Muəllif:

Nürnberq-1948 və Moskva-2013

Sankt-Peterburq
Mayın 9-na keçən gecə, bütün postsovet xalqı Qələbə Gününü təntənəli paradla qeyd etməyə və ənənəvi bayram veriliş-filmləri dəstinə növbəti dəfə baxmağa hazırlaşdığı vaxt «Kultura» kanalı Stenli Kramerin köhnə olduğu qədər də dahi «Nürnberq prosesi» (1961) filmini nümayiş etdirdi.
Bu filmə resenziya yazmaq cəsarətində bulunmayacağam — mən kino tənqidçisi deyiləm, adi tamaşaçıyam. Filmin adını da televiziya proqramında görəndə ona baxmaq qərarına gəldim. Hərçənd, gecə saat 2-dək ekranın qabağında oturmaq lazım gələcəkdi. «Kultura» kanalı yaxşı filmləri ancaq gecəyarıdan sonra göstərməyə, bir növ, adətkar olub…
Uşaqlıqdan bir sual mənə əziyyət verir: necə oldu ki, Almaniya — böyük tarixə, misilsiz mədəniyyətə və ənənələrə malik bir ölkə belə bədheybətə çevrildi? III Reyxin mövcud olduğu 12 il ərzində 60 milyon insanın ölümünə səbəb oldu, 1945-ci ildə dövləti dağılmaq həddinə gətirib çıxardı? Kramerin filmi mənim sualıma, qismən də olsa, cavab verdi. Mənə elə gəlir ki, bu gün həmin film yalnız Almaniya üçün deyil, müasir Rusiya (tək Rusiyamı?) üçün də aktuallığını saxlayır.
Filmi görməyənlər üçün onun qısa məzmununu danışım. 1948-ci ildə Nürnberqdə faşist Almaniyasının ədliyyə nazirinə və üç görkəmli hakiminə məhkəmə qurulur. Amerikalı hakim, ittihamçılar, vəkillər və təqsirləndirilən şəxslər arasında çəkişmə gedir. Filmin əvvəlindən axırınadək tamaşaçı gərginlikdə qalır, rejissorun işini və aktyorların oyununu heyranlıqla izləyir. Amma bu azdır. Alman ədliyyəsinin dəhşətli cinayətlərə necə şərait yaratdığının, Almaniyanın tədricən bədheybətə çevrilməsinə necə yol verdiyinin şahidi olursan…
Şahidi olursan ki, faşist Almaniyasının məhkəmələri bu ölkənin qanunlarına qeyd-şərtsiz əməl edib, onların tələblərini dəqiqliklə yerinə yetirib. Amma məsələ bundadır ki, həmin qanunların özlərində qanunçuluq və ədalət anlayışları ciddi deformasiyaya məruz qoyulub. Ona görə də filmin bir səhnəsində ittihamçı tərəfin nümayəndəsi üzünü müttəhimlərə — keçmiş nazir və hakimlərə tutub deyir: «Başqalarından əsirgədikləri ədaləti biz burada, bu prosesdə onlara göstərəcəyik».
Müttəhimlərin çıxışlarından bəlli olur ki, onlar da, bütün alman xalqı kimi, guya hitlerçilərin əsir düşərgələrində hansı vəhşiliklər törətdiklərindən xəbərsizlərmiş, Hitleri isə Birinci Dünya müharibəsindən sonra diz çökmüş Almaniyanı ayağa qaldırmağa, ləyaqətini bərpa etməyə, işsizliyin kökünü kəsməyə nail olan lider hesab edirlərmiş. Bir sözlə, qətiyyətli rəhbər, uğurlu menecer sayırlarmış.
Çox tanışdır, elə deyilmi?..
Yəhudi qırğınlarından və cəmiyyətdən təcrid edilmiş «yad ünsürlər»in başına açılan oyunlardan da, guya, almanların xəbəri yoxmuş. Hətta hakimlər də bunları bilmirlərmiş — onlar yalnız III Reyxin qanunlarını yerinə yetirirlərmiş, bu qanunlara uyğun cəzalar kəsirlərmiş, necə deyərlər, vəzifə borclarını yerinə yetirirlərmiş. Və Hitlerə sədaqət andına əməl edirlərmiş.
Nürnberq məhkəməsi keçmiş ədliyyə naziri Yaninqi və üç hakimi ömürlük həbs cəzasına məhkum edir. Filmin sonunda Yaninq amerikalı hakim Heyvudla görüşür və deyir: «Qətlə yetirilmiş milyonlarla insan… Heç vaxt ağlıma gəlməzdi ki, iş bu yerə çata bilər!»
Heyvud cavab verir: «Bu işin başlanğıcı, bilirsinizmi, nə vaxt qoyulub? Siz birinci günahsıza ölüm hökmü çıxardığınız vaxt!»
Maraqlıdır, bizim öz ədliyyə nazirimiz, alimləri casus adı ilə azadlıqdan məhrum edən, Xodorkovskiyə, öldürülmüş Maqnitskiyə, bədnam «Bolotnı işi»nin iştirakçılarına «ədalət məhkəməsi» quran, Navalnıya qarşı iş ardınca iş açan, seçkilərin saxtalaşdırıldığına dair şikayətlərə baxmaqdan imtina edən, əvəzində, hakimiyyətə yarınmaq üçün eybəcər hala salınmış qanunlar əsasında tamamilə qanuni olan mitinq və nümayiş iştirakçılarına ağır cəzalar verən hakimlərimiz bu filmə baxıblarmı?
Bəs hüquq fakültələrinin tələbələrinə bu filmi göstəriblərmi? KQB-dən qalma qəliblərdə saxta cinayət işləri «bişirməkdə» davam edən prokuror və müstəntiqlərin necə, ondan xəbəri varmı? Kimsə özünə sual verirmi ki, günahsızlığı əvvəlcədən bilinən insanlara ittiham hökmü çıxarılan ölkə hara gedir?!
Axı bunlar hamısı artıq olub. Faşist Almaniyası da, SSRİ də bu yolu keçib. Faşist Almaniyası daha yoxdur, onun yerində demokratik, güclü Almaniya Federativ Respublikası yaranıb. SSRİ də artıq yoxdur — onun yerində 15 müstəqil dövlət var. Biz isə sonu bəlli olan bu yoldan çəkinmirik, günahsız insanlara cəza kəsilməsi təcrübəsini bərpa edirik.

Aynanın yeni köşə rubrikasından.

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 306