Niyaz Nəcəfovdan «Sümüklərin rəqsi»
Azərbaycanlı rəssam Niyaz Nəcəfovun Londonda fərdi sərgisi açılacaq. «Sümüklərin rəqsi» adlı bu sərgidə Niyaz Nəcəfov özünün son illərdə yaratdığı rəngarəng rəsm əsərlərini incəsənət həvəskarlarına təqdim edəcək. Sərgi yanvarın 18-dən martın 7-dək davam etməlidir.
Sərgidə rəssamın kətan üzərində çəkilmiş qaranlıq üslubu və fərqliliyi əks etdirən əsərləri nümayiş olunacaq. Rəssamın yağlı boya və qrafika ilə çəkdiyi əsərləri onun təsirli rəng təsvirlərini və tünd rəssamlıq üslubunu əks etdirir. 2005-ci ildə «Kişi və qadın», 2007-ci ildə BMT-nin Cenevrə Bölməsinin Millətlər Sarayında «Qobustandan yol gələn naxışlar», 2008-ci ildə isə Berlində sərgilərdə iştirak edən rəssamın əsərləri xarici sənətsevərlər və mütəxəssislər tərəfindən maraqla qarşılanıb.
Niyaz Nəcəfov 2009-cu ildə ölkəmizi 53-cü Beynəlxalq Venesiya Biennalesində təmsil edib. Rəssam ötən il Londonun məşhur «Phillips de Pury & Company» sərgi qalereyasında Heydər Əliyev Fondunun və «Baku» jurnalının ingilisdilli versiyasının dəstəyi və təşkilatçılığı ilə keçirilən «Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti» sərgisində də iştirak edirdi.