Muəllif:

Onun bihuşedici saqaları

İstanbul

«Vaqneri anlamayan nasional-sosializmi də anlamaz»
Mein Kampf — A.Hitler

Opera binasına çox sayda ambulans çağırdılar. «Tangeyzer»in Berlindəki premyerasında tamaşaçıların halları xarab olmuş, bayılanlara, qorxudan sarsıntı keçirənlərə həkimlər müdaxilə etmişdilər. 2013-ün may ayındakı bu hadisə son zamanların ən olaylı mədəniyyət hadisəsi oldu.
Dahi alman bəstəkarı sənət nəzəriyyəçisi və opera reformatoru Rixard Vaqnerin (1813-1883) 200 illik yubileyi İsraildən başqa dünyanın dörd bir tərəfində geniş qeyd olundu. Ən təmtəraqlı tədbirlər təbii olaraq Vaqnerin vətənində keçirildi. «Tangeyzer» operasının premyerasında Bukhard Kosminski adında bir rejissor səhnədə «qanı su yerinə axıtdı». Onun quruluşunda Vaqnerin ən romantik operası şiddət, təcavüz səhnələri, qaz kameraları, fəryad və nalələrlə yadda qaldı.
Kosminskinin provokativ rejissor tapıntısı klassik variantda XIII əsrdə yaşayan, sevgi şeirləri yazan Tangeyzeri, ilahə Veneranı, nimfa və pajları Tyuringiyanın yaşıl cənnətindən çıxarıb, XX əsrə — faşist konslagerinə gətirir. Tangeyzer konslager nəzarətçisidir, yəhudilərə qarşı olmazın vəhşiliklər törədir. Bunlar səhnədə o qədər real, o qədər ürküdücüdür ki, alman qəzetləri ertəsi gün Vaqnerin nasional-sosialistlərlə, Hitler və III Reyxlə emosional-estetik bağını yenidən mühakimə etməyə başladılar…
XIX əsrdə Vaqnerin musiqisi almanları şahə qaldırdı, onun düşüncələri xalqına yenidən özünə güvənməyi öyrətdi. O, parçalanmış almanları, bölünmüş torpaqları birləşdirmək üçün kütlələri hərəkətə keçirtdi. Onun bəstələri Almaniyanı yenidən İmperatorluq yapan Böyük Alman Ruhunu canlandırmış, germanizmin yeni təkanverici gücü olmuşdur — «Musiqi düşünə bilməz, ancaq o, düşüncəni həyata keçirə bilər».
Mistisizmi, antisemit baxışları ilə isə alman milliyyətçi hərəkatına, xüsusilə də nasional-sosializmə böyük təsir göstərmişdir. Hitlerin ən çox sevdiyi bəstəkardır. Vaqnerin musiqisi bütün pafosu, təntənəsi ilə apokalipsisi — dünyanın sonunu xatırladır. Çünki o, ilhamı qədim alman miflərindən alır, bu miflərdə isə tanrılar əbədi deyillər, fanidirlər, onlar da insanlarla, Şərlə bərabər ölürlər. Ölərkən də qaranlıq bir nöqtəyə çevrilirlər, yenidən doğmaq, yeni həyata başlamaq üçün.
Hitlerin «Alman xalqının Böyük Vəzifəsi — Dünyaya hökmranlıq etmək» xəyalı ilə Vaqnerin fikirləri eyni idi. O, belə yazırdı — «Almanlar Böyük Almaniya üçün vardırlar. Bu, milli missiya deyil, bəşəriyyətə xidmətdir». III Reyxin ideoloqları onu qəhrəman sayırdı. Hitler isə mənəvi müəllimi haqda belə deyirdi — «Həyatımın hər mərhələsində mən Vaqnerə qayıtmışam».
Vaqnerin «əskisi tüstülüdür», yəhudilər onu musiqi tarixindən silmək üçün var güclə çalışırlar, İsraildə yasaqlıdır o. Halbuki «Musiqidə Yəhudilik» pamfletinin müəllifinin nasist baxışları onun publisistik yazılarındadır. Onun ilahi musiqisi ilə məqalələrini ayırmaq lazımdır. Bir də ki, Vaqner Hitlerin doğulmasından 6 il, III Reyxin elanından isə 50 il əvvəl vəfat etmişdi. Və ya XX əsrin ən böyük filosoflarından olan Martin Haydegger nasist partiyasının üzvü olduğuna görə onu inkarmı etməliyik? Nobel mükafatı laureatı, görkəmli norveç yazıçısı Knut Qamsun qatı nasist olduğu və dəfələrlə Hitlerlə görüşdüyü üçün yasaqlanmalıdırmı? Yoxsa Pinoçet və Frankoya heyranlıq duyan X.L.Borxesin kitablarınımı yandıraq?..
Yəhudilər dünyanın Vaqnerə «bəraət» verməsini qəbul etmir, onu qaralamaq üçün əlləşir, «Əbədi Vaqner»lə «ideoloqların istifadə etdiyi Vaqner»i ayırmırlar. Bu yaxında netdə gözüm təsadüfən Ukrayna yəhudilərinin saytındakı bir məqaləyə sataşdı — yenə də Berlindəki premyeradan yazırdılar. Yaşadıqları, suyunu içdikləri ölkədə isə milyonlar küçələrə çıxaraq Avropa dəyərləri uğrunda mübarizə aparırlar. Onlar isə hələ də öz «nifrətləri» ilə məşğuldurlar.
«Maydan» milli iradə ilə bir andaca «Evromaydan»a çevrildi. Milli özünüdərk kulminasiya nöqtəsindədir, xalq yumruqtək birləşib, həm də ciddi bir lider, ciddi bir təşkilatlanma olmadan. Ölkənin ən məşhur rok qrupu «Okean Elzı» bu ehtişama güc qatır. Şaxtalı bir Kiyev axşamında S.Vakarçuk günəşli sabah üçün oxuyurdu — «Веселi, брате, часи настали/Ми наближаэмось до мети» və ya «Що все буде добре/Для кожного з нас/Що все буде добре/Настане наш час».
F.Nitşe məqalələrindən birində «Vaqner-xəstəlikdir» yazmışdı. Gəlin Vaqneri dinləyək, faşizmi, leninizmi, stalinizmi, antisemitizmi dəhşətli bir kabus kimi unudaraq böyük bəstəkarın bihuşedici saqalarını dinləyək.
[email protected]

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (10 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 724