Ölkəyə pirotexniki vasitələr gətirilməkdə davam edir: bir yol tapırlar
Bu günlərdə Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə Baş İdarəsi Əməliyyat İdarəsi və Aksiz gömrük İdarəsi əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında keçirdiyi birgə əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, «Nərimanov» metro stansiyası yaxınlığında Azərbaycan vətəndaşı Elxan Elman oğlu Abdullayev saxlanılıb və onun idarə etdiyi 10-GC-006 dövlət nömrə nişanlı «VAZ-21074» markalı avtomobilə baxış keçirilib.
DGK-dən «APA-Economics»ə verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin salonundan və yük yerindən avtomobildə sərnişin qismində əyləşmiş Azərbaycan vətəndaşı, 1988-ci il doğumlu Bakı şəhər sakini Rauf Məhəmməd oğlu Hacıyeva məxsus mülki dövriyyəsi məhdudlaşdırılmış, istifadəsi yüksək səs-küylə müşayiət olunan və insan sağlamlığına mənfi təsir göstərən xeyli miqdarda yaylım fişəngləri, pirotexniki və tezalışan mallar aşkar olunaraq götürülüb.
Daha bir fakt Bakı Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən aşkarlanıb. Əldə olunmuş əməliyyat məlumatı əsasında «İpək Yolu» Terminalında Qvasalia Revaz Mixayloviçin idarə etdiyi «Scania» markalı IAI 831/QZ 821 dövlət nömrə nişanlı avtomobilin üzərində Çindən daxil olmuş konteynerə gömrük baxışı həyata keçirilib və bu zaman Yük Gömrük Bəyannaməsində qeyd edilən oyuncaq yükündən əlavə, bəyan edilməmiş 87 540 ədəd müxtəlif adda fişənglər, 40 000 ədəd partlayıcı petarda və pirotexnik məmulatları aşkar edilərək götürülüb.
Bircə bəlli olmayan odur ki, bunlar ölkə ərazisinə necə daxil olub?..