Onları Rusiyada kölə kimi işlədən indi özü qəfəsdə oturmuşdu
Azərbaycan vətəndaşlarını Rusiyada məcburi əməyə cəlb etməkdə təqsirli bilinən Səid İlyasovun cinayət işi üzrə məhkəmə başa çatdı. DİN İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan vətəndaşı, Qaradağ rayonu, Səngəçal qəsəbəsində pasport qeydiyyatında olan 46 yaşlı Səid İlyasov həbs edilib. Onun bir qrup şəxslə cinayət əlaqəsinə girərək Azərbaycan vətəndaşlarını Samarada məcburi əməyə cəlb etməsi faktı müəyyən edilib.
Səid, Rzabala və Əvəz İlyasov qardaşları insan alveri ilə pul qazanmaq qərarına gəliblər. Onlar kasıb ailədən olan azərbaycanlılara tikinti sektorunda iş təklif edib, onlar üçün xarici pasport və qatara bilet alıb, 2011-ci il dekabrın 10-da isə Samaraya aparıblar. Dəstədə hərənin öz vəzifəsi olub.
Məsələn, Oleq adlı bir nəfər ötən il noyabrın 23-də Ə. İlyasovu kölə gətirməsi üçün Rusiyadan Azərbaycana göndərib. Bir aydan sonra Əvəz Bakıya gəlib və Biləcəridə və 3-cü mikrorayonda “qul bazarı” adlandırılan yerə yollanıb. Ə.İlyasov orada 14 nəfəri taparaq onlara 500 ABŞ dolları məbləğində əmək haqqı və Samara vilayətinin Alekseyevka qəsəbəsində iş, yaxşı şərait vəd edib.
Dekabrın 10-da aldadılan azərbaycanlılar Alekseyevkaya gəliblər. Burada onları digər qardaş — Rzabala qarşılayıb və pasportlarını alıb. S. İlyasov fəhlələrə nəzarətçi kimi təqdim olunub.
Daha sonra həmyerlilərimiz kiçik bir otağa yerbəyer ediliblər və onlara qonşularla münasibət qurmaq qəti qadağan olunub. Elə həmin gündən 14 nəfər donuz damlarını kürüməyə və heyvanlara baxmağa başlayıblar.
Səidlə cinayət əlaqəsinə girən qardaşların — Rzabala və Əvəzin Azərbaycanın hüdudlarından kənarda olduğu üçün həbs edilmələri mümkün olmayıb. Hazırda hər iki şəxsin barəsində İnterpol vasitəsilə axtarış elan olunub.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə hələlik Səid İlyasov 8 il 6 ay müddətinə barmaqlıq arxasına göndərilib.