Oğlunun görüşdüyü qadını öldürən ataya 10 il cəza verildi
Bu il mayın 15-də Bərdə rayon sakini Adil Cəmilov 3-cü mikrorayon ərazisində yerləşən “Ağdam” kafesinə gəlib. Adil Cəmilov həmin kafeni işlədən 45-50 yaşlarında olan Könül adlı qadını baltalayaraq qətlə yetirib. Qadını baltalayan Adil Cəmilov polis əməkdaşları tərəfindən həbs edilib.
İstintaq müəyyən edib ki, Adil Cəmilovun oğlu Əli özündən yaşca böyük olan Könül Məmmədova ilə qeyri-rəsmi yaşayıblar. Adil Cəmilov oğlunu evləndirmək istəsə də, oğlu evlənməyə razı olmayıb və Könül Məmmədova ilə yaşamaqda davam edib.
Adil Cəmilov oğlu ilə münasibətlərinə son qoyması barədə dəfələrlə Könül Məmmədovaya xəbərdarlıq etməsinə baxmayaraq, qadının bu münasibəti davam etdirib. Qadın eyni zamanda Adil Cəmilovun mobil telefonuna nalayiq sözlərdən ibarət mesajlar göndərib. Qadının oğlundan əl çəkmədiyi və mobil telefonuna nalayiq sözlərlə SMS yazması Adil Cəmilovun bu cinayəti törətməsinə vadar edib.
Buna görə də balta ilə silahlanan Adil Cəmilov Könül Məmmədovanın işlədiyi “Ağdam” kafesinə gəlib. Kafedə qadınla yenidən mübahisə edən Adil Cəmilov ağır cinayətin törədilməsinə imza atıb.
Bu əməli ilə Adil Cəmilova CM 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb və cinayət işinin materiallarına baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Adil Cəmilov 10 il müddətinə azadlıqdan məhrum edilib.