Onun falçıya cavabsız eşq macərasına anası qurban gedib…
Mingəçevir şəhər sakini, 20 yaşlı Əli Süleymanov 33 yaşlı Zaur Feyzullayevdən anası Rübabə ilə olan münasibətinə son qoymasını istəyib. , 2013-cü il yanvarın 22-də həmyerlisi Elçin İsmayılovla birlikdə Zaur Feyzullayevin yaşadığı Biləcəri qəsəbəsi, Vidadi küçəsi 2 ünvanının qarşısına gəlib. Həmin vaxt Əli və Elçin Zaur Feyzullayevlə dava edib. Dava zamanı Əli bıçaq çıxarıb və bundan qorxan Zaur evə qaçıb.
Dava zamanı səs-küyə Zaurun anası Ruqiyyə və qonşular gəlib. Ruqiyyə və qonşular dava edən gəncləri sakitləşdirməyə çalışıblar. Zaur evdən götürdüyü bıçaqla həmin yerə qayıdıb. Qorxuya düşən Əli və Elçin gəldikləri avtomobilə minərək oradan uzaqlaşmaq istəyiblər. Əli sürdüyü “VAZ 2104” markalı avtomobillə Ruqiyyə Feyzullayevanın üstündən keçib və avtomobilin altında qalan qadın hadisə yerində keçinib.
Əli Süleymanov CM 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) maddələri, Elçin İsmayılov isə C M 221-ci (xuliqanlıq) maddəsi ilə ittiham olunublar. Cinayət işinə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə Əli Süleymanov ifadə verib. O, elan olunmuş ittiham üzrə qismən təqsirli bilib. Əli Süleymanov deyib ki, mərhumu öldürmək niyyəti olmayıb. Onun sözlərinə görə, yanvarın 22-də, gecə saatlarında Elçin ilə birlikdə evdə olublar: “Həmin vaxt ev telefonuna zəng gəlib və zəngə anam cavab verib. Anam telefona cavab versə də, danışmadı və dəstəyi asdı. Təkrar zəng gələndə mən cavab verdim. Zəng edən Zaur Feyzullayev olduğunu bildim. Zaurla görüşüb, söhbət etmək istədiyimi dedim. Zaur evdə olduğunu və danışmaq üçün küçələrinə çağırdı. Mən də Elçinlə birlikdə onun dediyi yerə getdim”.
Əli Süleymanovun sözlərinə görə, Zaur Feyzullayev anasını narahat edirmiş: “Zaur anamı narahat etməməsi üçün tez-tez telefon nömrələrini dəyişdirdik. Amma o, yenə də nömrəni taparaq zəng edirdi. Zaur anamı da, bacımı da tanıyırdı. Amma onunla münasibətləri olmayıb. Anamı narahat etdiyi üçün polis bölməsinə şikayət etmişik. Polisə şikayət etməyimizə baxmayaraq Zaur anamı narahat etməkdə davam edib. O, hətta bacımın qabağını kəsərək ölümlə hədələyib. Mən də məsələni biləndən sonra həll etmək istəmişəm. Hadisə baş verən gün məsələni həll etmək üçün Zaurun evinə getmişəm. Həmin vaxt mübahisəmiz dava ilə nəticələndi. Səs-küyə Zaurun ailə üzvləri, qohumları və qonşuları gəldi. Təxminən 20 nəfərə qədər adam bizi mühasirəyə aldı. Zaur evə getdi və az sonra əlində bıçaq geri qayıtdı. Biz qorxuya düşərək gəldiyimiz maşınla qaçmaq istədik. Buna görə də maşına əyləşdik və oradan uzaqlaşdıq. Həmin vaxt Ruqiyyə Feyzullayevanın maşının altında qalmasından xəbərim olmayıb. Elçinlə birlikdə evə gəldik. Anamı və bacımı götürdükdən sonra xalamgilə getdik. Qorxumuzdan evdə qalmadıq ki, hücum çəkib bizi döyərlər”.
Əli Süleymanov anası ilə Zaur Feyzullayevin tanış olmasından danışıb: “Anam fala baxmaqla məşğul olub. Zaur da anası Ruqiyyə ilə birlikdə fala baxdırmaq üçün bizə gəliblər. Həmin vaxtdan Zaur anamla yaşamaq istəyib. Ruqiyyə də anama deyib ki, səndə dul qadınsan, Zaur səninlə yaşamaq istəyir. Anam həmin vaxt onlara rədd cavabı verib. Buna baxmayaraq Zaur anamı narahat etməkdə davam edib”.
Digər təqsirləndirilən Elçin İsmayılov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, deyib ki, Rübabə ilə Mingəçevirdə qonşu olublar: “Rübabə sonradan Bakıya köçüb. Buna baxmayaraq onlarla əlaqələrimiz itməyib. Ayda 2-3 dəfə Bakıya gəlmişəm. Bakıda qalmağa başqa yerim olmadığı üçün Rübabəgildə qalmışam. Hadisədən iki ay əvvəl Zaurla görüşmüşəm. Ona bildirmişəm ki, Rübabəni narahat etmə, ondan əl çək. Zaur isə mənim xəbərdarlığıma məhəl qoymayıb”.
Zərərçəkmiş Zaur Feyzullayevin sözlərinə görə, 2010-cu ildən Rübabəni tanıyıb: “Rübabə ilə 2011-ci ildən qeyri-rəsmi yaşamağa başlamışıq. Onunla birlikdə yaşamağımız üçün Göy məsciddə siğə də etmişəm. Siğə edəndən sonra Biləcəridə kirayə ev tutmuşam və Rübabə ilə bir yerdə yaşamışam”.
Zaur Feyzullayev deyib ki, Rübabə ondan 12-13 yaş böyük olub. Onun sözlərinə görə, 2012-ci ilin payızında Rübabə ilə münasibətləri korlanıb. O, münasibətləri pozulandan 3 ay sonra anasının ölümü ilə nəticələnən hadisənin baş verdiyini deyib: “Əli ifadəsində bildirib ki, guya onun anası ilə münasibətim olmayıb. Onun ifadəsi yalandır. Dəfələrlə onların evində olmuşam. Əli də məni evdə görüb. Rübabə Elçini tapandan sonra mənimlə görüşmək istəməyib. Münasibətimiz pozulandan sonra onlara zəng etməmişəm, heç vaxt hədə-qorxu gəlməmişəm. Hadisədən 2 ay əvvəl Rübabə Elçin adlı şəxsi mənim yanıma göndərdi. Elçin özünü polis leytenantı kimi təqdim etdi və Rübabənin qohumu olduğunu və onu narahat etməməyi tələb etdi. Elçinə dedim ki, Rübabənin bütün qohumlarını tanıyıram, onun bütün qohumlarının evində olmuşam, sən onun qohumu deyilsən. Həmin vaxt Elçin israrla tələb etdi ki, Rübabə ilə əlaqə saxlamayım”.
Ruqiyyə Feyzullayevanın hüquqi varisi Rauf Feyzullayev deyib ki, mərhum onun anasıdır. Anasının günahsız yerə öldürüldüyünü deyən Raufun sözlərinə görə, qardaşı Zaurla Rübabə bir müddət yaşayıblar. Rübabə Süleymanova Zaurla birlikdə yaşamadığını və onunla bağlı deyilənlərin həqiqət olmadığını qeyd edib: ”Zaur mənimlə yaşamaq istəyib. Amma mən onunla yaşamaq istəməmişəm. Ona demişəm ki, səndən 12-13 yaş böyüyəm. Zaur isə məhəbbətin yaşa baxmadığını deyib və israrla mənimlə yaşamaq istəyib. Zaur heç vaxt mənim evimdə olmayıb”.
Rübabə Süleymanov deyib ki, Zaurun kiçik qardaşı Rauf da onunla görüşmək təklifi edib: “Raufun təklifini də rədd etmişəm. Onun təklifini rədd edəndən sonra bildirdi ki, guya onun zövqünə uyğun deyiləm, yoxsa mənimlə görüşərdi. Hər iki qardaşla mülayim danışmışam. Mülayim danışmağımdan onlar istifadə ediblər”.
Məhkəmə dekabrın 26-da davam etdiriləcək.