Muəllif:

Ölkəmin adı…

Bilirsiniz, bir çox vətəndaş kimi məni də səviyyə sarıdan çox ağrıdan bu son teledebatda ağlımdan ilk olaraq nə keçdi? Ölkəmin adı… Problemlərimiz az imiş kimi, adını «siyasi partiya» qoyanların dillərinə doladıqları «Azərbaycan» sözü… Özümü təhqir olunmuş sandım. Necə edək ki, bu müqəddəs adı hər yoldan ötənin quraşdırdığı «partiya»ların uzun adlarından qopara bilək?..
Prezident seçkisi kampaniyası barədə bir şeylər yazmaq fikrim yox idi. Kimsə elə düşünməsin ki, kiməsə təbliğatçılıq, təşviqatçılıq edirik deyə. Buna ehtiyac da yoxdur, iddiaçıların hər birini yaxşı tanıyır, bilirik. Fəqət elə bir mühitdə yaşayırıq ki, bu kimi situasiyaları görüb bir kənarda qalmaq zor bir işə çevrilir. Çox şeylər üzərində düşünməli olursan. Çox şeylər bütün çılpaqlığı ilə üzə çıxır, gözünün önündə öz ağlınca əllaməlik edənlər var. Məcbur olursan…
Ölkəmi idarə etmək iddiasına düşən bəsit təfəkkürlü, primitiv davranışlı, debat mədəniyyəti «sıfır» qiymətə layiq, bu «baqajla» böyük bir xalqın qarşısına çıxmağa utanmayan, bizi heçə sayaraq bu kimi «nömrəyə» cəsarət edən, nə məram sahibi olduğu özünə də aydın olmayan bu bəlli tipajların nə dediklərini, demədiklərini bir kənara qoyaq. Bunlardan bir çoxunun «başını bəzəyib» ortaya çıxaran, bununla da millətə hörmətsizlik etmiş olanların hərəkətlərinə qiymət verməyi də «müəlliflərin» öz vicdanlarına buraxaq.
Doğulduğum kənddə bir müdrik ağsaqqal vardı — Zülfüqar ağa. Deyirdi, adamı tanımaq istəyirsən, ya onu içirt, ya vəzifə ver, ya da çoxlu pul. Özünü bildirəcək… Kişinin dediyi rakursdan hər şey üzdədir. hamısını dişimizə vurmuşuq. Odur ki, söylədikləri bizi maraqlandırmaz. Məsələ onsuz da əzəl başdan bəllidir. Bu məqamda yalnız ölkəmin adı… Bax buna göz yuma bilmirik.
Hər halda parlamentin payız sessiyası üçün bir ideyadır. Özü də özünə hörmət qoyan ölkələrin təcrübəsinə baxsaq, heç də pis ideya deyil. Qoy hakim partiya da bundan qorxmasın. Abreviaturada iki hərf, ikicə söz, Hüseyn Arif demiş, «bəsləridir», özü də pis səslənməz onlar üçün.
Bilənlər bilir — mədəni toplumlarda ölkənin adından istifadəyə həssas münasibət olur. Məsələn, siyasi partiyalar ölkənin adını öz partiya adlarında ifadə edə, bu adı istismar edə bilməzlər. Buna münasibət qanunlarda təsbit olunur. Necə deyərlər, siyasi qurum yaradırsan, ona özəl ad fikirləş, öz adınla ortaya çıx, ölkənin adını isə rahat burax. Bəlkə sən çirkin bir oyun oynayacaqsan, adın çirkin siyasi əməllərdə çəkiləcək, lütfən ölkənin adını bulaşdırma bu işə.
Qərbdə üzdə olan siyasi təşkilatların adlarına baxaq…
Tək siyasi partiyalarla iş bitmir. Ölkənin adına münasibət ali məktəblərin, elm mərkəzlərinin, teatrların, digər incəsənət mərkəzlərinin də adlarına şamil edilməlidir. Nə dəxli varmış ölkənin adının onların bəsit, ya qeyri-bəsit işlərinə?..
Adqoyma özü də bir mədəniyyətdir, gələnəkdir. Upuzun «ali məktəb» adları lap ət tökür — «Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası» kimi… İşə düşməmişik? Quruca «İdman Akademiyası» kimi yazılsaydı, nə olacaqdı ki? Yaxud «Azərbaycan Milli Akademik Dram Teatrı», ha hıqqınırlar ortada bir normal tamaşa yox, amma adın yekəliyinə və təmtərağına bax. «Azərbaycan Milli…», «Azərbaycan Dövlət…» ilə başlanan nə qədər digər adlar. Paho…
İnanın, uzun adlar qoymaq çox primitivdir. Tam rəsmi adı yadda saxlamaq o yana dursun, heç kəs bu qədər uzun adı tam demir. İndi qısa adlar, abreviatura əsri olduğundan bəlkə xəbərləri yoxdur. Deyəsən, belədir ki, var.
Bunlar heç. Başımızın böyüyü olmaq istəyən cənablardan biri ölkəmizin adını «Şimali Azərbaycan Respublikası» qoymaq təklifini səsləndirməklə bizi lap şaşırtdı. «Çünki azərbaycanlıların dörddə üçü Cənubi Azərbaycanda, İranda yaşayır»mış ona görə… Bilirsiniz, nə var? Bu məmləkətin daha ciddi problemləri barədə çıxış yolu göstərməyə qabiliyyət çatmayanda, yaxud söz demək cürəti olmayanda önəmsiz məsələləri — küçə və kənd-kəsək adlarını qabartmaqla gündəmdə yer almaq istəyənlər bizi rahat buraxsalar yaxşıdır. Bu ölkənin adının ən azı iki min il tarixçəsi var. Bu adı bu ölkəyə ulu dədəmiz Oğuz xan Savalan dağlarının ətəyində dügərgə salanda qoyub. Gedin Fəzlullah Rəşidəddini oxuyun. Rusca da var. 800 il öncə yaşamış bu böyük kişidən çoxmu bilirik?
Hər xalq bu «Azərbaycan» adını bir cür tələffüz edə bilər. Cəhənnəmə ki. Hansısa bir tarixçi fantaziyasına güc verib daha nələrsə doğa bilər. Bu da onun öz işidir və cəhənnəm olsun hamısı. Biz ulu dədəmiz Oğuz xanın qoyduğu adı tanıyırıq, biz türklərə onun sözü — qanun. Bura bir bütöv coğrafiyası ilə bir ölkədir — doğusu ilə, batısı ilə, güneyi və quzeyi ilə. «Şimal»ı və «cənub»u ilə yox, bunlar ərəb sözləridir, o xalqın solunu-sağını bildirir. Biz türklər solumuzu-sağımızı yaxşı tanıyırıq və öz sözlərimizlə adlandırırıq. Qoyun oturmuşuq oturduğumuz yerdə.
Hərə öz işini qoy öz adı ilə görsün, amma bu adın üstündə əsim-əsim əsək. Bu ad hamımızın pasportudur.
[email protected]

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 204