Muəllif:

Nursultan Nazarbayev: «Bu rəqəm ölkələrimizin potensialını əks etdirmir»

Qoy, türk xalqlarının birliyi daha da möhkəm, türkdilli ölkələrin müstəqilliyi isə əbədi olsun — ağsaqqal siyasət adamı Nursultan Nazarbayev bunu arzu edir və hesab edir ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının nüfuzunun artırılması üçün təşkilatın institusional bazasını gücləndirmək lazımdır.

Bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Qəbələ şəhərində keçirilən sammitindəki çıxışında Qazaxıstan prezidenti Nursultan Nazarbayev deyib ki, bu məsələdə Şuranın Katibliyinin fəaliyyətindən çox şey asılıdır, bəzi sənədlərin təsdiqlənməsi prosesinin başa çatdırılması zəruridir.

Nazarbayev türkdilli ölkələr arasında iqtisadi əlaqələrin inkişafının vacibliyini də vurğulayıb: “Hazırda altı müstəqil türkdilli ölkə arasında ticarət dövriyyəsinin həcmi 1 trilyon 150 milyard dollar təşkil edir. Lakin bu rəqəm ölkələrimizin potensialını əks etdirmir. Biz iqtisadi münasibətlərimizi daha da gücləndirməli, ticarət dövriyyəsini artırmalıyıq”.

Qazaxıstan prezidenti ölkələrin iqtisadi gücünün artırılmasında prioritet hesab etdiyi sahələri də açıqlayıb: “Nəqliyyat və kommunikasiya sahəsinin inkişafı ölkələrin iqtisadiyyatının əsası gücünü təşkil etməlidir. Bundan başqa, təklif edirəm ki, turizm sahəsinin inkişafı üzrə işçi qrup yaradılsın”.

Nazarbayev ölkəsinin 2020-ci ilə qədər tranzit daşımaların həcmini iki dəfə, 2050-ci ilə qədər isə on dəfə artırmağı planlaşdırdığını vurğulayıb.

Çıxışında türk irsinin qorunması və davam etdirilməsinin zəruriliyini də diqqətə çatdıran N. Nazarbayev türk xalqlarının birliyinin daha da möhkəm olmasını arzulayıb: “Qoy, türk xalqlarının birliyi daha da möhkəm, türkdilli ölkələrin müstəqilliyi isə əbədi olsun”.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 145