Ordu üzərində ciddi dövlət və vətəndaş nəzarəti olmalıdır
Bu günlərdə Nazirlər Kabineti hökumətin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»də dəyişiklik edib. Belə ki, əvvəllər ilkin hərbi uçota götürülərkən və ya hərbi xidmətə çağırılarkən, vətəndaşın hərbi xidmətə müvəqqəti yararsızlığı haqqında qərar 3 aydan 12 aya qədər olan müddətə çıxarılırdı. Bu müddət başa çatdıqdan sonra vətəndaş təkrar şəhadətləndirmə keçir və hərbi xidmətə çağırıla bilərdi. Bundan sonra isə sağlamlıq vəziyyətinə görə çağırışa möhlət 3 il müddətinədək, hər dəfə 1 ildən artıq olmamaq şərti ilə veriləcək. 3 ildən sonra, sağlamlıq vəziyyətindən asılı olaraq möhlət almış çağırışçılar, ya müddətli həqiqi hərbi xidmətə çağırılacaq, ya hərbi xidmətə yararsız hesab edilərək hərbi uçotdan çıxarılacaq, ya da dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçiriləcəklər.
Əsasnaməyə bir sıra digər dəyişikliklər də edilib. Məsələn, ilkin hərbi uçota götürülərkən və hərbi xidmətə çağırılarkən vətəndaşın şəhadətləndirməsini cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloqlarla yanaşı, dermato-veneroloq, psixoloqlar da keçirəcəklər.
İlkin hərbi uçota götürülmə üzrə komissiya sədrinin qərarı ilə ilkin hərbi uçota götürülərkən vətəndaşların hərbi-uçot ixtisasları üzrə hazırlanmasını həyata keçirən ictimai təşkilatlarda təhsil almağa, habelə onların nəqliyyat vasitələrini idarə etməyə yararlılığı müəyyən ediləcək. Vətəndaşların ilkin hərbi uçota götürülməsi üzrə komissiyanın, Çağırış komissiyasının və ya hərbi komissarın qərarı ilə vətəndaş diaqnozun dəqiqləşdirilməsi, yaxud müalicə məqsədi ilə dövlət səhiyyə müəssisələrinə ambulator və ya stasionar müayinəyə və müalicəyə göndəriləcək.
Ordudakı itkilərin sayı azalacaqmı?
Ekspertlər hesab edirlər ki, Hərbi-həkim ekspertizası haqqında Əsasnamədə dəyişiklik birbaşa olaraq son illərdə Azərbaycan Silahlı Qüvvələrində qeyri-döyüş itkilərinin kəskin artması ilə bağlıdır. Dəyişikliyi nəzərdən keçirdikdə, bəlli olur ki, əsas hədəf xəstəliklərdən, intiharlardan və avtomobil qəzaları səbəbindən ölümlərin sayını azaltmaqdır. Nəzərə çatdıraq ki, təhlükəsizlik və müdafiə sektorunda itkilərin əsas səbəblərindən biri də hərbi qulluqçuların sağlıq durumu ilə bağlıdır. Hərbçilərin bir qismi xidmət dövründə tutulduqları xəstəliklərdən dünyalarını dəyişirlər, bir qismi isə xidmətə xəstə halda çağırılması səbəbindən.
Ekspertlərin fikrincə, qaydalarda dəyişiklikləri nəzəri və praktiki baxımdan şərh etmək olar. İlk əvvəl nəzəri baxımdan şərh edək. Son illərdə hərbi xidmətə yararsız olan vətəndaşların lazım oldu-olmadı müayinədən keçirilməsi, onlardan rüşvət tələb olunması kimi xəbərlər çox yayılıb. Hərbi xidmətə yararsız olanların da əsgərliyə çağırılması ilə bağlı məlumatlar var. Adətən belə məlumatlar həmin əsgərlər ya dünyalarını dəyişdikdə, ya da xidmət zamanı ağır xəstəliyə düçar olduqda ortaya çıxır. Beləliklə, Əsasnamədə edilmiş dəyişiklikdən sonra belə çağırışçıların bürokratik əngəllər olmadan dinc dövrdə, hərbi xidmətdən azad olunmasının mümkünlüyü fikri formalaşır. Bu da sözsüz ki, orduda itkilərin sayının azalmasına gətirib çıxaran əsas amillərdən biri ola bilər.
Növbəti dəyişiklik çağırışçıların müayinəsində yoxlanılmasına dermato-veneroloq və psixoloqların da əlavə edilməsi ilə bağlıdır. Bunun özü bəzi ciddi mətləblərdən xəbər verir. Bəlli olduğu kimi, son 10 il ərzində Azərbaycan Silahlı Qüvvələrində, ümumilikdə müdafiə və təhlükəsizlik sektorunda intiharların sayı kəskin artıb. Hər il ordumuzda orta hesabla 1520 əsgər intihar edir. 5-10 əsgər isə intihara cəhd edir. Ortalama intiharlardan ölənlərin sayı ümumi itkilərin təxminən 20 faizini təşkil edir. Beləliklə, müayinəyə psixoloqların cəlb olunması əslində çağırışçıların psixoloji durumunu öyrənmək, problemlərindən agah olmaq məqsədi daşıya bilər.
«Doktrina» Mərkəzinin araşdırmaları göstərir ki, intihar hadisələrinin bir çoxu, əsgərlərin ilk xidmət dövlərinə təsadüf edir. Beləliklə, bir sıra vətəndaşların mülkidən hərbiyə gəlməsi onlarda psixoloji sarsıntılara səbəb olur və psixoloqların bu işə cəlb olunması da böyük ehtimalla həmin sarsıntıları üzə çıxarmaq və aradan qaldırmaq məqsədi daşıyır.
İlkin baxışa və müayinəyə dermato-veneroloqların cəlb olunmasının əsas səbəblərindən biri də yəqin ki, son illərdə dəri-zöhrəvi xəstəliklərə tutulmuş əsgərlərin sayının artması ilə bağlıdır. Bir çox əsgərlər belə bir xəstəliklə hərbi xidmətə çağırılır ki, sonradan hərbi xidmət zamanı bunun ağrısını çəkirlər. Belə bir xəstəliyə məruz qalmış əsgər bir çox hallarda xidmətə yararsız olur. Dəri-zöhrəvi xəstəliklər bir çox əsgərlərin xidmət dövründə ölümünə də səbəb olub. Daha bir diqqəti çəkən məsələ ilkin hərbi uçota götürülərkən vətəndaşların hərbi-uçot ixtisasları üzrə hazırlanmasının nəzərdə tutulması ilə bağlıdır. Xüsusilə də nəqliyyat vasitələrini idarə edəcək əsgərlərə prioritet verilməsi diqqəti əsas məsələyə yönəldir. Qeyd edək ki, orduda itkilərə səbəb olan əsas faktorlardan biri də avto-qəzalarla bağlıdır. Hər il bu səbəbdən 15-20 hərbi qulluqçu ölür, 30-40 hərbçi isə müxtəlif dərəcəli xəsarət alır. Beləliklə, aydındır ki, Azərbaycan ordusuna peşəkar sürücülər gərəkdir və Əsasnamədə buna işarə var.
Daha bir məsələ vətəndaşların, əsgərlərin müalicə üçün müxtəlif səhiyyə müəssisələrinə göndərilməsi ilə bağlıdır. Əsasnamədə bu istiqamətdə müəyyən prosedur dəyişiklikləri əksini tapır. Ötən illərdə əsgər ölümlərinin əsas səbəblərindən biri onlara lazımı anda lazımi tibbi yardım göstərilmədiyi, həkimlərin bacarıqsızlığı, lazım olan dərmanın tapılmadığı, şəraitsizlik və s. ilə bağlı olub. Beləliklə, hiss olunur ki, Nazirlər Kabineti bu problemi həll etmək, əsgərlərin Müdafiə Nazirliyinin və digər hərbi strukturların hospitallarında və tibb məntəqələrində ölüm hallarının qarşısını almaq istəyir.
Daha bir məsələ, hərbi qulluqçulara müalicə üçün verilən müddətin vaxtının uzadılması, hərbi xidmət zamanı sağalmaz xəstəliyə tutulan əsgərlərin ordudan tərxis edilmə prosedurunun yüngülləşdirilməsi ilə bağlıdır. Bütün bunlar əslində, orduda hərbçilərin xəstəliklərdən ölüm hallarının dayandırılmasına yönəldiyini ehtimal etmək olar.
Dəyişikliyin korrupsiya tərəfi
Praktiki yanaşmaya keçək. Edilən dəyişiklikdə korrupsiya və rüşvətxorluğun artmasına gətirib çıxaran məqamlar kifayət qədər çoxdur. Mövcud dəyişiklik (bir sıra hallarda konkretliyin olmadığı) əslində bəzi neqativ halların baş verməsinə imkanlar yarada bilər. Misal üçün, qeyd edilən dəyişikliklər çağırışçılara və əsgərlərə psixoloji durumlarına görə möhlət almaq imkanları yaradır. Beləliklə, ehtimal etmək olar ki, qeyd edilən sahə rüşvətin əsas mənbələrindən biri ola bilər. Və yaxud, çağırışçının xəstəliyinə görə hərbi xidmətdən azad edilməsi prosesdurunun nisbətən sadələşdirilməsi də, eyni zamanda, maraqlı şəxslər üçün yeni rüşvət imkanları aça bilər.
Beləliklə, Əsasnamədə edilən dəyişiklik onu deməyə əsas verir ki, ordu üzərində ciddi dövlət və vətəndaş nəzarəti olmasa, rüşvət və korrupsiyanın miqyası daha da artacaq, qeyri-döyüş itkilərinin sayı daha da çoxalacaq…