Muəllif:

«Onun mənim köməyimə ehtiyacı vardı» deyən amerikalı çocuq

Bu günlərdə katolik-xristianlar Pasxa bayramını qeyd edirdi. ABŞ prezidenti Barak Obama da o cümlədən. Həmin gün böyüklü-kiçikli 30 minə yaxın adam prezidentlərinə qonaq gəlmişdi. Və ev sahibi Obama qonaqlarının hər birinə diqqət ayırmaq üçün əlindən gələni etmişdi — böyüklərlə söhbətləşmiş, uşaqlarla isə həm oyun oynamış, həm də sonda onlara kitab oxumuşdu.
New-York Daily News həmin tədbirdən kifayət qədər geniş məqalə çap edib və baş verənlərin bir çox incəliklərinə qədər varıb, amma mənim diqqətimi qeyri-iradi olaraq bir məqam çəkdi və xeyli düşünməyə, hətta müqayisələr də aparmağa vadar etdi.
Nyu-Yorklu həmkarlarımız yazır ki, basketbol oynamağın vaxtı çatanda prezident Obama uşaqların hamısını bir sıraya düzərək onun topu səbətə sala biləcəyinə kimin şübhə etdiyini soruşur. Bir balacadan başqa hamı gülümsəyərək susmaqla «hər halda prezidentdir» düşünüb onun hədəfdən yayınmayacağını bildirir və… ABŞ kimi qüdrətli dövlətin başçısı nə qədər çalışırsa da, topu səbətə sala bilmir. Pərt olsa da, özünü o yerə qoymur. Meydançadan aralanır. Digər qonaqlara diqqət ayırdıqdan sonra, yenidən topu əlinə alır, amma bu dəfə onu 10 yaşlı Karon Kempbelə verir. Gözünə döndüyüm balaca da topu elə ilk atışdan səbətə salır və yalnız bundan sonra Obamanın da əli açılır. Dərhal jurnalistlərin diqqət mərkəzinə düşən balaca Karon Kempbel baş verənlərə necə izahat versə yaxşıdır, sizcə, əziz oxucu? Uşaq deyib ki, «ONUN MƏNİM KÖMƏYİMƏ EHTİYACI VARDI». Vəssalam. Bu, o deməkdir ki, ABŞ-da 10 yaşlı balaca belə artıq prezidentinə, yəni vətəndaşı olduğu ölkəsinə kömək etməyin məsuliyyətini anlayır və bununla belə, əksəriyyətin ümumi fikrinə rəğmən, həm də öz mövqeyini söyləməyə çəkinmir, çünki bunun üstündə cəzalandırılmayacağına tam əmindir, çünki başqa cür olsaydı, Amerika Amerika olmazdı. Başqa cür olsaydı, bu ölkə mənəm-mənəmlik etməzdi, başqa cür olsaydı, Obama topu balaca Kempbelə verməzdi…
Topun prezidentdən uşağa ötürülməsi bu ölkənin ənənəsidir, yaşlı nəslin cavanlara etimadı və ümididir. İnamıdır ki, qocalıb əldən düşəndə yerlərini tutmuş cavanlar onların rahat qocalığını və ölkənin gələcəyini təmin edəcəklər.
Bizdə isə tuthatutdur. Novruz bayramı ərəfəsində və sonra nə qədər ağzını açıb söz demək istəyən cavan varsa, hamısını süpürləyib salmışıq «qoduqluğa». Düşünürük ki, bu yolla onların gözünün odunu alıb susduracağıq. Amma susmurlar, elə hey sosial şəbəkələrdə yazışırlar, təşkilatlanırlar, daha da qəzəblənir, dirənirlər — hamıya və hər şeyə nifrət edir, düşmən kimi qavrayırlar. Böyüklərə inamlarını itirir, əbədi və danılmaz dəyərlərə belə şübhə ilə yanaşırlar. Böyük sözü artıq keçmir. Bizlərdən kimsə onlara top ötürmək istəsə, o topu alacaqlarmı, bizə kömək etmək istəyəcəklərmi?! Bu gedişlə çətin ağlım kəsir…
Ötən ayın son həftəsi bizdə də bayram idi — Novruz bayramı. Bizdə də prezident camaatla bayramlaşmağa çıxmışdı, həmişəki kimi. Həmişəki kimi yumurta da döyüşdürmüşdü və həmişəki kimi də udmuşdu. İllərdir, dostum Qulu Məhərrəmli demiş, Keçəllə Kosanın «yumurtası boş çıxır» və nə qədər ki, qabağa «yumurtası boş» keçəl və kosalar çıxacaq, o qədər də biz «Amerika» ola bilməyəcəyik…
[email protected]

Aynanın yeni köşə rubrikasından.

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (1 оценок, среднее: 8,00 из 10)
Oxunma sayı: 595