«Orduda islahatlar kağız üzərində aparıldı»
İctimaiyyətin marağında olan əsas məsələlərdən biri Silahlı Qüvvələrdə keçirilən islahatlarla bağlıdır. «Ordunun Aynası» əlavəsinin qonağı Təhlükəsizlik, Demokratiya və İqtisadi Tərəqqi («SeDEP») QHT-lər Koalisiyasının prezidenti, ehtiyatda olan polkovnik-leytenant Yaşar Cəfərlidir. Onunla söhbətimizdə hərbi islahatların durumunu və perspektivlərini aydınlaşdırmağa çalışdıq.
— Bu ilin sonunda Azərbaycanın NATO ilə razılaşdırdığı Fərdi Tərəfdaşlığa dair Əməliyyat Planının (İPAP) 3-cü mərhələsinin başa çatacağı bildirilir. Siz bu sənəd çərçivəsində keçirilən islahatları necə qiymətləndirirsiniz?
— Fikrimcə, indiyə qədər İPAP çərçivəsində əməkdaşlıq iki istiqamətdə davam etdirilib. Birincisi, ölkədaxili islahatlar, ikincisi, beynəlxalq hərbi əməkdaşlıq çərçivəsindəki işlər. Burada Azərbaycan hökumətinin marağı daha çox xarici dövlətlərlə, sülhməramlı tədbirlərin həyata keçirilməsi ilə əlaqədar ölkədənkənar işlərə yönəlib. NATO çərçivəsindəki sülhməramlı tədbirlər, o cümlədən Əfqanıstanın sabitləşdirilməsi ilə bağlı Azərbaycanın fəaliyyətləri daim NATO komandanlığı tərəfindən təqdirəlayiq hesab olunub və dəstəklənib. Amma rəsmi məlumatları kənara qoysaq, qeyri-rəsmi mənbələrdən də əldə olunan bilgilərdən hiss olunur ki, daxili islahatlar nöqteyi-nəzərindən Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri ilə NATO strukturları təmsilçilərinin fikirləri üst-üstə düşür. Daxildə çox az iş görülüb, baxmayaraq ki, çoxlu bəyanatlar var. Bəyantlardan biri də Azərbaycan ordusunun təşkilati-ştat strukturunun NATO standartlarına keçməsi, kadrların hazırlanması, hərbi təhsil sahəsində islahatlarla bağlıdır. Bunlar doğurdan da baş verib. Amma ümumilikdə islahatların nəticələri, Azərbaycanın bir dövlət kimi və yaxud Silahlı Qüvvələrin nə dərəcədə NATO standartlarına yaxın olması müəmmalı məsələdir.
— Bir zamanlar Azərbaycan rəsmiləri Silahlı Qüvvələrdə islahatların aparılması, bütün hərbi birləşmələrin NATO standartlarına uyğunlaşdırılma prosesi barədə açıqlamalar verirdilər. Bu prosesə müxtəlif yanaşmalar var. Bir yanaşma ondan ibarətdir ki, bu islahatlar aşağı səviyyədə başladı və yarıda dayandı. İkinci yanaşma ondan ibarətdir ki, ümumiyyətlə islahatlar görüntü xarakterlidir. Sizcə, doğurdanmı Silahlı Qüvvələrdə ciddi ştat-struktur islahatları aparıldı?
— Ştat-struktur islahatları kağız üzərində aparıldı. Bir sıra hallarda isə kağız üzərində aparılan islahatlar orduda tətbiq olundu. Amma bu işlər elə görüldü ki, şəxsi heyət, xüsusilə zabitlər islahatlardan narazı qaldılar. Bir növ bu islahatlar zabitlərdə, gizirlərdə, müddətdən artıq hərbi xidmət hərbi qulluqçularında qıcıq doğurmağa başladı. Yəni mənəvi nöqteyi-nəzərdən orduda İPAP çərçivəsindəki islahatların mənfi nəticələri oldu və bu səbəbdən hesab edirəm ki, orduda tətbiq edilən islahatların gözlənilən nəticələri ortada yoxdur. Bir misal çəkim: zabitlər təşkilati-ştat strukturları ilə əlaqədar bir vəzifədən digərinə keçirilərkən xeyli sayda hərbçi rütbəsindən, vəzifəsindən mərhum oldu, daha az əmək haqqı almağa başladı.
Eyni zamanda nəzərə almaq lazımdır ki, islahatlar aşağıdan yuxarı istiqamətində kompleks şəklində aparılmadı, mərhələ şəklində həyata keçirildi. Son nəticədə bu islahatlar əsas mərhələyə — müdafiə nazirinin mülki şəxslə əvəzlənməsinə gətirib çıxarmalı idi. Amma bu baş vermədi. Eyni zamanda bütün Silahlı Qüvvələr növlərinin, xüsusilə də Quru Qoşunları komandanlığının formalaşdırılması baş verməli idi, baş vermədi. Baş Qərargahla müdafiə naziri aparatının funksiyalarının bir-birindən ayrılma məsələsinə gəldikdə isə proses dayandı. Baxmayaraq ki, biz İPAP-in 3-cü mərhələsini yekunlaşdırmaq üzrəyik, bu işlər bu günə qədər başa çatdırılmayıb. Belə çıxır ki, sanki yarımçıq işlər görülüb və islahatlar başa çatdırılmayıb.
— Ümumiyyətlə, ordu idarəetməsində hansısa pozitiv nəticələrə nail olundumu? Yoxsa 2005-ci ildən başlanan İPAP çərçivəsində hansısa irəliləyişlərə nail olunmayıb?
— Ümumilikdə müəyyən pozitiv məqamlar var. Bu da ondan ibarətdir ki, sosial problemlərin həllində irəliləyiş oldu. Əgər əvvəllər bizim əsgərlərin həm ərzaqla, həm əşya ilə təmin olunmasında müəyyən problemlər vardısa, bu islahatlardan sonra bu məzmunda problemlər demək olar yox səviyyəsindədir. Bizdə bir sıra vəzifələrin müddətdən artıq hərbi xidmət qulluqçularla komplektləşdirlmə prosesi başladı. MN sistemini götürsək, artıq hiss olunurdu ki, yeni çavuş hazırlama sistemində bilavasitə əsgərlərlə işləyən manqa komandirləri, taqım komandirlərinin müavinləri səviyyəsində artıq müddətdən artıq hərbi qulluqçuların işə götürülməsi və vəzifələrə təyin olunması nöqteyi-nəzərindən idarəetmədə müəyyən irəliləyiş var. Amma sərhəd qoşunlarında və daxili qoşunlarda bu sahədə daha çox iş görülüb. Lakin zabitlərin yuxarı vəzifələrə çəkilməsində, növbəti rütbələrin verilməsində geriləmə oldu. Zabitlər bu yeniliklər çərçivəsində özləri üçün hansısa üstünlükləri görmədilər. Belə ifadə işlədə bilərəm: İslahatlar xaotik aparıldı. Həm orduda şəxsi heyət tərəfindən, həm də vətəndaş cəmiyyəti tərəfindən gözlənilən nəticələr göz önündə yoxdur. Bu islahatlar nəticəsində NATO ilə nə qədər yaxınlaşdıq? Bu islahatlar nəticəsində demokratik idarəetməyə nə qədər nail ola bildik? Bu islahatlar nəticəsində Silahlı Qüvvələrin gücü nə qədər artdı? Bu istiqamətdə xeyli suallar var. Xeyli məqamlar var ki, hələ də indiyə qədər hamımızı narahat edir.
Çox vacib məqamlardan biri demokratik idarəetmə prosesidir. Bu baxımdan bir neçə məqama toxunmaq istərdim. Təkcə onunla kifayətlənməyək ki, Müdafiə Naziri vəzifəsi mülki şəxslə əvəzlənməlidir, Baş Qərargahın funksiyaları Müdafiə Nazirliyi aparatından ayrılmalıdır. Əsas məqamlardan biri Müdafiə Nazirliyinin özünün Əsasnaməsinin olmaması ilə bağlıdır. İslahatların keçirilərkən bu boşluq da aradan qaldırılmadı. Hərbi qanunvericilk aktlarının təkmilləşdirilməsində irəliləyiş də çox cüzidir. Düzdür, müəyyən məqamlar var, amma biz bu 3 İPAP çərçivəsində daha yüksək nailiyyətlər əldə edə bilərdik. Və yaxud ordudakı rəhbər heyətin rotasiyası məsələsinə toxunaq. Bizdə korpus komandirləri 12-18 il öz vəzifələrində qalırlar. Təbii ki bu da müəyyən bir durğunluq formalaşdırır. Bu məsələdə həm müdafiə nazirinin özünün 18 ildən çox eyni vəzifədə olmasını, həm Baş Qərargah rəisinin 19 ildən çox eyni vəzifədə olmasını nəzərə almaq lazımdır. Onu da nəzərə almaq lazımdır ki, bu generallar sovet məktəbinin yetirmələridir və təbii ki, NATO standartlarının tormozlanmasında bu amil də müəyyən qədər rol oynayır.
— Korrupsiya və rüşvətxorluq, eyni zamanda büdcə planlaşdırılması və şəffaflıq. Bu istiqamətdə Silahlı Qüvvələrdə hər hansı irəliləyiş varmı? Çünki məlumata görə Azərbaycan-NATO əməkdaşlığı çərçivəsindəki islahatların bir qismi məhz büdcə şəffaflığı, planlaşdırma məsələlərini əhatə edir. Siz bu baxımdan nə düşünürsünüz?
— Fikrimcə, burada hər hansı bir irəliləyişdən danışmaq qeyri- mümkündür. Çünki hərbi büdcəyə ayrılan məbləğ ilbəil artır, amma hər hansı bir şəffaflığın şahidi ola bilmirik. Heç parlament üzvləri də bu istiqamətdə məlumatlı deyillər. Misal üçün onlar bilmirlər ki, 2013-cü il üçün ayrılmış hərbi təyinatlı 3,7 milyard dollar hansı sahələri əhatə edəcək. Hökumət bu barədə hər hansı açıqlama verməkdən imtina edir.
Orduda korrupsiya və rüşvətxorluğun olması ilə bağlı son vaxtlar daha çox məlumat yayılıb. Belə çıxır ki, aparılan islahatların bu baxımdan heç bir nəticəsi olmadı. Biz kiçik bir araşdırma apardıq. 2013-cü il üçün Müdafiə Nazirliyi yalnız iki sahə üzrə tender elan edib və bu rəsmi qəzetlərdə dərc olunub. Bu, tərəvəz və çörək məmulatlarının alınması sahələridir. Digər bütün sahələrdə böyük layihələr həyata keçirilir, xeyli sayda silah-texnikanın yeniləşdirilməsi üçün vəsait xərclənir, amma bu istiqamətdə heş bir tender elan olunmayıb. Yəni şəffaflıqdan danışmaq qeyri-mümkündür. Əksinə korrupsiyanın səviyyəsi artıb. Bunu da çox elementar səviyyədə müəyyən etmək mümkündür. Hərbi büdcənin kəskin artması korrupsiyanın kəskin artması ilə nəticələnir, ortada şəffaflıq yoxdur.
— NATO-nun təhlükəsizlik və müdafiə sektorunda korrupsiyaya qarşı mübarizə sahəsində səmərəli təcrübəsi var və bu təcrübə Şərqi Avropa ölkələrində uğurla sınaqdan çıxarılıb. Bir sıra məlumatlara görə, NATO tərəfi Azərbaycanda anoloji mübarizə üçün öz dəstəyini təklif edib. Amma indiyə qədər rəsmi Bakı bu təklifə hər hansı şəkildə öz münasibətini ortaya qoymayıb. Sizcə, Azərbaycan tərəfi bu beynəlxalq təkliflərdən yararlanmalıdırmı?
— Əgər qarşıda korrupsiyaya qarşı real mübarizə aparmaq və müəyyən irəliləyiş əldə etmək hədəfi varsa, təbii ki Azərbaycan bunda maraqlı olmalıdır. Amma ordunun bu günkü rəhbərliyi bunda maraqlı görünmür, əksinə, hiss olunur ki, ordu rəhbərliyi çalışır ki, elə əvvəlki struktur qalsın, hər şey qapalı qalsın, nə istəyirlər onu da eləsinlər. Əgər biz korrupsiyaya qarşı mübarizə aparmaq məqsədi güdürüksə, heç olmasa verilən təklifləri qəbul edərək müəyyən işlər görmək olardı. Baxın, bizim hökumət ordu üzərində mülki nəzarət məsələsindən yayınır. Ən vacibi, nə üçünsə parlamenti ordu üzərində nəzarət funksiyasından kənarlaşdırıblar. Təbii ki, belə bir vəziyyətdə ordu rəhbərliyi korrupsiyaya qarşı mübarizə aparmaq məqsədi güdə bilməz.
— İPAP çərçivəsində əksini tapan islahatların bir hissəsi vətəndaş cəmiyyəti ilə əlaqələrə həsr olunub. Bu xüsusda mətbuatla əlaqələrin qaldırılması, güc strukturlarının mətbuatla əlaqələrinə məsul olan şəxslərin bilik və bacarıqlarının təkmilləşdirilməsi kimi elementlər daxildir. Sizcə bu gün Azərbaycan güc strukturlarının mətbuatla əlaqələri nə səviyyədədir?
— Son illər bu sahədə geriləmə var. Bir neçə il öncə hardasa vətəndaş cəmiyyəti ilə əlaqələrin genişləndirilməsi istiqamətində müəyyən həvəs hiss olunurdu. Görürdüm ki, Müdafiə Nazirliyinin, Sərhəd Qoşunlarının, Daxili Qoşunların təmsilçiləri hansısa formada maraqlı görünürlər, dəvətləri qəbul edib tədbirlərə gəlirdilər, eyni zamanda mətbuat üçün bir neçə brifinq keçirmişdilər. Amma son 2-3 il ərzində bunlar yoxdur. Nəinki tədbirlərə gəlmək, vətəndaş cəmiyyətini dinləmək belə istəmir, əksinə KİV-ə qarşı bir basqı təşkil edirlər. Əsasən də Müdafiə Nazirliyi tərəfindən. Müdafiə Nazirliyi «Yeni Müsavat» qəzeti və digər qəzetlərə, qeyri-hökumət təşkilatlarına qarşı xeyli sayda məhkəmə iddiaları qaldırıb. Bununla yanaşı, Müdafiə Nazirliyi ordu üzərində ictimai nəzarət istəyən qeyri-hökumət təşkilatlarına, hərbi ekspertlərə, vətəndaş cəmiyyəti nümayəndələrinə qarşı cinayət işinin qaldırılması cəhdi göstərir. Bunun nəticəsidir ki, Silahlı Qüvvələrə Demokratik Vətəndaş Nəzarəti Mərkəzinin direktoru Ələkbər Məmmədov qondarma cinayətdən canını qurtarmaq üşün məcbur oldu ölkədən mühacirətə getsin. Maraqlısı budur ki, ölkə rəhbərliyi səviyyəsində daim tapşırıqlar, göztərişlər, sərəncamlar verilir ki, vətəndaş cəmiyyəti ilə daha çox işlənilsin, vətəndaş cəmiyyəti bütün proseslərə cəlb olunsun və dəfələrlə deyilir ki, vətəndaş cəmiyyəti bütün proseslərdə, xüsusilə ictimai nəzarətdə iştirak etməlidir, amma Müdafiə Nazirliyi sistemində bunun tamamilə əksi olur. Xatırlayırsınızsa, son vaxtlar, xüsusilə də bu ilin əvvəllərində Müdafiə Nazirliyi vətəndaş cəmiyyətinin narahatlığını çox kəskin reaksiya verib və çox adama basqı təşkil ediblər.
— Bəklə bunları tənzimləmək üçün xüsusi qanunvericiliyə və ya dəyişikliyə ehtiyac var. Ümumiyyətlə, hərbi qanunvericiliyin yeniləndirilməsi, NATO standartlarına uyğunlaşdırılması prosesi necə gedir?
— Ümumiyyətlə, bu barədə vətəndaş cəmiyyətinə az bilgi verilir. Hiss olunur ki, hökumət vətəndaş cəmiyyətinin ordu üzərində nəzarət üzrə bilgili olmasında maraqlı deyildir. Maarifləndirici tədbirlər, materiallar, aksiyalar yoxdur. Rəsmi dövlət saytlarında da məlumatlar çox azdır. İnsan haqlarının müdafiəsi sahəsində müəyyən işlər görülsə də, bütövlükdə Silahlı Qüvvələr üzərində demokratik vətəndaş nəzarəti üzrə hər hansı qanunvericilk aktı 20 il ərzində qəbul olunmayıb. Baxmayaraq ki, vətəndaş cəmiyyəti, eyni zamanda bizim ictimai birlik, şəxsən mənim tərəfimdən bununla bağlı dəfələrlə təkliflər irəli sürülüb ki, nəzarətlə bağlı xüsusi qanunvericilik aktı qəbul olunsun. Heab edirəm ki, Silahlı Qüvvələr üzərində ictimai nəzarət məsələsi tezliklə öz həllini tapmalıdır. Hələlik vətəndaş cəmiyyətinin, medianın ayrı-ayrı təmsilçiləri yalnız özfəaliyyət səviyyəsində ictimai nəzarəti keçirə bilir. Silahlı Qüvvələr üzərində mülki nəzarət istiqamətində parlamentin və məhkəmə orqanlarının fəaliyyəti isə bilinmir ki necə tənzimlənir. Məncə, NATO tərəfinin ən böyük yardımlarından biri məhz bu olardı ki, Silahlı Qüvvələr üzərində mülki nəzarətin tətbiqi barədə qanunvericilk bazaları örnəkləri Azərbaycan tərəfinə təqdim olunsun və imkan varsa bu, açıq mətbuat vasitəsilə həyata keçirilsin ki, bu barədə vətəndaş cəmiyyətinin də məlumatı olsun. Nə qədər ki bi belə qanunvericilk aktları qəbul etməmişik, real mülki nəzarətdən, vətəndaş cəmiyyəti nəzarətindən danışmaq mümkün deyil.
— Orduda itkilərin artması və bunun Müdafiə Nazirliyində kadr siyasəti ilə əlaqəsi… Sizcə, itkilərin bu qədər artmasının səbəbləri nədir?
— Şəxsi fikrim ondan ibarətdir ki, itkilərin bu qədər çox olmasının səbəblərindən biri — idarəetmədir. 18 illik müdafiə naziri, 19 illik baş qərargah rəisi, eyni zamanda uzunmüddətli ordu korpusları komandirləri reallığı idarəetmədə müəyyən bir durğunluq formalaşdırır, mənəvi-psixoloji gərginliyi artırır. Mənəvi- psixoloji gərginlik də bütövlükdə müdafiə nazirindən tutmuş axırıncı manqa komandirinə qədər mənfi təsir göstərir. Beləliklə, mən əsas problemi idarəetmədə görürəm. Təbii ki, ordu nizamnamələrlə, qanunlarla idarə olunan bir qurumdur, başqa cür də mümkün deyil. Amma orduda idarəetmədə bir avtoritarizm var. Heç bir kollegiallıq yoxdur. Qərarların qəbulunda, onların icrasında bir avtoritarizm var. Bir nəfər necə dedisə, səhv və ya düzgün olmasına baxmayaraq hamı onu icra etməlidir. Bu mənəvi-psixoloji gərginlik, eyni zamanda zabitlərin ilk növbədə mənzil təminatı ilə əlaqədar bir sıra hüquqlarının pozulması zabitlərin özündə hərbi xidmətə qarşı mənfi fikirlər, biganəlik, şəxsi heyətə qarşı qayğısızlıq formalaşdırır. Psixoloji nöqteyi-nəzərdən zabit belə düşünür ki, əgər mənim hüquqlarım pozulursa, mənə qayğı yoxdursa, mənə belə basqılar varsa, mən öz tabeliyimdə olana necə fərqli münasibət bəsləyim? Bu örnək yuxarıdan aşağı başlayır, manqa komandirinə qədər. Təbii ki burada başqa məqamlar da var. Biz unutmamalıyıq ki, Silahlı Qüvvələr döyüş şəraitindədir və burda doğrudan da psixoloji durumda bir gərginlik var. Ekstremal situasiyada xidmət zamanı bu gərginlik birə beş artır və daha çox hazırlıqsız vəziyyətdə gələn əsgərlərimiz təbii ki bu mənəvi-psixoloji gərginliyə dözmür, intihar edir və yaxud digər arzuolunmaz hadisələrin baş verməsinə səbəb olur.
— Son 6-7 ildə müdafiə xərcləri təxminən 10 dəfə artıb. Bu, hərbçilərin sosial rifahına müsbət təsir edibmi?
— Müəyyən mənada təsir edib. Xüsusilə zabitlərin, gizirlərin, müddətdən artıq hərbi qulluqçuların əmək haqlarının artırılması ilə bağlı nələrsə var. Eyni zamanda əvvəllər zabitlər məzuniyyətə gedəndə onlara əlavə müavinətlər verilmirdisə, indi verilir. Bu baxımdan müəyyən irəliləyiş var. Bundan əlavə, əvvəllər əşya-əmlakla bağlı ödənişlərlə əlaqədar zabitlərin, gizirlərin, müddətdən artıq hərbi qulluqçuların xeyli problemi var idi. İndi artıq əşya-əmlakla bağlı hər hansı problem yoxdur və kompensasiyalar da artıq ödənilib və əşya-əmlak da tam şəkildə verilir. Əsgərlərin də qida menyusuna müəyyən əlavələr edilib, aldıqları kalorinin səviyyəsi artıb. İndi bizim əsgərlər aylıq olaraq 125 manatlıq yeməklə təmin olunublar. Beləliklə, bu sahədə irəliləyiş haqda danışmaq olar.
Bununla belə xeyli problemlər qalır ki, bunları həll etmədən həyata keçirilən islahatlartda ciddi irəliləyiş mümkün olmayacaq. Bunun ən vacib məqamı kimi ilk növbədə zabitlərin mənzillə təminatıdır. Biz 1992-ci ildən zabit yetişdiririk. Təqribən hər il 600-700 zabit məzun olur, amma bir bina da tikmirik. Baxmayaraq ki, ölkə prezidenti 2011-ci ilin dekabrın 28-də fərman imzaladı və zabitlərin mənzillə təmin olunması üçün müəyyən tələblər irəli sürdü. Üstündən il yarım vaxt keçməsinə baxmayaraq zabitlərin mənzil təminatında ciddi irəliləyiş yoxdur. Bizim əldə etdiyimiz məlumata görə, cəmi 136 nəfər mənzillə təmin olunub. Amma bizim mənzillə təmin olunmayan zabitlərimizin sayı minlərlədir, 10 min nəfərdən çoxdur. Əgər ehtiyatda olanları da əlavə etsək, bu təxminən 30-40 min nəfər edəcək. Bu ciddi bir sosial problemdir ki, hərbi büdcənin artımı zamanı bu nəzərə alınmalıdır.
Ümumiyyətlə hesab edirəm ki, hərbi qulluqçuların sosial hüquqi müdafiəsini gücləndirmək üçün xüsusi dövlət proqramı qəbul olunmalıdır. Bu proqram olmadan biz ciddi irəliləyişlərə nail olmayacağıq, yalnız epizodik, ayrı-ayrı məqamlara diqqət yetiriləcək. Hökumətimiz də bu gün yalnız belə addımlara üstünlük verir, onun da ciddi nəticələri olmayacaq.