Niyə məni söyürsünüz, a mollalar?
Ölməz Mirzə Cəlilin «Molla Nəsrəddin» dərgisinin ilk sayında məşhur felyetonundakı tarixi sualı bu gün GünAz TV də ağız-ağıza verib onu söyənlərə ünvanlaya bilər. Antiazərbaycan qüvvələrinin zaman-zaman hücumuna məruz qalan Güney Azərbaycan Televiziyası (GünAz TV) bir daha düşmən medianın gündəminə gəlib.
Keçmişdəki təcrübələrə əsasən məhz bu ərəfədə GünAz TV-nin İran mətbuatının hücumuna məruz qalacağı təəccüb doğurmadı. Ona görə ki, son həftələrdə Ankarada Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) Güney Azərbaycanın Türk dünyası üçün önəmi mövzusunda konfrans keçirməsi, GünAz TV başqanı və GAMAC sözçüsü Əhməd Obalının Ankaraya səfəri və bu ərəfədə Güney Azərbaycan məsələsinin Türkiyə mətbuatının gündəminə düşməsi, Obalının «BENGÜTÜRK» Telekanalı və «Today’s Zaman» xəbər agentliyinə verdiyi geniş müsahibə Tehranın diqqətindən qaça bilməzdi.
GünAz TV-nin məlumatına görə, artıq bir neçə İran saytı, o cümlədən Jahannews, mashreghnews, khabar-name, Tabnak, parsnews, jamnews, «iranazar», «mersad67», «kalame», «khabar farsi» və fars şovinizminə xidmət edən Baybək və s. kimi saytlar GünAz TV və Güney Azərbaycana qarşı hərəkətə keçiblər. Onlar Əhməd Obalının Türkiyədəki çıxışlarını işıqlandırdıqlarına görə demokratik türk mediasi və ümumiyyətlə, türk hökumətinə sərt etiraz ediblər (yəqin) elə bilirlər ki, Türkiyədə bütün media orqanları hökumətə tabedir).
Maraqlıdır ki, fars şovinizmi ilə daban-dabana gedən erməni saytları da hərəkətə keçib. GünAz TV əleyhinə dərc etdiyi yazılarla seçilən məşhur Panorama.am saytı da İran saytlarına oxşar xəbər dərc edib və GünAz TV ilə Türkiyə əleyhinə ittihamlar ixtira edib.
Güney Azərbaycanla bağlı Türkiyə mətbuatında baş verən yenilikdən olduqca qıcıqlanan şovinist farsdilli saytlar çaşdırıcı yazılarla çıxış edirlər. Ümumi olaraq demək olar ki, onlar Güney məsələsini kiçiltmək məqsədi ilə Türkiyəni və onun mediasını İrana qarşı mövqe tutmaqda suçlayır və bunu da İranla Türkiyənin Suriya məsələsində üz-üzə gəlməsi ilə izah edirlər. Halbuki Güney Azərbaycan məsələsi Azərbaycan Milli Hərəkatının əldə etdiyi uğurlar nəticəsində dünya mətbuatına, o cümlədən Türkiyə mediasına yol aça bilib və bunu, sadəcə, Türkiyə ilə İranın münasibətləri ilə əlaqələndirmək doğru ola bilməz. Bu, Güney Azərbaycan Milli Hərəkat fəallarının növbəti uğurudur.
GünAz TV və Güney Azərbaycana qarşı dərc olunan yazılardan, daha bir məqam da anlaşılır. O, İranın GünAz TV-nin bir daha TÜRKSAT peykinə qayıtmasından irəli gələn qorxusudur. Və buna görə də Türkiyəni bu istiqamətdə addım atmaqdan çəkindirməyə çalışırlar.
İran mətbuatı gündəmi dəyişmək və Güney Azərbaycan məsələsini diqqət mərkəzindən çıxarmaq məqsədi ilə, bütün bunları Türkiyənin Osmanlıçılıq ideyası ilə əlaqələndirir və Yeni Osmanlıçılığı bölgədəki Şiə ölkələri və xalqlarına təhlükə kimi göstərir. Bunu isə Türkiyənin Suriya və İraq hökumətləri ilə münasibətlərinin yaxşı olmaması ilə izah edir. Halbuki Güney Azərbaycan məsələsi və Milli Hərəkat Suriya və İraq böhranından daha öncə olub və Türkiyə mediasına yol açması, sadəcə, Güney Azərbaycan gerçəyinin getdikcə qabarması ilə bağlıdır və bunun qarşısını artıq heç kəs ala bilməz.