Muəllif:

Ölkəmizdə qanun elektron kitab oxumağı qadağan edir


Yeniyetmələrin kompüter oyunlarının aludəçisi olduğu nə valideynlər üçün yenilikdir, nə də müəllimlər. İndi kompüter əsridir, uşaqları kompüterlər, planşetlər, smartfonlar, internet oyunları maraqlandırır. Təəssüf ki, Azərbaycan təhsil sisteminin uşaq və yeniyetmələr üçün bu baxımdan maraqlı təklifləri yoxdur. Fikrimcə, məntiqi, təfəkkürü inkişaf etdirəcək, maarifləndirici, Azərbaycan tarixini, coğrafiyasını, xarici dillərin öyrənilməsini asanlaşdıracaq yarış, müsabiqə tipli oyunlar, krossvordlar və s. yeniyetmələrin əksərinin maraq dairəsində ola bilər.
Kompüter oyunlarından danışırıq, amma unuduruq ki, heç kitabxanalarımlz elektronlaşmayıb. Ölkənin ən böyük kitabxanası M.F. Axundov adına Milli Kitabxana elektronlaşıb. Amma “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” qanuna görə, kitabı elektron versiyada oxuyanda müəlliflərin hüququları pozulur, amma gedib kitabxanada oxuyanda yox. Görəsən, bəs dünya klassiklərinin hüquqları necə qorunur? Tolstoyun, Puşkinin və digərlərinin adlarını axtariş portallarında yazmaq kifayətdir ki, onlarla saytdan kitabı yükləmək, onlayn oxumaq mümkün olsun. Elə özümüzdə yaradılan kitabxana.net portalında da xeyli sayda elektron kitab yerləşdirilib. Lakin dövlətin kitabxanaları istisnadır.
Yaxşı bunu keçdik, indi baxaq ki, elektron təhsil sistemimiz insanların həyatını necə asanlaşdırır. Nə qədər qəribə olsa da, Təhsil Nazirliyi elektron hökumət portalında 3 elektron xidmət təklif edir: Diplom, buraxılış sinif şagirdləri və müəllim haqqında məlumatlar. Bəli, nazirlikdə hesab edirlər ki, valideynlər bağçalara, məktəblərə qəbulun elektron formada olması ilə heç maraqlanmırlar. Onların hər dəfə ümidlə bağçaya gedib yerin olub-olmamasını öyrənməsi daha rahatdır. Halbuki təhsil sahəsindəki zəruri xidmətlərin elektronlaşdırılması valideynlə direktor arasında narazılıqları, məktəbə, bagçaya qəbul zamanı rüşvətxorluğu aradan qaldırardı.
Yeri gəlmişkən, inkişaf etmiş ölkələrdə I sinfə qəbul, ərizə formaları təhsil müəssisələrinə elektron formada göndərilir. Azərbaycanda isə böyük bir nazirlik – mərkəzi icra hakimiyyəti hesab edilən Təhsil Nazirliyi vətəndaşa həqiqətən gərəkli olan xidmətləri elektron formada göstərmək gücündə deyil. Belə olan halda yerli icra hakimiyyətlərindən nə tələb etmək və yaxud necə tələb etmək olar?! Təəssüflər olsun ki, bu gün Təhsil Nazirliyi elektron –hökumət portalına xidmətlərin inteqrasiyası prosesində geridə qalan qurumlardan biridir. NK-nin Təhsil Nazirliyi üçün təsdiq etdiyi elektron xidmətlərin sayı 8-dir. Amma nazirlik təsdiq edilən xidmətlərdən yalnız birini portalda təklif edir!
Maraqlıdır ki, TN-də digər nazirliklər kimi çox az istifadəçisi olan, hətta lazımsız xidmətləri www. e-gov.az saytına yerləşdirilib, ən çox istifadə edilən xidmətlər isə nəinki elektron hökumət portalında, hətta öz saytlarında yoxdur! Xeyli pul xərcləyib istifadə olunmayan bir xidməti elektrona çevirirlər. Halbuki mərkəzi icra hakimiyyəti orqanları həmin vəsaiti ən çox istifadə olunan xidmətlərə də qoya bilərlər.
Heydər Muradov hərbi sistemdə işə qəbul olunarkən notariusda bakalavr və magistr diplomlarının hər birinin surətinin təsdiqlənməsinə 5 manat, qiymət vərəqəsinin hər birinə isə 6 manat əlavə pul ödəyib. Beləliklə, iki diplomun qiymət vərəqi ilə birlikdə təsdiqlənməsinə 22 manat pul xərcləməli olub. Bu siyahıya şəxsiyyət vəsiqəsinin (5 manat), doğum haqqında şəhadətnamənin (5 manat) də surətinin təsdiqi üçün tələb olunan məbləği əlavə etsək, o, ümumilikdə 32 manat xərcləyib.
Halbuki elektron hökumətdə bu xərc olmaya bilərdi. TN elektron hökumət portalında diplom haqqında məlumatlar xidmətini təklif edir. Istifadəçi “Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi” və “Portal üzərindən verilən arayışların yoxlanılması” adlı elektron xidmətlərdən istifadə etməklə öz məlumatlarını istənilən ünvana göndərə bilər. Belə ki, istifadəçi “Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi” xidmətinə daxil olduqda ekranda istifadəçinin “FİN”-ə uyğun fərdi məlumatları əks olunur. “Portal üzərindən verilən arayışların yoxlanılması” xidmətindən istifadə etmək üçün PDF formatında olan elektron müraciətin ştrix kodu təqdim olunan boş xanaya əlavə edilir. Nəticədə ekranda istifadəçiyə aid fərdi məlumatlar əks olunur.
Əgər elektron hökumət mövcuddursa və o mövcuddur- www.e-gov.az, onda vətəndaş niyə dövlət qurumları arasında sənəd, arayış, kağız daşımalıdır ki?! Vətəndaş haqqında məlumat adiyyəti dövlət qurumlarının hamısında var. Ancaq dövlət strukturları arasında koordinasiya zəif olduğundan vətəndaş birindən digərinə sənəd aparmaq məcburiyyətində qalır. Ona görə də indi söhbət bir dövlət qurumundan digərinə sənəd aparmaqdan deyil, heç olmasa həmin xidmətləri daha tez və asan əldə etmək üçün elektron hökumət portalında olmasının vacibliyindən gedir.
Düşünürük ki, Təhsil Nazirliyindən gözləntilərimizin çox olmasında haqlıyıq. Əvvəla nazirlik uzun illərdir fəaliyyət göstərir, bəzi nazirliklər və dövlət qurumları kimi “yeni yaradılmışıq” kimi bəhanələrin arxasında gizlənə bilməz. Yəqin ixtisaslı kadrları necə hazırlamaq lazımdır kimi məsləhətləri kənardan gözləmirlər. Dövlət qurumlarında elektronlaşmanı ləngidən səbəb kimi İT departamentləri, İKT ilə bağlı kadrları yoxluğu göstərilir. Axı bu ölkənin Təhsil Nazirliyidir, əgər bu nazirlik də kadr məsələsini ciddi problem kimi irəli sürərsə, necə illərdir ki, bunun həlli üçün özü və digər dövlər qurumları üçün sərfəli, qənaətli, sürətli mexanizm təklif etməyibsə, onda nəinki 2-3 xidmət təklif edən, heç etməyən nazirliklərin ünvanına bu məsələdə güldən ağır söz demək yerinə düşməz…
Sadəcə onu qeyd etmək yerinə düşər ki, təhsil sahəsində TQDK ən yaxşı elektron xidmətlər göstərən dövlət strukturudur desək yanılmarıq. Vətəndaşları maraqlandıra biləcək 12 elektron xidmətin hamısı bu portalda mövcuddur.
Məqalə Multimedia Mərkəzi tərəfindən həyata keçirilən “Onlayn Medianın inkişafına dəstək” layihəsi çərçivəsində “Onlayn Media” müsabiqəsi üçün hazırlanıb.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 452