Nuridə Atəşi diqqəti Xocalı Gədəbəy mədəniyyətinin taleyinə çəkir
Araşdırmaçı Bakıda keçirilən beynəlxalq elmi konfransda Azərbaycan tarixinə dair maraqlı faktlar açıqlayıb. Noyabrın 10-14-də Bakıda Sovet hakimiyyəti dağıldıqdan sonra ilk dəfə olaraq Azərbaycan arxeologiyasının müstəqilliyinin 20 illik yubileyi münasibətilə beynəlxalq elmi konfransda 11 ölkədən 32 xarici elm adamı, ümumilikdə 100-dən artıq elmi mütəxəssis iştirak edib.
Konfransda iştirak edən araşdırmaçı Nuridə Atəşi son 7 ildə Almaniya, Rusiya, Gürcüstan, Azərbaycan, Çeçenistan, İnquşetiya, Osetiya və Dağıstanda alman, ingilis, rus, türk, Azərbaycan dilli mənbələrdə apardığı tarixi-arxeoloji tədqiqatların indiyə qədər beynəlxalq elmə məlum olmayan bir çox tərəflərini açıb.
O bildirib ki, Böyük Vətən müharibəsindən öncə Berlin Muzeyində dünyada analoqu olmayan böyük Qafqaz toplusu — kolleksiyası toplanıb. Yalnız Azərbaycandan muzeydə Xocalı-Gədəbəy maddi mədəniyyət nümunələrindən ibarət 3 böyük eksponatlar kolleksiyası olub. Lakin həmin eksponatlar V. Belk, Korthaus və Qraf fon Şveinitz tərəfindən qanuni və qanunsuz yollarla Almaniyanın müxtəlif muzeylərinə satılıb:
“Təəssüflər olsun ki, müharibədən öncə bu kolleksiyalar tədqiq edilməyib. Müharibədə kolleksiyanın 40 faizi itib-batıb. Hazırda eksponatların bir çoxu Moskva və Peterburq muzeylərindədir və indiyə qədər elmi tədqiqatlara açılmayıb. Hazırda Berlin tarixəqədər və qədim Tarix muzeyində 256 ədəd maddi Azərbaycan nümunəsi var. Onların içərisində 12 tunc kəmər var ki, bunların da bir neçəsi indiyə qədər elmə məlum deyil. 1895-ci ildə Berlin tarixəqədər və tarix muzeyinin (MVF) direktoru V. Naqel və E. Strommenger Qalakənd adı altında kataloq buraxıb. Kataloqda yalnız V. Belkinin Gədəbəy və ətrafında apardığı qazıntılar və onun maliyyəçisi olan məşhur alman antropoloqu R. Virxova yazdığı məktublar verilib. Kitabda bütün Gədəbəy və ətraf bölgə Yuxarı Ermənistan adlandırılıb, Gədəbəydə son tunc, erkən dəmir dövrünə aid olan qədim qəbir abidələri, yaşayış yerləri, sonrakı dövrləri əhatə edən alban xristian məbədləri bütünlüklə qədim ermənilərin tarixinə yazılıb ki, müəlliflər buna açıqlıq gətirməyiblər. Bu kitab əsasında və almanların V. Belk, E. Röslər, Rosendorf, Karthaus və digərlərinin etmiş olduqları çoxlu sayda tarixi, coğrafi, arxeoloji, hətta siyasi səhvlər nəticəsində on illərdir ki, Almaniya, Rusiya, Qafqaz və Azərbaycan tarix kitabında Xocalı-Gədəbəy mədəniyyəti dəfələrlə təhrif olunub və bir çox arzuolunmaz elmi nəticələrə gətirib çıxarıb”.
Atəşi elmi məruzəsinin sonunda beynəlxalq elmi ictimaiyyətə müraciət edərək, alman, rus və Azərbaycan alimləri ilə birlikdə Xocalı-Gədəbəy mədəniyyətinin yenidən tədqiq edilməsi, yazılmış kitabların beynəlxalq elmi diskussiyalara çıxarılmasını istəyib.
Onun təklifi konfransda iştirak edən xarici alimlər tərəfindən böyük elmi dəstək alıb.