«Ola bilər ziyalılarımızdan birini seçib onunla seçkiyə gedəcəyik”.
Bu gün Milli Şuranın Bayıldakı 20-ci sahədə yerləşən Sürücülük Məktəbinin həyətində Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış aksiyası keçirilib.
Aksiya saat 17.00-a elan olunsa da, 40 dəqiqə gec başlayıb.
Aksiyanı İbrahim İbrahimli aparıb, “Milli Şuraya dəstək” şüarları səsləndirilib.
Mitinqin açılışından sonra Eldəniz Quliyev Milli Şura sədri Rüstəm İbrahimbəyovun müraciətini səsləndirib. Daha sonra İsa Qəmbər, Eldar Namazov, Mirmahmud Mirəlioğlu, Əli Kərimli və başqaları çıxış ediblər.
Müsavat başqanı İsa Qəmbər deyib ki, hazırda Milli Şurada müəyyən problemlər var. O bildirib ki, R. İbrahimbəyovun Azərbaycana dönüb seçkidə iştirak etməsi üçün çalışacaqlar: “Ola bilər ki, Milli Şuranın sabahkı iclasında ziyalılarımızdan birini seçib onunla seçkiyə gedəcəyik”.
Mitinqin sonunda aksiyanın qətnaməsi oxunub. Aksiya insidentsiz başa çatıb.
Daxili İşlər Nazirliyi bu gün Bakıda keçirilən aksiyaya münasibət bildirib. Nazirliyin mətbuat xidmətindən APA-ya bildirilib ki, aksiya insidentsiz ötüşüb: “Bu gün özlərini Demokratik Qüvvələrin Milli Şurasını adlandıran təşkilat Bayıldakı 20-ci sahədə yerləşən sürücülük məktəbinin həyətində Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış aksiya keçirib. Aksiya insidentsiz ötüşüb. Aksiyanın keçirildiyi zaman ictimai asayişin və hüquq qaydasının kobud pozulması hallarına yol verilməyib”.