NİDA fəallarının məhkəməsində qalmaqal olub
Bakı Ağır Cinayətlər üzrə Məhkəmədə NİDA hərəkatının fəalları və “Azad gənclik” təşkilatının üzvünün məhkəməsində məhkəmə Müsavat Partiyasının lideri İsa Qəmbəri zaldan çıxarıb ki, bu da müttəhimlərin etirazına səbəb olub. Qəmbəri zalda görən hakim onun “ictimai asayiş”i pozduğuna görə zaldan çıxarılması barədə əvvəlki qərarını xatırlayıb və nəzarətçilərə göstəriş verib ki, Müsavat liderini zaldan çıxarsınlar. Buna cavab olaraq Qəmbər açıqlama tələb edib. Hakim isə bildirib ki, ona hesabat verməyəcək. Nəzarətçilər işə qarışmalı olublar. Qəmbər deyib ki, nə məhkəmədən, nə də Azərbaycan hakimiyyətindən qorxmur.
“Mənim məqsədim günahsız adamları həbsdə saxladığınıza görə sizi və sizin kimiləri vicdan əzabı çəkməyə vadar etməkdir. Əminəm ki, bugünkü qərardan sonra siz və sizin kimilər uzun müddət vicdan əzabı çəkəcəksiniz. Vaxt gələcək qanunsuz əməllərinizə görə qanun qarşısında cavab verməli olacaqsınız”, — Qəmbər vurğulayıb. Onun sözləri müttəhimlər və zalda oturanlar tərəfindən alqışla qarşılanıb.
Müttəhimlər bildiriblər ki, əgər Qəmbər zaldan çıxarılsa proses olmayacaq. Onlar hakimə arxa çeviriblər. Bundan sonra Qəmbər özü zalı tərk edib. Onun ardınca Müsavat Partiyası aparatının rəhbəri Arif Hacılı hakimin hərəkətinə etirazını bildirib.
Sonra hakim müttəhim Məmməd Əzizovun ilkin istintaqa verdiyi ifadəni oxumağa başlayıb, lakin müttəhim dinləməkdən imtina edib.
Fasilədən sonra hakim Məmməd Əzizovun ilkin istintaqa verdiyi ifadəni oxuyub. Əzizov martın 7,5 və 9-da verdiyi ifadəsində bildirib ki, onun kirayə qaldığı mənzildə 174, 54 qr. marixuana aşkar edilib. Narkotik maddənin ona məxsus olduğunu inkar edən Əzizov deyib ki, “polisin qorxudulması”, əhalinin fəallaşması və digər müxalifətçi qüvvələrin və dindarların cəlb edilməsi, həmçinin xarici səfirliklərdən siyasi və maliyyə yardımı almaq məqsədilə martın 10-da mitinq zamanı kütləvi iğtişaşların təşkil olunması məsələsini digər NİDAçılar ilə müzakirə edib.
Lakin Əzizov 14 sentyabr ifadəsində bildirib ki, bu ifadələri işgəncə və təzyiq altında verib. O, hakim və prokurorun suallarına cavab verməkdən imtina edib.
Sonra vəkil Nemət Kərimli müttəhim Şahin Novruzlunun atası İbrahim Novruzlunun martın 7-9-da MTN-də olması ilə bağlı nazirliyə sorğu göndərilməsi barədə vəsatət qaldırıb. Belə olan halda onun dindirilməsi zamanı atasının həqiqətən orada olub-olmadığına aydınlıq gətiriləcək. Bu, vacibdir. Çünki həmin vaxt Novruzlunun 18 yaşı tamam olmayıb.
Vəkil həmçinin tibbi ekspertizanın keçirilməsini təklif edib. Çünki MTN-də dindirmə zamanı Novruzlunun 4 dişi sındırılıb.
Prokuror birinci vəsatətin əleyhinə olsa da, ikinciyə etiraz etməyib. Lakin məhkəmə birinci vəsatəti baxılmamış saxlayıb, ikinci vəsatəti təmin etməyib. Sonra elan edilib ki, növbəti iclas dekabrın 15-də saat 10:30-da olacaq.
Müsavat Partiyası məhkəmə prosesi zamanı baş verənləri pisləyərək onu prosesin siyasi xarakterli olmasına sübut kimi qiymətləndirib(Turan).