Muəllif:

Oqtay Babazadə: İnanıram ki, seriallar təmizlənə-təmizlənə öz axarına düşəcək

Bu gün heç bir ailəni televiziyasız təsəvvür etmək mümkün deyil. İnsanı qane edəcək televiziya müddəaları, inkişaf meylləri, bugünkü səviyyəsi barədə son vaxtlar daha çox danışılır. Mövqeyindən, səviyyəsindən, düşüncəsindən asılı olmayaraq, bu «dördbucaq qutu» barəsində hərənin öz subyektiv fikri var. Bəs ömrü boyu bu sahə ilə bağlı olmuş kinorejissor Oqtay Babazadə nə düşünür?
Axı uzun illər Dövlət Televiziyasında çalışmışdır. Deyir:

— Televiziyanın 3 funksiyası var — xəbərçilik, əyləncə və maarifçilik. Bu gün kompüter, texnika əsridir. Sanki hamı harasa tələsir. İnsanların bir çoxu şoulara meyl edir. Bu da gənclərin ümumi dünyagörüşünü dəyişir. Xəbərçilik bütün kanallarda pis-yaxşı qurulub. Amma maarifçilik az qala yox dərəcəsindədir. AzTV-də və İctimai Televiziyada bunlar var. Maarifçiliyin əsasında yaradıcı qüvvələr dayanır. Şou proqrama, xəbərlərə hamı istər-istəməz baxır. Amma maarifçiliyə gənc nəsil biganə yanaşır.

Məktəblilərə aid verilişlər bu gün telekanallarda yoxdur. Əgər bərpa edə bilsələr, bütün televiziyalar öndə gedər və baxımlı olar.

— Televiziya aparıcılarının təkmilləşməsi, ixtisas keçmələri barədə nə deyərdiniz?

— Aparıcılıq çox böyük sənətdir. Burada böyuk intellekt olmalıdır. Təəssüf ki, indiki aparıcıların əksəriyyəti az biliklidir. Çox da müsahibini dinləmək qabiliyyətinə malik deyillər. Bu da aparıcıların ən mənfi cəhətlərindən hesab olunur. Bu hal bəzən onları tamaşaçıların gözündə cılızlaşdırır.

-Bu günkü filmlərin ssenariləri barədə nə deyərdiniz?

— Yüzdən çox film çəkən rejissor kimi deyə bilərəm ki, yaxşı ssenarist demək olar yoxdur. Bədii filmdə ssenari möhkəm olmalıdır. Sənədli filmlər üçünsə bəzən ssenarist kiminsə haqqında portret yazır, elə bil qəzet üçün oçerkdir. Qəzetlə televiziya arasında fərq çoxdur. Ssenari yazan bilməlidir ki, mətn hansı təsvirin üstündə olmalıdır. 90 faiz sənədli film çəkən rejissor öz bildiyi kimi çəkir, sonra ona mətn yazılır. Amma belə olmamalıdır. Ssenari yazan şəxs qəhrəmanını yaxşı tanımalıdır. Onu süzgəcdən keçirib sonra ssenarini yazmalıdır. Kino çox bahalı sənətdir və onunla pul qazanmaq mümkün deyil. Çünki rejissor çəkdyi filmi televiziyalara təqdim etməlidir. Televiziyaya təqdim eləyəndə tanışıdırsa yaxşı pul yazır. Tanışı deyilsə deyir mənə lazım deyil. Televiziyalarda professionallardan ibarət bədii şura yaradılmalıdır. Rejissorların da filmləri professionalların əlindən keçməlidir. Vaxtilə hər musiqini və ifaçını televiziyaya buraxmazdılar. Hər bir nota, sözə də böyük bəstəkarlar, bədii şura nəzarət edərdi. Musiqilər və mətnlər nəzarət edildikdən sonra efirə buraxılırdı. Dünənki uşağın yazdığı mahnılar bu gün televiziyalardan düşmür.

— Artıq bir neçə kinoteat fəaliyyətini dayandırdı. Bunun aqibəti necə olacaq?

— “Azərbaycan” kinoteatrı, yenicə təmirdən çıxmış “Nizami” kinoteatrı bu baxımdan tələblərə cavab verə bilir. Bu gün kinoya gedən azdır. Çünki kinoteatrlar üçün avadanlıq çox bahadır. Biletlər münasib qiymətə olmadığından tamaşaçı kinoteatra gedə bilmir. Kinonu bərpa etmək üçün təşkilat lazımdır. Və elə filmlər çəkmək lazımdır ki, camaat həmin kino üçün növbəyə dayansın. Həm də insanlarda bir az tənbəllik var. Fikirləşirlər ki, geyinib kinoteatra gedincə, elə öz evimdə əyləşib televiziyadan baxaram. Ona görə də mentalilet və psixoloji faktordan başqa kinoteatrda həm də mühit gözəl olmalıdır. Seansdan əvvəl konsert təşkil olunmalı, yumşaq və rahat kreslolar tamaşaçıları özünə cəlb etməlidir. Filmlərin reklamı gözəl olmalıdır. İnanıram ki, kinotetarlar bərpa olunacaq, insanları rahat kreslolardan başqa həm də maraqlı filmlər özünə cəlb edə biləcək.

— Hesab edilir ki, Azərbaycanda serial çəkmək ənənəsi yoxdur.

— Ənənə illər boyu bu işlə məşğul olanda yaranır. Amerikada və bütün dünyada əvvəllər serial ənənəsi yox dərəcəsində idi. Amma yavaş-yavaş orada da serial ənənəyə çevrildi. Televiziyalar seriallar sayəsində qazanmağa başladılar. Türkiyədə gözəl seriallar çəkilir. Onların filmlərində yaxşı vəsait və baxımlılıq var. 10-20 il əvvəl Türkiyədə kinoya meyl edən, kino çəkən və başa düşən az idisə, indi Türkiyə kinosuna qoyulan pullar çox yüksəkdir. Onlar hansı sahəyə girişirlərsə istər futbol olsun, istər kino, teatr, biznes, turizm, bunu çox gözəl təşkil edirlər. Türkiyə seriallarını Meksika və Braziliya serialları ilə əvəz etmək olmaz. Çunki Meksika və Braziliya seriallarında ədəb qaydaları pozulur. Televiziya bunu ifşa etmək əvəzinə daha da təbliğ edir. Türkiyədə yayımlanan seriallarda isə ədəb qaydaları qorunur. Böyük məqsəd və ideya ilə bu işə girişirlər. Azərbaycan seriallarına gəlincə, burada ən əsas məqsəd saflıq, düzlük, təmizlik olmalıdır. Fırıldaqçılar ifşa olunmalı, yaxşılıq pislik üzərində qələbə çalmalıdır. Ssenari yazılandan sonra rejissor ssenarisi yazılmalıdır. Və rejissor, operator, rəssam ssenarinin üzərində işləyəndən sonra təsdiq olunmalıdır. Azərbaycanda da gözəl filmlər və seriallar çəkilməyə başlanılır. Bu ənənə artıq Azərbaycanda var. İnanıram ki, seriallar təmizlənə-təmizlənə öz axarına düşəcək.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 429