Nifrət içində
1969-cu ilin iyulunda yazıçıların Krımdakı Koktebel yaradıcılıq evində dincəlirdik. O zaman 12 yaşım olsa da, həmin ay mənim yaddaşıma bir neçə hadisə ilə həkk olunub. İnsan ayağının Aya ilk və hələ ki sonuncu dəfə dəyməsi, Heydər Əliyevin Azərbaycan KP MK-ya I Katib təyin edilməsi və 6 yaşlı erməni uşağının dedikləriylə. Bu yazımda nə Amerika astronavtı Nil Armstronqdan, nə də Heydər Əliyevdən söz açacam. «Əsərin» bu dəfəki qəhrəmanı altı yaşlı erməni balası Arturdur. Bilirsiz niyə? Çünki o zaman məni nə insan övladının Aya ayaq basması silkələmişdi, nə də Heydər Əliyevin Azərbaycana rəhbər gəlməsi. Birinci hal olduqca maraqlı idi, hamımız televiziya vasitəsilə Armstronqun aya enməsini izləmişdik. İkinci hadisə isə yalnızca atamın «Mən bu adamı tanıyıram» deməsiylə yadımda qalmışdı. O zaman həm uşağıydım, həm də SSRİ-də siyasət deyə bir şey olmadığına görə, bunun nə demək olduğunun heç fərqinə belə varmırdım. İndi olsaydı, başqa məsələ. Bu günlərdə oxudum ki, Əhməd adlı 12 yaşlı bir misirli çocuq özünün və xalqının haqqını tələb etmək üçün Təhrir meydanına çıxıb. Amerikalı müxbirin mitinqdə nə etdiyini soruşanda balaca Əhməd az qala siyasi və iqtisadi platforma ilə çıxış edib və deyib ki, onun milləti hərbi xuntanı ona görə devirməmişdi ki, Mursi gəlib teokratik faşist diktaturası qursun. Nə isə bu başqa bir yazının mövzusudu. İndi qayıdaq 6 yaşlı erməni balası Artura.
Çox suyuşirin uşaqdı. Yaradıcılıq evində millətindən asılı olmayaraq nə qədər yazıçı-şair vardı, hamısı Arturun ən azından başını tumarlamağı özünə az qala borc bilirdi. Əl-qərəz, günlərin birində yaradıcılıq evinin yeməkxanasına nahara gəldiyimizdə həmin erməni uşağı əlində oyuncaq avtomat, öz-özüylə dava-dava oynayırdı. Atamın yanından naməlum düşmənlərini gülləyə tutaraq qaçanda kişi onu qucağına alıb soruşdu ki, bəs balaca, faşistlərimi öldürürsən? Atam II Dünya müharibəsi iştirakçısıydı. O qədər ölüm-itim, qəddarlıq və qan görmüşdü ki… Onu təəccübləndirmək çətin idi, amma bu balaca erməninin dedikləri kişinin qanını əməlli-başlı qaraltmışdı. Nə başınızı ağrıdım, Artur türkləri qırdığını demişdi. Atamın həmin an nə hisslər keçirdiyini bilmirəm, bircə onu gördüm ki, möhkəm tutuldu və balaca ermənini ani olaraq qucağından aralayıb havaya qaldırdı və tezcə də özündən uzaqlaşdırdı. Ona yaxınlaşanda gördüm ki, kişiyə çırtma vursan, qanı çıxmaz, əl-ayağı hirsindən əsirdi. Mənə bircə onu dedi ki, «qırılmışlar, uşağın beynini indidən doldurublar ki, sənin düşmənin türkdür. Bu dəyirman hələ çox su aparacaq. Görəcək günlərimiz var».
Gördük, hələ də görməkdəyik…
O vaxtdan düz 44 il ötüb. Atamsa 18 ildir ki, dünyasını dəyişib. O zaman həyatımın gözəl günlərini yaşadığımı indi-indi başa düşürəm. Dağ kimi atam, indi məzarını ziyarət etdiyimdə ruhunun belə mənə təbəssüm bəxş etdiyi anam vardı yanımda.
Dünən uşaqlarla üstünə getmişdim. İliydi. Gül-çiçəyi düzəndən sonra bir xeyli daşdan çapılmış üzünə baxdım, sonra da qəbirüstü kompozisiyanın elementi olan torpağa sancılmış kəlağayılı xəncərə… Dəfn günündə məndən soruşanda ki, sənə və qardaşına nə vəsiyyət edib dedim ki, heç nə, amma bütün ömrü boyu deyir və dediyini də hər gün sübuta yetirərək göstərirdi ki, dostunuzu da, düşməninizi də tanıyın, amma heç vaxt NİFRƏTLƏ və NİFRƏT İÇİNDƏ YAŞAMAYIN, ADAM OLUN, KİŞİ KİMİ ÖMÜR SÜRÜN.
Elə buna görə də adam olub kişi kimi ömür sürməyə və nifrət içində yaşamamağa çalışıram, hərçənd, çox çətindir, amma məcburam, çünki əks-halda onun ruhu şad olmaz!
[email protected]