Novorossiysk kəməri müəmması: işimiz axsamayacaq
Rusiyanın «Transneft» şirkəti Azərbaycan neftinin Rusiya ərazisi vasitəsilə nəqlinin dayandırılmasına dair açıqlaması ən çox müzakirə olunan mövzularından birinə çevrilib.
Azərbaycan neftinin Rusiya ərazisi vasitəsilə nəqli 18 yanvar 1996-cı ildə iki ölkənin hökumətləri arasında imzalanmış sazişə əsasən həyata keçirilib. Sazişdə ildə 5 milyon tondan az olmamaqla Azərbaycan neftinin Rusiya ərazisi vasitəsilə nəqli nəzərdə tutulub. Lakin təcrübədə bu göstərici dəfələrlə aşağı olub. 2002-ci ildən indiyədək yalnız 2005 və 2006-cı illərdə tranzitin həcmi 4 mln. tondan çox olub, digər illik göstəricilər isə 2008-ci ildəki 1,39 mln. ton və 2004-cü ildəki 2,77 mln. ton arasında dəyişib.
Şirkətin rəsmi saytında yayılan açıqlamada bildirilir ki, Azərbaycan-Rusiya hökumətlərarası sazişində ildə ən azı 5 milyon ton neft nəql olunacağı nəzərə alınaraq 1 ton neftin tranzit haqqı 15,67 dollar müəyyənləşdirilib: «2012-ci ildə Azərbaycan neftinin nəqlindən alına bilməyən tarif haqqı 47 mln. dollar təşkil edib. Ona görə də Bakı-Novorossiysk marşrutu «Transneft» üçün sərfəli deyil. Şirkət Rusiyanın Energetika və Xarici İşlər nazirlikləri ilə əməkdaşlıq şəraitində yaranmış vəziyyətin danışıqlar yolu ilə nizamlanmasına dəfələrlə cəhd edib, lakin bu cəhdlər uğursuzluqla nəticələnib. ARDNŞ konstruktiv dialoqdan yayınıb».
Sonda «Transneft» şirkəti bəyan edib ki, sazişin qüvvədən düşməsi Azərbaycan neftinin Bakı-Novorossiysk marşrutu ilə nəqlinin dayandırılması üçün hüquqi əsas deyil: «Təsərrüfat subyektləri arasında müvafiq saziş qüvvədədir, nəql tarifləri isə Rusiyanın Federal Tarif Xidməti tərəfindən müəyyənləşdiriləcək».
Proseslər göstərir ki, əslində Rusiya ilə Azərbaycanın 1996-cı ildən fəaliyyət göstərən bu neft kəməri ilə neft ixracına marağı itib. Hər tərəfin isə öz səbəbləri var. Əvvəla, statistika göstərir ki, Azərbaycanda neft hasilatı azalır. Ölkə buraxılış qabiliyyəti ildə 50 mln ton olan Bakı-Tbilisi-Ceyhan neft kəmərini doldurmaq üçün bütün qüvvəsini səfərbər edir. 2012-ci ilin yekununda türkmən nefti də nəzərə alınmaqla bu kəmərlə 32 mln ton neft nəql edilib. Hansı ki, bu da layihənin rentabelliliyini azaldır. Rusiyaya gəlincə, Qara dəniz limanlarından neft nəqlinin artması, Bosfordan keçidlə bağlı məhdud imkanlar üzündən Novorossiysk kəmərini arxa plana keçirib.
Dövlət Neft Şirkəti isə Rusiyanın Azərbaycan neftinin Bakı-Novorossiysk kəməri ilə nəqlinə dair razılaşmanın ləğv edilməsini sırf iqtisadi qərar adlandırır. Qeyd edilir ki, bu məsələ ARDNŞ üçün gözlənilməz olmayıb.
ARDNŞ bəyan edib ki, Rusiya hökumətinin çıxardığı qərar Azərbaycan neftinin dünya bazarlarına daşınması məsələsinə hər hansı mənfi təsir göstərməyəcək. Azərbaycan qısa müddətdə etibarlı ixrac neft-qaz kəmərləri sistemi yaratmağa və diversifikasiya etməyə nail olub: «ARDNŞ Bakı-Novorossiysk neft kəmərinin yerinə yetirdiyi tarixi missiyanı yüksək qiymətləndirir. Eyni zamanda ARDNŞ bu kəmərin Rusiya Federasiyası ərazisində idarəçiliyini həyata keçirən «Transneft» şirkəti ilə kommersiya danışıqlarının davam etdirilməsinə tərəfdar olduğunu bildirir».
ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib ki, Azərbaycan neftinin Rusiya ərazisi ilə indiki şərtlərlə tranzit nəqli 2013-cü ilin sonunadək davam edəcək. Paralel olaraq ilin sonunadək neftin Rusiya ərazisi ilə nəqlinin kommersiya şərtləri ilə həyata keçirilməsi ilə bağlı danışıqlar aparılacaq. Tərəflər arasında bununla bağlı razılıq əldə olunarsa, artıq 2014-cü ildən etibarən Azərbaycan neftinin Rusiya ərazisi ilə nəqli yeni kommersiya şərtləri əsasında davam etdiriləcək.
Qeyd edək ki, hazırda Azərbaycan hər ton neftinin Rusiya ərazisi ilə daşınması üçün 15 dollar 67 sent ödəyir. Rusiya mediasının yazdığına görə, Rusiya bu tarifin 50 faizədək qaldırılmasını tələb edir. Çünki, daşımalara cavabdeh olan Rusiyanın dövlət şirkəti Transneft 2010-cu ildə itkilərinin 50 milyon dollaradək qalxdığını elan edib. Azərbaycan tərəfi isə əks arqument kimi bildirib ki, daşınma ilə bağlı 1996-cı yanvarın 28-də imzalanmış dövlətlərarası sazişdə Azərbaycan neftinin keyfiyyət baxımından Novorossiyskə çatdırılması həll edilməlidir. Belə ki, Azərbaycan neftinin keyfiyyəti daha yüksəkdir və dünya bazarında daha baha qiymətə satılır. Azərbaycan nefti Novorossiyskdə Sibir nefti ilə qarışdırılır və bu da satışda hər bareldə azı 2 dollar Azərbaycana ziyanla başa gəlir. Məhz buna görə, il ərzində Azərbaycan 30 milyon dollaradək vəsait itirir.
Bakı-Novorossiysk kəməri o, zaman gündəmə gəlmişdi ki, Azərbaycanın yeganə neft ixrac yolu idi. 1999-cu ildə Bakı-Supsa kəməri inşa edildi, 2006-cı ildə isə Bakı-Tbilisi-Ceyhan ixrac boru kəməri istifadəyə verildi. Bundan sonra, Bakı-Novorossiysk kəməri faktiki əhəmiyyətini itirdi. Çünki, bu kəmərlə Azərbaycanın keyfiyyətli neftini «Azərilayt» adı ilə dünya bazarına çıxarmaq mümkün deyil. Bu, kəmərlə axıdılan neft Rusiya qarışıq nefti olan Yurals adı ilə bazara çıxarılır və qiymətdə uduzulur. Azərbaycan tərəfi Rusiya ilə qonşuluq münasibətlərini saxlamaq üçün özünün quruda hasil etdiyi neftin bir hissəsini, 1,2 milyon ton və 1 milyon ton da Dövlət Neft Şirkətinin neftini Bakı-Novorossiysk kəməri vasitəsi ilə ixrac edib.
Ekspert Vüqar Bayramov isə deyib ki, həmin boru kəməri 90-cı illərin ortalarında BTC boru kəmərinin inşası ilə bağlı qərar qəbul edəndə iqtisadi-siyasi əhəmiyyətini itirmişdi: «Rusiya çalışırdı ki, Azərbaycan hasil etdiyi nefti Bakı-Novorosiyisk boru kəməri ilə nəql etsin. Amma buna baxmayaraq, Azərbaycan rəhbərliyi yeni boru kəmərinin tikintisində fəaliyyətini gücləndirdi. Bundan başqa BTC-nin rentabelli işlməsi üçn orta Asiya neftinin bu kəmər vasitəsilə nəqli üçün Qazaxıstanla danışıqlar aparıldı».
BTC-nin imkanlarının geniş olduğunu deyən ekspert, onun Bakı-Novorosiysklə eyni imkana malik olduğunu vurğuladı. Ekpertin fikirincə, iqtisadi baxımdan Bakı-Novorosiysk kəmərilə neftin nəqlinin dayandırılması Azərbaycan üçün problem yaratmayacaq: «Azərbaycanın gündəlik neft nəqli 800-min barelə yaxındır. Moskva Azərbaycan üçün elə bir əhəmiyyəti olmayan nəqli dayandırmaqla ölkəmizə təzyiq etməyə çalışır».
Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban Rusiyanın atdığı addımın heç bir iqtisadi əsası olmadığını deyir. Ekspert bu addımı Rusiya tərəfindən atılan sırf siyasi addım kimi qiymətləndirdiyini deyib: «2011-ci ilin avqustunda Azərbaycanla Rusiya arasında danışıqlarda Azərbaycan tərəfi Rusiyaya 2 şərt irəli sürmüşdü». İlham Şabanın sözlərinə görə, şərtlərdən biri, Bakı-Novorossiysk kəmərinin rentabelliyinin artırılması üçün 1996-cı ilin yanvarında imzalanan sazişə dəyişikllik edilməsi və Azərbaycan ərazisində həmin boru kəmərinə üçüncü tərəfin neftinin vurulmasına icazə verilməsi xahişi idi: «Bununla Azərbaycan neft tranzitinin həcmini 2 dəfə artırmağı təmin etməyi üzərinə götürürdü. Rusiya tərəfindən məsələ indiyə qədər açıq qalır. İkinci təklif Azərbaycanın özünün neft həcmləri vasitəsilə Novorossiysk kəmərində həcmlərinin artırılması idi. Bunun üçün Azərbaycan Rusiya ərazisində neft keyfiyyət bankının tətbiq edilməsi məsələsini qoyurdu. Keyfiyyətli Azərbaycan nefti hazırda qərbi Rusiya nefti ilə qarışaraq keyfiyyətini itirir. Ölkəmiz hər il dünya bazarında qiymətlərdən asılı olaraq milyonlarla dollar gəlirdən məhrum olur».