Belə bir vəziyyətdə əlacsız qalan həmin hərbi qulluqçuların məvacib kartlarını müxtəlif satış obyektlərində girov qoymaqdan başqa əlacları yoxdur. Müşahidəçilər bu kimi halların çoxsaylı olduğunu bildirirlər və onların əksəriyyəti heç də mətbuata çıxmır.
Eyni zamanda, bir sıra hallarda hərbi qulluqçular (xüsusilə də əsgər və çavuşlar) hərbi hissələr daxilində tikinti işlərinə fəhlə kimi cəlb olunurlar. Bir sıra məlumatlara görə, belə hallar hərbi hissə rəhbərliyi üçün maliyyə baxımından əlverişlidir, ona görə ki, onlar təmir-tikinti üçün kənardan mülki usta və fəhlə gətirmirlər. Belə bir vəziyyətdə təmir-tikinti üçün ayrılmış vəsaitin necə xərcləndiyi, necə sənədləşdirildiyi sual altında qalır. Amma ekspertlərin fikrincə, Azərbaycan ordusunun hərbi hissələrində əsgər və çavuşların təmir-tikinti işlərinə cəlb olunması ilə bağlı əksər faktlar hərbçilərin məcburi, qeyri-qanuni əməyə cəlb olunmasından başqa bir şey deyil.
Növbəti bir hal «dedovşina» halının hərbçilərin, xüsusilə də əsgərlərin qeyri-qanuni məcburi əməyə cəlb olunmasında oynadığı roldur. Bir çox hallarda bir sıra əsgərlər qeyri-qanuni olaraq digər əsgərləri öz xidmət vəzifələrinin icra olunmasına cəlb edirlər. Eyni zamanda, əsgərlərin komandirlər və digər əsgərlər tərəfindən cəza olaraq müəyyən obyektlərin (tualet və yeməkxanaların) təmizlənməsi prosesinə cəlb olunması halları mövcuddur. Cəza olaraq bir sıra hərbçilərin xidmət saatlarından artıq xidmətdə saxlanılması kimi hallar da var.
NƏ ETMƏLİ?
Beləliklə, görünən vəziyyət onu deməyə əsas verir ki, bu gün hərbçilərin məcburi əməyə cəlb olunması ilə bağlı problemin iki başı var: birincisi, ayrı-ayrı komandirlər hərbçilərin qeyri-qanuni əməyə cəlb olunmasında maraqlıdırlar. İkincisi, hökumət hərbçilərə gördükləri işin müqabilində layiqli əməkhaqqı verməkdə maraqlı deyil. Beləliklə, iki istiqamətdə addımlar atılmalıdır: birincisi, hərbçilərin qeyri-qanuni əməyə cəlb olunmasına dair məsuliyyəti nəzərdə tutan cəzalar sərtləşdirilməlidir. İkincisi isə, hökumət hərbçilərin xidmətinə layiq əmək haqqı ilə təmin olunması barədə qərarlar qəbul etməlidir. Birincisində məsuliyyət Milli Məclisin, Müdafiə Nazirliyinin və Hərbi Prokurorluğun boynuna, ikincisində isə hökumətin boynuna düşür.
«Doktrina» Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin ekspertləri hesab edirlər ki, Azərbaycanda hərbçilərin pul təminatının, ödənişlərinin yeni qayda ilə hesablanmasını nəzərdə tutan xüsusi qanunvericilik aktının qəbuluna ehtiyac var. Bu hesablanmada xidmətin ağırlığı və hərbi qulluqçuların sosial rifahı nəzərə alınmalıdır.
«Əgər Azərbaycan Silahlı Qüvvələri NATO standartlarına keçirsə, onda xidmətin ağırlığının və qeyri-bərabər bölüşdürülməsinin əvəzi maddi qaydada mütləq ödənilməlidir. Bu baxımdan təklif edilən məsələlərdən biri 8 saat iş rejimindən artıq xidmət edən, müxtəlif növ döyüş növbətçiliyi çəkən, təlimlərdə iştirak edən hərbi qulluqçulara müxtəlif ödənişlərin verilməsi ilə bağlıdır. Hərbçilər bazar günləri xidmətlərinə görə də əlavə ödəmə ilə təmin olunmalıdırlar», — deyə «Doktrina» JHAM ekspertləri bildirir.
Ekspertlər onu da qeyd edir ki, hərbi hissələrdə təmir-tikinti, təmizlik, sürücülük işlərinə mülki şəxslərin cəlb olunması və onların fəaliyyətinin rəsmən maliyyələşdirilməsi hərbçiləri qeyri-qanuni, məcbur əməkdən müəyyən qədər xilas edərdi. Eyni zamanda, Hərbi Prokurorluq ayrı-ayrı hərbi hissələrdə şəxsi heyət daxilində münasibətləri aydınlaşdıran ardıcıl araşdırmalar həyata keçirməlidir. Xüsusilə də «dedovşina» kimi halların ləğvedilmə zərurəti ortadadır. Bütün bu proseslər nəinki orduda qeyri-qanuni məcburi əməyə cəlb olunma hallarını azaldar, eyni zamanda, əsgər ölümlərinin sayının aşağı düşməsinə gətirərdi.
Qeyd: Bu məqalə ATƏT Baki Ofisinin Azərbaycanda insan alveri və məcburi əmək problemlərinə həsr olunan jurnalist müsabiqəsinə təqdim olunur.