Ömürlük məhkuma “yox” deyildi
Çoxsaylı cinayətlər törədən və ömürlük azadlıqdan məhrum edilən Çingiz Paşayevin kassasiya şikayətinə Ali Məhkəmədə baxılıb. Bu barədə AYNAya məlumat verən ömürlük məhkumun vəkili Aida Tağıyeva bildirib ki, məhkəmə Çingiz Paşayevin ittiham olunduğu Rusiya və Gürcüstan Cinayət Məcəlləsinin maddələrini dəyişdirib.
Vəkilin sözlərinə görə, bu maddələr Azərbaycan Cinayət Məcəlləsinin maddələrinə uyğun tövsüf edilib və onun barəsində hökm çıxarılıb. Aida Tağıyeva bildirib k, Çingiz Paşayevin barəsində ölüm hökmü çıxarılsa da, 1998-ci ildə ömürlük cəza ilə əvəz edilib.
Vəkil onu da əlavə edib ki, müdafiə tərəfi Çingiz Paşayevin barəsində müddətli cəzanın təyin edilməsini tələb edir. Vəkil onu da qeyd edib ki, Ali Məhkəmə yekun qarını açıqlayıb. Buna görə də məhkəmə qərarından Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcəklər.
Çingiz Paşayev düz 22 ildir ki, həbsdədir. Xatırladaq ki, 1998-ci ildə ölüm hökmünün ləğvi nəticəsində ömürlük məhbusa çevrilmiş dustaqlar dəfələrlə Qobustan həbsxanasında aclıq aksiyası keçiriblər. Onlar cəzalarının 15 illik azadlıqdan məhrumetmə ilə əvəzlənməsini tələb edirlər.
Istintaq sənədlərinə görə, Çingiz Paşayev 1992-95-ci illərdə cinayətkar qrupun tərkibində fəaliyyət göstərib. Mütəşəkkil dəstənin üzvləri Azərbaycanda 1992-ci ildə Pivə zavodunun direktorunu qətlə yetiriblər. Mütəşəkkil dəstə üzvləri Rusiyada və Gürcüstanda çoxsaylı quldurluq cinayətləri törətdikləri üçün həbs olunublar.
Mütəşəkkil dəstənin üzvləri həbs olunandan sonra Azərbaycanda pivə zavodu direktorunun ölümü və bir çox başqa cinayətlərin üstü açılıb. Bundan sonra Çingiz Paşayev Azərbaycanda həbs edilib.