Olmasaydı dünyada axmaqlar…
Ankara
«Qanunlar hörümçək toruna bənzər, ancaq kiçik ağcaqanadları tutar. Böyük ağcaqanadlar gözünün qarşısında onu deşib keçər»
(Bencamin Franklin)
Ezopun bizim eradan əvvəl (b.e.ə.) VI əsrdə Frakiyada anadan olduğu ehtimal edilir. Tarixin atası hesab edilən Herodot yazır ki, Ezop Samos adasında yaşayan İadmon adlı birinin qulu olub. O, Misirdə hökmranlıq edən Çar Amasisin dövründə (b.e.ə. 570-526) yaşayıb və delfiyalılar tərəfindən öldürülüb. Heraklid isə yazır ki, Ezop frakiyalıdır və onun sahibi Ksanf olub.
Onun həyatı və ölümü ilə bağlı rəvayətlərin sayı-hesabı yoxdur. Biri mənim daha çox xoşuma gəlir. Deyilənə görə, uzun illər keçəndən sonra Ksanf dünya şöhrətli quluna azadlıq verir. Amma azad insan kimi yaşamaq Ezopa nəsib olmur. Rəvayətə görə, Ksanfın arvadı Ezopa aşiqmiş. Ezopun onları tərk edib getməsinin qarşısını almaq üçün qadın məbəddən qızıl qabı oğurlayaraq gizlicə onun çantasına qoyur. Sonra oğurluq barədə səs-küy qaldırır və itən əşyanı Ezopun çantasından tapıb çıxarırlar.
Məsələ ondadır ki, həmin dövrün qanunlarına görə, hər hansı bir qulu yalnız sahibi cəzalandıra bilərdi. Gözləri məhəbbətdən kor olmuş qadın düşünürdü ki, Ezop ölüm və həyat arasında seçərkən, qul kimi yaşamağa üstünlük verəcək. Ksanf Ezopa təklif edir ki, həyatını xilas etmək naminə məhkəmə qarşısında onun qulu olduğunu desin. Amma Ezop azad insan kimi ölməyi seçir.
Deyilənə görə, Ksanf Ezopu xilas etmək üçün hətta krala belə müraciət edir. Amma kral belə, qanunlar qarşısında aciz olduğunu bildirir.
Bir çoxları düşünə bilərlər ki, oxucuların diqqətini Ezopdakı sonsuz azadlıq eşqinə yönəldəcəyəm. Amma yaşım artıq 50-ni keçib. Bir qədər müdrikləşmək, gənclik radikalizmindəm və idealizmindən yavaş-yavaş imtina etməyin vaxtı çatıb. Düşünməyin ki, 20-25 il öncəkindən fərqli olaraq bu gün azadlıq mənim üçün uğrunda mübarizə aparılmasına dəyən bir dəyər deyil. Azadlığa bir dəyər kimi münasibətim dəyişməyib.
Amma bu 25 il ərzində daha bir haqiqəti anladım. Azadlıq Azərbaycan toplumunun mütləq əksəriyyəti üçün uğrunda mübarizə aparılmasına dəyən bir dəyər deyil. Belə olduğu halda isə nə kefli İsgəndər olmağa, nə də Sizif əməyi ilə özünü yormağa dəyər.
Bu rəvayətdə mənim diqqətimi çəkən başqa bir dəyər idi. Nə qədər əcaib səslənsə də, Ezopun edamı qanunun aliliyinin, «Şah qanun deyil, qanun şahdır» prinsipinin təntənəsi idi. Diqqətinizə çatdırım ki, söhbət iki min altı yüz il öncədən gedir. İndi isə keçək mətləbə…
Azərbaycan Xarici İşlər Nazirliyinin «arzuolunmaz şəxslər» siyahısında adı olan dünya şöhrətli müğənni Al Bano ölkəmizin İtaliyadakı səfirliyinə məktubla müraciət edib. Bu barədə XİN mətbuat xidmətinin rəhbəri Elman Abdullayev «Trend»ə bildirib.
Onun sözlərinə görə, müğənni müraciətdə adının «qara siyahı»da olmasından təəssüfünü ifadə edib. «Al Banonun adı Azərbaycan Xarici İşlər Nazirliyinin «arzuolunmaz şəxslər» siyahısındadır. İtaliyalı müğənni müraciətində ümumiyyətlə regionda mövcud olan problemdən, Ermənistan-Azərbaycan münaqişəsindən xəbərsiz olduğunu vurğulayıb və onun Azərbaycan Respublikasına böyük hörmət və rəğbət bəslədiyini bildirib. O, siyasi məqsəd güdmədiyini, bir musiqiçi olduğunu qeyd edib. Azərbaycana yenidən səfər etməyin onun üçün keçmişdəki kimi böyük şərəf olduğunu, gözəl Azərbaycan xalqına öz musiqisi və dərin ehtiramını təqdim etdiyini vurğulayıb. Azərbaycan tərəfinin onun bu şərəfə yenidən nail olmasına imkan verəcəyinə ümid etdiyini bildirib».
E.Abdullayev rəsmi Bakının Al Banonun müraciətinə baxacağını deyib.
«Bilirsiniz ki, Azərbaycan bu məsələyə çox ciddi və həssaslıqla yanaşır. Biz «arzuolunmaz şəxslər siyahısını» dərc edəndə də bəyan etmişdik ki, orda adı olan şəxslər işğal olunmuş ərazilərə səfərlərindən peşmançılıq keçirdiklərini və ölkəmizə hörmət və rəğbətlərini ifadə etdikləri təqdirdə, rəsmi Bakı həmin şəxslərin siyahıdan çıxarılması məsələsinə baxacaq».
Bu siyahı əbədi deyil. Al Banonun adının siyahıdan çıxarılması qərarına gəldikdə E.Abdullayev «XİN-in internet saytındakı siyahını izləyin»,- deyə bildirdi. Qeyd edək ki, dekabrın 18-də Bakıda San-Remo Festivalının iştirakçıları və qalibləri olmuş Al Bano, «Ricci e Poveri» qrupu, Rikkardo Folyi, Umberto Totsi, Toni Espozito, Pupo, Matia Bazar, Fiordaliso, İvana Spanya «Crystal Hall»da ilk dəfə çıxış edəcəklər.
Böyük ehtimalla Al Banonun adı «qara siyahıdan» çıxarılacaq. Al Banonu başa düşürəm. O, Bakıya gəlib fonoqramma altında «Felicita» mahnısını oxumaq üçün, daha doğrusu, dodaqlarını və əl-qolunu oynatmaq üçün ona veriləcək böyük qonorardan keçmək istəmir. Ona görə də istənilən yalanı deməyə, istənilən riyakarlığı etməyə hazırdır. Hətta vətəninə qayıdandan sonra Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi uğrunda mübarizə aparacağını da deyə bilər. Pulunun, yəni qonorarın məbləğinə minnət. Düşünürəm ki, oxşar fikirləri Qarabağda erməni konyakını içə-içə də dəfələrlə deyib. Al Bano və onun kimiləri başa düşmək çətin deyil. Bəs bizə və ermənilərə nə düşüb. Nədən onun kimilərin qarınlarını doldururuq. Allah Krılova rəhmət etsin. Nə olsun ki, o, xristiandır, mən isə müsəlman. Xristianlara da hərdən bir rəhmət düşür. Bu bir zarafatdır. Ciddiyə qəbul etməyin. Ciddi olanı isə Krılovun həm bizə, həm də ermənilərə çox yaraşan ölməz sözləridir: «Olmasaydı dünyada axmaqlar, ac qalardı, yəqin ki, yaltaqlar».
Yenə də soruşuram ki, bizə nə düşüb?! Belə getsə, o «qara siyahıda» bir adam da qalmayacaq. Hərəsi özünə bir «dayı» tapıb «tapşırılacaq». Yenə də soruşuram ki, nə üçün var gücümüzlə beynəlxalq aləmə qeyri-ciddi dövlət olduğumuzu sübut etməyə çalışırıq?
Axı XİN-in «qara siyahı»sına belə ehtiyac yoxdur. Heç olmasa qonşu gürcülərdən nümunə götürmək lazımdır. Orada işğal altında olan regionlara icazəsiz səfərlər Gürcüstan sərhədlərinin pozulması kimi dəyərləndirilir və bu addımı atanların hamısı cinayət məsuliyyətinə cəlb olunurlar. Axı hüquqi baxımdan Azərbaycan-İran sərhədini pozan qaçaqmalçı ilə yüksək qonorar naminə və ya digər səbəbdən Dağlıq Qarabağa səfər edənlər arasında heç bir fərq yoxdur.
Yəni Dağlıq Qarabağa icazəsiz səfər etmiş hər bir xarici vətəndaş cinayət məsuliyyətinə cəlb olunmalıdır. Bu haqda həmin şəxsə vətəndaşı olduğu dövlətin müvafiq strukturları vasitəsilə məlumat verilməlidir. Yəni həmin şəxsin cinayət məsuliyyətinə cəlb olunması üçün mövcud beynəlxalq hüquq normalarından və prosedurlarından istifadə edilməlidir. Əgər bütün bunlardan sonra həmin xarici vətəndaş Azırbaycana səfər edəcək qədər həyasız olarsa, sərhəddə həbs edilməlidir. Qanunlarımızın tələbi budur.
Etiraf etmək lazımdır ki, digər ölkələrdə də bu tip «qara siyahılar» var. Amma bu siyahılar bizdəki kimi hər hansı bir dövlət orqanının istəyi ilə deyil, qanun əsasında tərtib olunur. Bu siyahıya səfər zamanı cinayət xarakterli olmayan qanun pozuntularına yol vermiş xarici vətəndaşlar salınırlar. Bizdə isə «dayın» varsa, sənə zaval yoxdur. «Dayın» varsa, heç bir «qara siyahı»dan qorxmağa dəyməz. Olmaya Al Bano özünə Azərbaycanda «dayı» tapıb? Axı bu «dayı»nın Al Banonun «Crystal Hall»da «Felicita» mahnısının sədaları altında əl-qolunu oynadaraq yalandan ağzını yumub-açması nəyinə gərəkdir? Bəlkə bundansa özümüzə və qoyduğumuz qanunlara hörmət edək?..
[email protected]