Muəllif:

Ölkəmizdə maliyyə savadlılığı üzrə vəziyyət bərbaddır

Son zamanlarda bütün dünyada əhalinin maliyyə savadlılığının aşağı səviyyədə olması ilə bağlı narahatlıqlar getdikcə artır. Maliyyə böhranının olması faktı isə ictimaiyyət tərəfindən maliyyə savadlılığının əsas həyat bacarıqlarından biri kimi dəyərləndirilir, maliyyə və iqtisadi sabitlik isə inkişafın vacib elementi kimi qəbul edilir. Vətəndaşların böyük bir qismi öz şəxsi büdcələrinə nəzarətdə və onu qənaət edərək idarə etməkdə çətinlik çəkməsi onların bu sahədə yetərincə bilik və bacarıqlarının olmadığının göstəricisidir. Bu sahədə biliklərin azlığı isə onların dövlətdən gözləntilərinin artmasına gətirib çıxarır.
Azərbaycan Mərkəzi Bankı, Dünya Bankı və İsveçrənin SECO təşkilatının dəstəyi ilə «Maliyyə Xidmətlərinin İnkişafı Layihəsi» çərçivəsində «Maliyyə Savadlılığı Sorğusu»nun nəticələri əsasında 2009-cu ildə keçirilmiş xüsusi araşdırmadan bəlli olmuşdur ki, paytaxt Bakıda əhalinin 66%-nin maliyyə savadlılığı orta səviyyədədirsə, kəndlərdə bu rəqəm cəmi 25%-dir. O da müəyyən edilmişdir ki, əhalinin 55.8% hesab edir ki, maliyyə xidmətlərindən daha geniş və effektiv istifadəni təmin etmək üçün maarifləndirici tədbirlərə böyük ehtiyac vardır. Əhalinin 62%-i maliyyə xidmətlərinin çətin olması, 70% əhalinin isə ümumiyyətlə bank hesablarının olmadığı bildirilmişdir. Məhz bu səbəbdən artıq uşaq və gənc yaşlarından maliyyə savadlılığı mövzusuna daha geniş aspektdən yanaşılmalı və erkən yaşlarından diqqət yetirilməlidir.
2010-cu ildən etibarən Ümidli Gələcək Gənclər Təşkilatı Təhsil Nazirliyinin, Mərkəzi Bankın, Paşa Bankın və Uşaq Sosial Maliyyə proqramı üzrə Əflatun Beynəlxalq Təşkilatının dəstəyi ilə Azərbaycanda tam orta məktəblərdə Sosial maliyyə təhsili üzrə lahiyəsinin icrasına başlayıb. Artıq maliyyə və iqtisadiyyat məsələlərinə dair 600-dən çox şagird üçün təlimlər təşkil edilmiş, pilot olaraq xüsusi dərnəklər və məktəb klubları yaradılıb. Həmçinin, 2013-cü ildə Bakı şəhərinin seçilmiş 20 tam orta məktəbinin 10-da «İqtisadiyyatın əsasları» və «Həyat bilgisi» fənnini tədris edən 200-dən çox müəllim üçün təlimlər təşkil edilib.
Uşaqların sosial və maliyyə təhsili ilə bağlı Ümidli Gələcək Gənclər Təşkilatı tərəfindən proqramın tərkib hissəsi olan tədris vəsaitlərinin bir hissəsi artıq Azərbaycan dilinə tərcümə və adaptasiya olunub. Lahiyənin əsas məqsədi gənc nəslin öz şəxsi büdcələrinin effektiv idarə etmələrinə, düzgün xərclənməsinə, onlarda qənaət, vərdişin inkişaf etdirilməsinə və uzunmüddətli planlaşdırmaya yönəltməkdir. Bu sahədə əsas istiqamətlərdən biri əhalinin və xüsusilə də, valideynlərin maariflənməsidir.
Uşaqlara bu gün maliyyə və sosial sahələrdə tədris keçərək onların yəni gələcəyin gənclərinin maliyyə təhlükəsizliyini yüksəldərək onları riskdən kənarlaşdıracaq, düzgün və düşünülmüş maliyyə qərarlarının qəbuluna sövq edəcəkdir. Maliyyə savadlılığının aşağı səviyyədə olması, şəxsi maliyyə sahəsində kifayət qədər məlumatın olmaması iflasla, borclarla, həyat şəraitinin pisləşməsi, sosial vəziyyətin ağırlaşması və ən son nəticədə ailənin dağılmasına, uşaqların internat müəssisələrinə düşməsinə, insan alverinə və s. Neqativ hallarla nəticələnə bilər. Həmçinin, müxtəlif sosial-psixoloji problemlərin, habelə depressiya, stress və digər şəxsi problemlərin yaranmasına da səbəb ola bilər. Araşdırmaların nəticəsi göstərir ki, gənc nəsil öz gələcəkləri üçün ümumiyyətlə vəsait yığmır və onu qənaət etmədən xərcləyir. Onu da nəzərə almaq lazımdır ki, bugünkü uşaqlar gələcəkdə maliyyə bazarının iştirakçıları, vergi ödəyiciləri, və əmanətçiləridir. Məhz, buna görə də, maliyyə savadlılığının artırılması, maliyyə və sosial biliklərin öyrədilməsi və mənimsənilməsi artıq təhsil sisteminin ilkin pillələrində və erkən yaşlarda başlamalıdır.
Dünyanın bir çox ölkə məktəblərində sosial və maliyyə təhsili, maliyyə savadlılığının tədrisinin təşkili ya müvafiq fənnlərə inteqrasiya olunmuş halda, bir sıra ölkələrdə isə sərbəst fənn kimi aparılır. Bu ölkələrdən Fransanı, Avstriyanı, Hollandiyanı, İtalyanı, Polşanı, Misiri və ABŞ misal gətirmək olar.
Qeyd etmək lazımdır ki, gənc nəslin maliyyə savadlılığının yüksəldilməsi sosial və iqtisadi effektivliyin tədricən müəyyənləşməsinə, hər bir insan üçün şəxsi maliyyə məqsədinə nail olmasına, gələcəyə inamla addımlamağa, iqtisadiyyatın və ümümilikdə cəmiyyətin rifah halının inkişafına səbəb olur. Maliyyə və sosial təhsil həm də Azərbaycan gənclərini gələcəyin maliyyə bazarının müşahidəçisi yox, aktiv iştirakçısına çevirəcək və ölkə iqtisadiyyatının daha da güclənməsinə imkan verəcəkdir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 422