Ölən politologiyadır,
(Dövlətin və hakimiyyətin siyasi cəhətcə hazırlıqlı fikir və düşüncələrində güclü məntiqə söykənən politoloqlara ehtiyacı var)
Araşdırma materiallarına görə, XVIII əsr dünyaya insan hüququ verdi. XIX əsr insana siyasi azadlığı bağışladı. XX əsr insan üçün iqtisadi həyatın qapılarını açdı. (Bu əsr ingilis iqtisadçısı Devid Londonun fikrincə halalla-haramın biri-birindən ayrılması əsri olmalı idi, amma əksinə oldu).
XXI əsrə gəlincə, iqtisadi kəşfiyyatın əsasını qoyan general Stiven Men (ABŞ) iddia edir ki, bu əsr informasiya və məlumatlar əsiridir: «Hansı dövlət informasiya çoxluğuna hakimdirsə, o dövlət də, hakim olaraq qalır. Kimdə informasiya varsa, hakimiyyət də ondadır» — deyən S.Men əlavə edir ki, dünyanı dərk etmək üçün, siyasi idrak və düşüncələrdən doğan informasiyanı həyat fəlsəfəsinin, ümumiyyətlə fəlsəfə qanunlarının süzgəcindən keçirmək üçün XXI əsr ən gözəl məktəb olacaq. «Mən və eləcə də, mənim dostlarım Amerikada bu məktəbdə ən güclü və davamlı siyasət elmini (yəni, politologiyanı) və onun siyasəti ilə məşğul olan siyasətçilərini (yəni politoloqlarını) görmək arzusundayıq» — deyən generalın sözlərində həqiqət var. Maraqlıdır, «Azərbaycan Kompas əqrəblərində» necə görünür? Bizdə varmı politologiya? Varmı politoloq? Rusiya Federasiyasının Prezidenti V.Putin, Rusiyanın siyasi elitası ilə görüşündə xatırladırdı ki, sizin həqiqi və məntiqli, fakt və sənədlərə istinad olunmuş informasiya və məlumatlarınız daxildə və xaricdə Rusiyanın və mənim imicimi formalaşdıran ən güclü meyardır.
Məsələn, ABŞ politoloqunun açıqladığı və məlum etdiyi bir məlumatın oynadığı siyasi rolu xatırlayaq. ABŞ Konqresində əslən Küveytdən olan bir qızın ağlaya-ağlaya danışması hamını heyrətə saldı. O, İraq əsgərinin Küveytdə onun ailəsinə qarşı etdiyi zorakılıqlardan danışırdı. Bu məsələ bütün kanallarda translyasiya edildi. Politoloqlar isə bu hadisənin geniş şərhinə başladılar. Lakin, bir az sonra məlum olur ki, bu qız saxtakarlıq, hiylə və göz yaşı ilə hamını aldadır. Məlum oldu ki, o qız Küveytin ABŞ-dakı səfirinin qızı olub. Onun ailəsi heç bir zorakılığa məruz qalmayıb. Bütün bunların hamısı politoloji uydurmadan başqa bir şey deyildi. Və yaxud bu məsələni izah və şərh edən «Əl Cəzirə» telekanalının hər bir politoloqunun sözləri bəşəriyyət üçün nüvə silahı qədər dəhşətli idi. Məlumata görə, politoloqun bu şərhi «Ərəb baharı»nda müstəsna rol oynadı.
Araşdırma materiallarına görə, 1920-ci il müstəqilliyimizin devrilməsində, daha sonra qondarma Talış-Muğan Respublikasının qurulmaq cəhdində, Dağlıq Qarabağın işğalında və bugünədək qaytarılmamasında politologiya elminin və saxta politoloqların həqiqəti bilməmələrindən, düzgün məlumat və informasiyaları verə bilməmələrindən irəli gəlir.
Dövlətə, hakimiyyətə və millətə kömək etmək lazımdır, cənablar! Yalanı, şər və böhtanı buraxıb, həqiqətin ardınca gedən politoloqlara həmişə, hər vaxt ehtiyac olub.
Məsələn, vaxtilə Azərbaycanın teleməkanında «Lider» TV qədər siyasi qüdrəti və politoloji durumu güclü olan və məhz informasiyalarına görə həmişə diqqətdə qalan ikinci bir teleməkan yox idi. «Lider» TV artıq özünün politoloji institutunun bünövrəsini, əsasını qoyurdu. Məlumata görə, 2007-ci ilin sorğusuna əsasən, ölkənin ictimai-siyasi həyatı ilə, erməni məsələsi ilə, insanları, auditoriyanı düşündürən beynəlxalq problemlərlə bağlı verilən informasiya və məlumatlara görə «Lider» nəinki Azərbaycanda, eləcə də Qafqazda və Orta Asiya regionlarındakı teleməkanları arxada buraxırdı. Həmin ərəfədə «İzvestiya» qəzeti materiallarının birində qeyd edirdi ki, «Lider» TV öz ölkəsinin parlaq güzgüsüdür. Bəs indi? Hanı, o politologiya məktəbi? Hanı o politologiya? Nə baş verdi? (Vaxtilə məhz siyasi tutumuna, informasiya və məlumatların məzmununa, həqiqiliyinə, dəqiq və düzgünlüyünə görə Ümummilli liderimiz Heydər Əliyev «Lider» TV-nin işini yüksək qiymətləndirmişdi. Nə üçün «Lider»i misal çəkdim? Axı uman yerdən küsərlər. Çünki, mən də bir politoloq kimi məhz o məktəbdən çıxmışam…).
Fikrimcə, bu gün «Lider», «ATV», «Xəzər», «ANS», «İctimai TV», «Space TV»… cəmiyyətdə közərən və yaxud yaxın gələcəkdə sönüb keçən ocaqlar olacaq.
Araşdırma materiallarına görə, «Lider» TV-nin güclü rəhbərliyi və güclü kollektivi var. Amma o kanalda politologiya artıq yoxdur (oradakı bir-iki nəfəri çıxmaq şərti ilə). Maraqlı cəhətlərdən biri budur ki, təkcə «Lider» yox, eləcə də «Space», «ATV» telekanallarının politoloqları danışdıqları, bəhs etdikləri ölkələri tanımırlar və eləcə də, həmin ölkələrdəki ictimai-siyasi hadisələri düzgün mövqedən şərh edə bilmirlər. Məsələn, politoloqlardan biri iddia edir ki, İsrail İrana bomba salacaq (politoloq bunu 2010-cu ildə deyib. Hətta dəqiq tarixini deyib: «2010-cu il martın 17-də Təl-Əviv Tehranı dağıdacaq»). Və yaxud başqa bir politoloq iddia edir ki, Suriya prezidenti 2012-ci ilin iyun ayında öldürüləcək. Bir az da irəli gedərək iyun ayının 10-da baş verəcək hadisəni səbirsizliklə gözlədiyini bildirir. Başqa bir politoloq isə auditoriyanı ələ almaq üçün iddia edir ki, Ermənistan lap acından qırılır. (Amma həmin politoloq unudur ki, işğalçı Ermənistan zəbt etdiyi Azərbaycan torpaqlarından ildə təqribən 1.5 milyard dollar gəlir əldə edir…).
Politologiya baxıcılıq və ya falçılıq deyil. Politologiya möhtəşəm bir elmdir. Və bu elmin də öz siyasi çalarları var. Azərbaycanda elə bir mühit yaranıb ki, kim söz deyə bilirsə o, özünü politoloq adlandırır. Mətbuatımız bu istiqamətdə daha ağır günlərini yaşayır. Nə qədər təkrar, məzmunsuz dayaz şərhlər oxumaq olar. Nəticəyə görə həm mətbuat, həm də telekanallarımız öz auditoriyalarını itirir, dinləyicilər və yaxud tamaşaçılar çəkilib gedirlər. Araşdırma materiallarına görə, həm mətbuatda, həm də telekanallarda politoloqlar arasında qəribə bölgülər var. Məsələn, politoloqların birisi Amerikanı söyürsə, o birisi İranı söyür. Birisi Rusiyanı söyürsə, o birisi Türkiyəni söyür. Birisi İsraili hədələyirsə, o birisi İngiltərəni və Fransanı hədələyir və s…
Fikrimcə, bu nə mövqedir, nə də siyasət. Bu sadəcə politologiya elmində vurnuxmaqdan başqa bir şey deyil. Bu reanimasiyadan cəmiyyətə məktub təsəvvürünü bağışlayır. Politologiya ölkənin daxili və xarici siyasəti arasında bir körpüdür. Politologiya siyasi təfəkkürdür. Məsələn İsraildə, İranda və Böyük Britaniyada, Rusiya Federasiyasında və Çində, çox dil bilən insan uğrunda mübarizə aparılmır. Mübarizə iti düşünən güclü və qüvvətli beyinlər uğrunda gedir. Məsələn, türk generalı Yaşar bəyə görə, «Hansı ölkənin «beyin çəlləyi» çoxdursa, o ölkənin mətbuatı da gözəldir, oxunaqlıdır, televiziyası da, radiosu da güclüdür. Beyin çəlləyi olmayan və yaxud zəif olan ölkənin «barıt çəlləyi» çox olar. Şüursuz və səriştəsiz siyasətçilərlə bu barıt çəlləklərini partlatmaq həmişə mümkündür».
Məlumata görə, İngiltərənin, İranın, İsrailin xarici işlər nazirliklərində ABŞ-ın Dövlət katibliyi nəzdində «Xüsusi politoloqlar» hazırlayan məktəblər var. Həmin məktəblərdə də ölkənin ən məşhur və tanınmış politoloqları dərs deyirlər. Güclü məntiqə və böyük analitik qabiliyyətə malik politoloqların hörmət və nüfuzu həmişə yüksək olub. Ümumiyyətlə, məsələn, müstəqilliyimizin 20 ili bir yana, heç olmazsa bir ilini geniş şərh edən politoloq varmı? Şüşanı, Xankəndini, Laçını, Kəlbəcəri, Zəngilanı, Füzulini… tanıyan və orada bu gün nələrin baş verdiyini bilən politoloq varmı? Yoxdursa onda ölən kimdir? Politologiyadır, yoxsa politoloq?