«Oğraş oğlu, çıx get!..»
Qəsdən adam öldürməyə cəhddə və xuliqanlıqda təqsirli bilinən «Veysəloğlu» MMC əməkdaşı Rəfael Şərifovun cinayət işi üzrə məhkəmə başa çatıb. Rəfael Şərifov «Veysəloğlu» MMC-nin Gəncə şəhəri üzrə satış təmsilçisi vəzifəsində işlərkən «Sərçə» bazarı adlanan yerdəki ərzaq malları mağazasına gəlib. O, firmaya məxsus mallara ehtiyac olub-olmamasını mağazanın sahibi Faiq Quliyevdən soruşub.
Bu zaman Faiq Quliyev firmanın ünvanına və onun özünə nalayiq söz işlətməsi səbəbindən aralarında mübahisə baş verib. Rəfael Şərifov baş vermiş şəxsi münasibətlər zəminində mübahisə zamanı yumruqla Faiq Quliyevin sol gözündən bir dəfə vurub. Faiq Quliyevə xəsarət yetirən Rəfael Şərifov ictimai yer olan bazarda ətrafdakı şəxslərin narahatlığına səbəb olub, ictimai qaydanı kobud surətdə pozub və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəfael Şərifov 3 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Bu hökmdən təqsirləndirilən şəxsin vəkili Əli Hüseynov apelyasiya şikayəti verib.
Hakim Elşad Bayramovun sədrliyi ilə keçirilən prosesdə vəkil Əli Hüseynov bildirib ki, ibtidai istintaq və işə baxan 1-ci instansiya məhkəməsinin Rəfael Şərifovun əməlinin hüquqi tövsifi ilə razılaşıb. O, bildirib ki, həmçinin məhkəmə tərəfindən təyin edilmiş cəza işin hallarına, hadisənin baş vermə səbəblərinə, təqsirkarın şəxsiyyətinə də uyğun deyil:
«İş materiallarından açıq-aşkar görünür ki, hadisənin baş verməsinin əsl səbəbkarı zərərçəkmiş şəxsin özü olub. Yəni, ilkin olaraq zərərçəkmiş şəxs Rəfael Şərifovu söyüb, sonra isə ilkin olaraq da onu sillə ilə vurub. Rəfael Şərifov «Veysəloğlu» MMC-nin satış təmsilçisi kimi bazarda mağazaları gəzib, onlara ərzaq malları paylayıb, MMC rəhbərliyinin tapşırığına əsasən mağazalarda olmayan ərzaq mallarının siyahısını tutub. O cümlədən də mağaza sahibi Faiq Quliyevdən ərzaq malları ilə bağlı söz soruşarkən sonuncu, həmin firmanın ünvanına nalayiq ifadələr işlədib və Rəfael Şərifova isə «oğraş oğlu, çıx get» deməklə onu təhqir edib. Buna baxmayaraq Rəfael Şərifov kiçik mübahisədən sonra ona etirazını bildirərək mağazadan çıxıb gedib, bu barədə MMC əməkdaşlarına məlumat verib. Əməkdaşlar mübahisəni yoluna qoymaq üçün Faiq Quliyevin mağazasına gəliblər, aradan 1-2 dəqiqə keçmiş Rəfael Şərifov da onların ardınca mağazaya gəlib. Rəfael Şərifov Faiq Quliyevdən onu təhqir etməsinin səbəbini soruşub. Faiq Quliyev onun sifətinə şillə ilə vurub, qarşılığında isə Rəfael Şərifov Faiq Quliyevin sifətinə yumruqla vurub. Həmin vaxt isə mağazada onlardan başqa heç kim olmayıb, heç bir xuliqanlıq hərəkəti olmayıb».
Vəkil çıxışının sonunda Rəfael Şərifova qarşı xuliqanlıq ittihamına xitam verilməsini, digər maddə ilə ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edib.
Rəfael Şərifov vəkilinin göstərdikləri ilə razılaşıb. Əlavə olaraq qeyd edib ki, əməllərindən səmimi peşmançılıq keçirir, hadisənin baş verməsi onun iradəsindən asılı olmayıb:
«Əməlimdə hüquqi tövsifi ilə razılaşmır və təyin edilmiş cəzanı ağır hesab edirəm. Baş vermiş hadisədə heç bir xuliqanlıq niyyətim olmayıb, heç bir xuliqanlıq hərəkəti etməmişəm. Zərərçəkmiş şəxsin atamın ünvanına «oğraş» deməsi və şillə vurması hadisənin baş verməsinə səbəb olub. Əsəblərimi cilovlaya bilməmişəm. Zərərçəkmiş şəxslə də dərhal barışmışam, onun müalicəsi ilə əlaqədar bütün xərclərini də çəkmişəm. Vəkilinin dedikləri ilə razılaşıram».
Prosesdə çıxış edən dövlət ittihamçısı Nəsif Nəcəfov apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq şikayətin təmin edilmədən, hökmün isə dəyişiklik edilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edib.
Hakim heyəti tərəfləri dinləyəndən sonra məhkəmənin qərarını açıqlayıb. Apellyasiya şikayəti təmin edilib və Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. Hakimlər Rəfael Şərifova təyin edilmiş cəzasını şərti hesab edib və onun məhkəmə zalından azadlığa buraxılması barədə qərar veriblər.