Oğlunun üstünə benzin töküb yandıran ata həbs olundu
Buzovnada 16 yaşlı gəncin üstünə benzin tökərək yandıran ata həbs olunub. Sentyabrın 10-da saat 01:30 radələrində Buzovna sakini Nəciməddin Əsgərovun yaşadığı evin qarşısında üstünə benzin tökülərək yandırılması və aldığı yanıqla bağlı xəstəxanaya yerləşdirilməsi faktına görə Xəzər polisində CM 126.2.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.
Xəzər polislərinin gördüyü tədbirlər nəticəsində cinayətin törədilməsində şübhəli bilinən N.Əsgərovun atası Aydın Mehdiyev tutularaq istintaqa cəlb edilib.
A.Mehdiyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Sentyabrın 14-də N.Əsgərov xəstəxanada vəfat etdiyindən həmin iş CM 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsinə tövsif edilərək istintaqın davam etdirilməsi Xəzər rayon prokurorluğuna həvalə edilib.