Ölkəmizdə qanun elektron kitab oxumağı qadağan edir
Yeniyetmələrin kompüter oyunlarının aludəçisi olduğu nə valideynlər üçün yenilikdir, nə də müəllimlər. Uşaqların asudə vaxtının səmərəli təşkili sovetlər dağılandan problem olaraq çözülməyib. İndi kompüter əsridir, uşaqları kompüterlər, planşetlər, smartfonlar, internet oyunları maraqlandırır. Təəssüf ki, bu gün Azərbaycan təhsil sisteminin uşaq və yeniyetmələr üçün bu baxımdan maraqlı təklifləri yoxdur. Fikrimcə, məntiqi, təfəkkürü inkişaf etdirəcək, maarifləndirici, Azərbaycan tarixi, coğrafiyası, xarici dillərin öyrənilməsini asanlaşdıracaq yarış, müsabiqə tipli oyunlar, krossvordlar və s. yeniyetmələrin əksərinin maraq dairəsində ola bilər.
Kompüter oyunlarından danışırıq, amma unuduruq ki, heç kitabxanalarımız elektronlaşmayıb. Əslində yeniyetmə və gənclər elektron xidmətlərdən istifadə vərdişinə, elektron mənbələrdən kitablar tapıb oxumaqla yiyələnməlidirlər. Deyəsən, alternativlər təklif etmədən tələblər qoymağa öyrəşmişik…
Ölkənin ən böyük kitabxanası M.F. Axundov adına Milli Kitabxana da guya ki, elektronlaşıb. Amma qəribədir ki, müəllif hüquqlarının qorunması səbəbindən kitabları elektron versiyada oxumaq olmaz! Ancaq kataloq nömrəsini öyrənmək olar. Demə, «Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında» qanuna görə, kitabı elektron versiyada oxuyanda müəlliflərin hüququları pozulur, amma gedib kitabxanada oxuyanda yox. Görəsən, bəs dünya klassiklərinin hüquqları necə qorunur? Tolstoyun, Puşkinin və digərlərinin adlarını axtariş portallarında yazmaq kifayətdir ki, onlarla saytdan kitabı yükləmək, onlayn oxumaq mümkün olsun. Elə özümüzdə yaradılan kitabxana.net portalında da xeyli sayda elektron kitab yerləşdirilib. Lakin dövlətin kitabxanaları istisnadır.
Halbuki elektron hökumətə keçiddə yeni nəslin məhz bu xidmətlərdən istifadə vərdişinin formalaşması çox vacibdir. Bunu da onlara elektron kitabxanadan istifadə etməyi öyrətməklə aşılamaq olar.
Deməli, Azərbaycanda qurulan elektronlaşmada kitabxanaları formatda oxumaq olmaz, qanun buna icazə vermir. Yaxşı bunu keçdik, indi baxaq ki, elektron təhsil sistemimiz insanların həyatını necə asanlaşdırır. Nə qədər qəribə olsa da, Təhsil Nazirliyi elektron hökumət portalında cəmi-cümlətanı 3 elektron xidmət təklif edir: Diplom haqqında məlumatlar, buraxılış sinif şagirdləri haqqında məlumatlar, müəllim haqqında məlumatlar. Bəli, nazirlikdə hesab edirlər ki, valideyni övladının tutalım 5 saylı məktəbi bitirməsi, ona dərs deyən müəllimin həqiqətən həmin məktəbdə çalışmasını burada dəqiqləşdirməsi çox maraqlandırmalıdır. Amma məsələn, valideynlər bağçalara, məktəblərə qəbulun elektron formada olması ilə heç maraqlanmırlar. Onların hər həftə ümidlə bağçaya gedib yerin olub-olmamasını öyrənməsi, məcburiyyətdən direktora rüşvət verərək övladını bağçaya qəbul etdirməsi daha rahatdır. Halbuki təhsil sahəsindəki zəruri xidmətlərin elektronlaşdırılması valideynlə direktor arasında narazılıqları, məktəbə, bağçaya qəbul zamanı rüşvətxorluğu aradan qaldırardı.
Məlumat üçün bildirək ki, inkişaf etmiş ölkələrdə I sinfə qəbul, ərizə formaları təhsil müəssisələrinə elektron formada göndərilir. Azərbaycanda isə böyük bir nazirlik — mərkəzi icra hakimiyyəti hesab edilən Təhsil Nazirliyi vətəndaşa həqiqətən gərəkli olan xidmətləri elektron formada göstərmək gücündə deyil. Belə olan halda yerli icra hakimiyyətlərindən nə tələb etmək və yaxud necə tələb etmək olar?! Təəssüflər olsun ki, bu gün Təhsil Nazirliyi elektron-hökumət portalına xidmətlərin inteqrasiyası prosesində geridə qalan qurumlardan biridir. NK-nin Təhsil Nazirliyi üçün təsdiq etdiyi elektron xidmətlərinin sayı 8-dir. Amma nazirlik təsdiq edilən xidmətlərdən yalnız birini portalda təklif edir! Təhsil müəssisələrinin akkreditasiyası üçün müraciətin və sənədlərin qəbulu, ilk peşə ixtisas təhsili müəssisələrinə qəbul üçün müraciətin və sənədlərin qəbulu», «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyin müəyyən edilməsinin (nostrifikasiyası) onlayn yoxlanılması», «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı»na əsasən müraciətin və sənədlərin qəbulu», «Şagirdlərin təhsildə qazandıqları, cari nailiyyətləri əks etdirən məlumatların verilməsi» kimi vacib xidmətlərin heç birinə e-hökumət portalında rast gəlmək mümkün deyil. Nazirlikdə vəd edirlər ki, adları sadalanan bəzi xidmətlər cari ilin sonunadək istifadəyə veriləcək.
Maraqlıdır ki, TN-də digər nazirliklər kimi çox az istifadəçisi olan, hətta lazımsız xidmətləri www. e-gov.az saytına yerləşdirilib, ən çox istifadə edilən xidmətlər isə nəinki elektron hökumət portalında, hətta öz saytlarında yoxdur! Xeyli pul xərcləyib istifadə olunmayan bir xidməti elektrona çevirirlər. Halbuki mərkəzi icra hakimiyyəti orqanları həmin vəsaiti ən çox istifadə olunan xidmətlərə də qoya bilər.
Heydər Muradov hərbi sistemdə işə qəbul olunarkən müvafiq sənədlərin toplanmasına günlərlə vaxtının gedəcəyini, bəzi sənədlərin notarial qaydada təsdiqlənməsinə xeyli pul xərcləyəcəyini heç ağılına gətirməmişdi. Notariusda öyrənib ki, bakalavr və magistr diplomlarının hər birinin surətinin təsdiqlənməsinə 5 manat lazımdır. Əgər qiymət vərəqəsini də təsdiqlətmək istəyirsə, hər biri üçün 6 manat əlavə pul ödəməlidir. Beləliklə, iki diplomun qiymət vərəqi ilə birlikdə təsdiqlənməsinə 22 manat pul xərcləməli olub. Bu siyahıya şəxsiyyət vəsiqəsinin (5 manat), doğum haqqında şəhadətnamənin (5 manat) də surətinin təsdiqi üçün tələb olunan məbləği əlavə etsək, o, ümumilikdə 32 manat xərcləyib.
Halbuki elektron hökumətin qurulduğu bir vaxtda bu xərc olmaya bilərdi. TN elektron hökumət portalında diplom haqqında məlumatlar xidmətini təklif edir. İstifadəçi «Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi» və «Portal üzərindən verilən arayışların yoxlanılması» adlı elektron xidmətlərdən istifadə etməklə öz məlumatlarını istənilən ünvana göndərə bilər. Belə ki, istifadəçi «Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi» xidmətinə daxil olduqda ekranda istifadəçinin «FİN»-ə uyğun fərdi məlumatları əks olunur. «Portal üzərindən verilən arayışların yoxlanılması» xidmətindən istifadə etmək üçün PDF formatında olan elektron müraciətin ştrix kodu təqdim olunan boş xanaya əlavə edilir. Nəticədə ekranda istifadəçiyə aid fərdi məlumatlar əks olunur.
Əgər elektron hökumət mövcuddursa və o mövcuddur- www.e-gov.az, onda vətəndaş niyə dövlət qurumları arasında sənəd, arayış, kağız daşımalıdır ki?! Vətəndaş haqqında məlumat adiyyəti dövlət qurumlarının hamısında var. Ancaq dövlət strukturları arasında koordinasiya zəif olduğundan vətəndaş birindən digərinə sənəd aparmaq məcburiyyətində qalır. Ona görə də indi söhbət bir dövlət qurumundan digərinə sənəd aparmaqdan deyil, heç olmasa həmin xidmətləri daha tez və asan əldə etmək üçün elektron hökumət portalında olmasının vacibliyindən gedir.
Düşünürük ki, Təhsil Nazirliyindən gözləntilərimizin çox olmasında haqlıyıq. Əvvəla nazirlik uzun illərdir fəaliyyət göstərir, bəzi nazirliklər və dövlət qurumları kimi «yeni yaradılmışıq» kimi bəhanələrin arxasında gizlənə bilməz. Bundan başqa, yəqin ixtisaslı kadrları necə hazırlamaq lazımdır kimi məsləhətləri kənardan gözləmirlər. Doğrudur, dövlət qurumlarında elektronlaşmanı ləngidən səbəb kimi İT departamentləri, İKT ilə bağlı kadrları yoxluğu göstərilir. Axı bu ölkənin Təhsil Nazirliyidir, əgər bu nazirlik də kadr məsələsini ciddi problem kimi irəli sürərsə, necə illərdir ki, bunun həlli üçün özü və digər dövlər qurumları üçün sərfəli, qənaətli, sürətli mexanizm təklif etməyibsə, onda nəinki 2-3 xidmət təklif edən, heç etməyən nazirliklərin ünvanına bu məsələdə güldən ağır söz demək yerinə düşməz…
Sadəcə onu qeyd etmək yerinə düşər ki, təhsil sahəsində TQDK ən yaxşı elektron xidmətlər göstərən dövlət strukturudur desək yanılmarıq. Vətəndaşları maraqlandıra biləcək elektron xidmətlərin demək olar ki, hamısı bu portalda mövcuddur. Komissiya elektron hökumət portalında 12 elektron xidmət təklif edir.