Muəllif:

Nikahların azalmasının səbəbləri nəymiş?

Ötən il ölkədə nikahlarda azalma özünü göstərib. Boşanmalar isə artıb. Bu nəylə izah olunur? Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Aynur Veysəlova bunu belə izah edir ki, artıq insanlar daha ağıllı və düşünülmüş formada ailə qurmaq istəyir, bu da ötən il ölkədə nikahların sayına müəyyən təsir göstərib (APA).
Veysəlova belə izah edir ki, «insanların münasibətləri tənzimlənən, ailədaxili münasibətlər sistemini daha yaxşı formalaşdıran nikah formasını seçməsi nəticəsində ölkədə nikahların sayı azalıb». Onun sözlərinə görə, ölkədə nikahların ümumi əmsalı 2011-ci ildə 9,7 olduğu halda, 2012-ci ildə bu rəqəm 8,6 olub. Boşanmaların sayında isə artım müşahidə edilib. Komitə rəsmisi nikahlarının sayının az, boşanmaların isə çox olmasının səbəbləri barədə mülahizələrini bölüşür:
«Qanunvericilikdə olan dəyişiklik və qadınların iqtisadi cəhətdən müəyyən mənada imkanlar əldə etməsi, hüquqlarını bilməsi onlara şərait yaradır ki, ailədə üzləşdiyi zorakılığa, təzyiqlərə məruz qalmasın və öz haqqını tələb etsin. Bu da boşanmaya təsir edir. Bundan əlavə, ekoloji problemlərin reproduktiv sağlamlığa olan təsiri nəticəsində sonsuzluq kimi hallar boşanmaya gətirib çıxarır. Boşanmaya təsir edən ən ağrılı məqam isə erkən nikahlardır. Erkən nikaha girənlər çox sonradan şəxsiyyət kimi formalaşır və hadisələrə münasibətləri dəyişir. Bu da ailədə problemlər yaradır və çox vaxt boşanma ilə nəticələnir».
Nikahların real statistikasına təsir edən başqa faktorlar da var. Məsələn, rəsmən qeydə alınmamış nikahlar. Bəlli olur ki, Azərbaycanda hələ də rəsmən qeydə alınmamış nikahların statistikası yoxdur. Bu da mövcud sahədə daha ciddi işlərin görülməsi və problemlərin həllinə ciddi mane olurmuş. Aynur Veysəlova bildirir ki, komitə tərəfindən mövcud məsələ ilə bağlı Ədliyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinə müraciət edilib. Onun sözlərinə görə, bu statistikanın aparılması bir sıra məqamların əvvəldən aşkarlanması və gələcəkdə yarana biləcək problemlərin qarşısının alınmasına şərait yarada bilər. Deyir:
«Azərbaycan rəsmi nikah yaşı 18-dən başlayır. Amma ölkədə 18 yaşa kimi neçə-neçə qız ərə verilir və bu, rəsmi qeydiyyata alınmır. 14-18 yaş arası ərə verilən qızlar barədə rəsmi qeydiyyat aparılsa və bunun statistikası olsa, onlarla bağlı vəziyyəti araşdırıb daha ciddi işlər görə bilərik».
Veysəlova bildirib ki, erkən nikaha cəlb olunanlar üçün daha çox dini kəbin kəsilir. Lakin son vaxtlar nikah yaşına çatmayan və rəsmi nikah sənədi olmayanlara kəbin kəsilməsinin qadağan olunması barədə din xadimlərinə göstəriş olduğunu deyən komitə rəsmisinin sözlərinə görə, hansısa din adamı bunu edərsə, ona qarşı müvafiq cəza tədbirləri görüləcək:
«Belə hallara yol verənlər artıq bu işlə məşğul ola bilməyəcəklər. Düşünürük ki, artıq rəsmi nikah şəhadətnaməsi olmadan kəbinin kəsilməməsi, erkən nikahların və bununla bağlı yaranacaq problemlərin qarşısını almağa şərait yaradacaq».

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 190