Nina Oqnyanova: Qərb mətbuatı bu hadisələrə daha çox yer verməlidir
Hökumət jurnalistləri fəaliyyətlərinə görə cəzalandırmaq məqsədinə və onların həbsinə son qoymalıdır. “P.S Nota” qəzetinin baş redaktoru Sərdar Əlibəyli son aylar Azərbaycanda yazdığı məqalələrə görə həbs edilmiş səkkizinci jurnalistdir. Bu barədə Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsinin Avropa və Mərkəzi Asiya Proqramları üzrə koordinatoru Nina Oqnyanova “Amerikanın səsi”nə müsahibəsində bildirib.
“Azərbaycanda son iki ildə mətbuat azadlığı sahəsində vəziyyət pisləşib. Bu isə oktyabr ayından öncə mühüm xəbər və şərhlərlə tanış olmaq imkanının məhdudlaşdırılması təhlükəsi yaradır”, — o qeyd edib.
N.Oqnyanova Sərdar Əlibəyliyə qarşı ittihamları saxta adlandıraraq bunun jurnalistin birbaşa fəaliyyəti ilə əlaqədar olduğunu bildirib.
“Ona qarşı xuliqanlıq ittihamları redaktoru olduğu “P.S.Nota” qəzetində tənqidi məqalələrin yerləşdirilməsinə görə cəzalandırmaq məqsədilə irəli sürülüb. S. Əlibəyli əvvəllər də fəaliyyəti ilə əlaqədar həbs edilib. Onun bu dəfəki həbsi də onu susdurmaq məqsədilə edilmiş cəhddir”, — Oqnyanova bildirib.
Jurnalistləri Müdafiə Komitəsi Azərbaycanda mətbuatın durumunun pisləşdiyini qeyd edərək, bunun seçkidən öncə ictimaiyyətin senzuradan azad xəbərlərlə tanış olmaq imkanını təhlükə altına qoyduğunu bildirib.
O, Azərbaycanda oktyabr ayında prezident seçkisindən öncə hökumət tərəfindən mətbuata qarşı təzyiqlərin artdığının müşahidə edildiyini deyib.
“Bizim bu və başqa işlərlə bağlı sənədlərimizə baxsanız, Azərbaycanda son iki ildə jurnalistlərə qarşı təqiblər və hücumların artdığını görəcəksiniz. Son bir neçə ay isə artıq belə bir tendensiya yaranıb ki, rəsmilər oktyabr ayında seçkilərdən öncə müstəqil xəbərlər və fikirlərin ictimaiyyətə çatdırılmasını istəmir”, — o qeyd edib.
N. Oqnyanova araşdırmaçı jurnalist Xədicə İsmayılovaya qarşı təzyiq kampaniyası və onun təhlükəsizliyi məsələsinə də toxunub.
“Biz dəfələrlə Azərbaycan hökumətinə Xədicənin təhlükəsizliyini təmin etmək üçün əsaslı tədbirlər görməyə və ona qarşı iyrənc kampaniyanın təşkilatçılarının qanuna müvafiq şəkildə cəzalandırılmasını təmin etməyə çağırmışıq. Biz rəsmilər və hüquq-mühafizə orqanlarını bu narahatlıq doğuran işlə əlaqədar öz vəzifələrini yerinə yetirməyə çağırmağa davam edəcəyik” .
O deyib ki, beynəlxalq ictimaiyyət Azərbaycanda prezident seçkisindən öncə ölkədə hadisələrə daha çox diqqət verməli, Qərb mətbuatı hadisələri daha çox işıqlandırmalıdır.
“Azərbaycanda hadisələrə daha çox yer verilməlidir, çünki bu, təkcə Xəzər sahilində ekzotik ölkə kimi işıqlandırılmamalıdır. Bu avtoritar rejimin kök salıb öz idarəçiliyini təsbit etdiyi, mətbuat və toplaşmaq azadlıqları da daxil olmaqla, fundamental hüquqların pozulduğu bir ölkədir. ABŞ, Avropa və eləcə də dünya liderləri Azərbaycan rəsmiləri ilə ikitərəfli və çoxtərəfli görüşlərdə mətbuat azadlığı məsələsini gündəliyə salmalıdır. Onlar bu məsələlərin müzakirəyə çıxarılmasına təkid etməli və Azərbaycanın söz və mətbuat azadlıqları sahəsində üzərinə götürdüyü öhdəliklərə əməl etməyə çağırmalıdır”, — deyə N. Oqnyanova bildirib (Turan).