«Nəyisə soruşmaq silahdan atəş açmaq deyil»
Niderlandın RTL News agentliyinin Almaniya üzrə əməkdaşı Jeroen Akkermans «Ordunun Aynası» əlavəsinə müsahibəsində hərbi jurnalistikanın problemlərindən danışır. Xatırladaq ki, cənab Akkermans bu yaxınlarda Tbilisidə «Qoridə araşdırma — kameraman Stan Storimansın ölümü» (Investgation in Gori — The death of cameraman Stan Storimans) adlı sənədli filmini təqdim edib. 2008-ci ilin avqust ayında Rusiya və Gürcüstan arasında yaşanmış qanlı olaylara həsr olunan bu filmdə bir sıra maraqlı detallar təqdim olunur. Akkermansla söhbətdə bu filmə də toxunmaq imkanı oldu. Qeyd edək ki, Akkermans jurnalist kimi fəaliyyətində Almaniyada və Şərqi Avropada gedən prosesləri araşdırır.
— Bilirəm ki, sizin işiniz hərbi və münaqişə jurnalistikası ilə bağlıdır. Hərbi jurnalistika ilə bağlı ümumilikdə nə düşünürsünüz?
— Jurnalistikanın bu sahəsini işıqlandırmaq həmişə çətin olub. Çünki hərbçilər informasiyaları bölüşmək istəməzlər. Bu elə sahədir ki, burada mövqe tutan hər bir jurnalist özünü inkişaf etdirməlidir. Hərbi sahədə yazan jurnalistin bu sahədə ekspert olmaq ehtiyacı yaranır, bunu özümdə də hiss edirəm. Çünki, sadəcə döyüş sahəsində nə baş verdiyini deyil, eyni zamanda, hərbi dükanda nə baş verdiyini anlamalısan. Əlbəttə, söhbət hərbi ticarətdən gedir. Bu gün hərbi ticarət çox vacib sahədir, çünki bu sahəyə xeyli pullar xərclənir və qüvvə sərf olunur. O səbəbdən biz jurnalist olmaqdan başqa, eyni zamanda, hərbi sahədə də biliklərə malik olmalı və daha da inkişaf etməliyik.
— Necə düşünürsünüz, ümumiyyətlə hərbi jurnalistikanın dünya üzrə başlıca vəzifəsi nə olmalıdır?
— Hərbi sahəni indiki vəziyyətindən daha şəffaf etmək, bu sahədə baş verənləri işıqlandırmaq. Aydındır ki, hərbi sahədə təmsil olunanlar hərbi məsələləri məxfilikdə saxlamağa üstünlük verirlər. Jurnalistlərin isə bu kimi sirləri daha çox şəffaflaşdırmaq ehtiyacları yaranır. Çünki bayaq dediyim kimi, bu sahəyə xeyli sayda vəsait, qüvvə sərf olunur. Bu səbəbdən hesab edirəm ki, jurnalistlər üçün hərbi sahə işıqlandırmaq üçün olduqca vacib istiqamətdir.
— Əksər hallarda jurnalistlərin hərbi sahədə informasiya əldə etmək imkanları məhdudlaşdırılır. Hərbi sahədə təmsil olunanlar bu kimi məlumatları hərbi sirlə əlaqələndirirlər. Belə olan vəziyyətdə sizcə, jurnalist hərbi sahədə məlumatları rəsmi və qeyri-rəsmi olaraq necə əldə etməldir?
— Məncə bu istiqamətdə yollardan biri digər jurnalistlərlə əməkdaşlıq etməkdir. Təkcə sizin ölkədən olan jurnalistlərlə deyil, müxtəlif ölkələrdən olan jurnalistlərlə. Söz yox ki, hərbçilərin əlində hakimiyyət var. Amma biz jurnalistlər bir yerdə işləsək, biz də qüvvəli ola bilərik. İkinci yol daha çox mənbə tapmaqdan ibarətdir. Burada söhbət təkcə press-ofislər, hərbi strukturlar, şirkətlərdən getmir. Arxivləri araşdırmaq lazımdır. Seçilmiş mövzu ilə bağlı təkcə maraqlandığınız ölkənin arxivinə deyil, eyni zamanda, onunla əlaqəli olan digər ölkələrin də, arxivlərinə diqqət yetirmək lazımdır. O ölkələrin hərbi sahə ilə bağlı qəzet və jurnallarına fikir vermək lazımdır. Rusiyanın müdafiə sahəsi ilə bağlı məlumat əldə etmək istəyirsənsə, misal üçün, «Jane’ Defense Weekly», «Herald Tribune» dərgilərini, NATO-nun müxtəlif resurslarını araşdırmaq lazımdır. Bu gün internetdə xeyli məlumat toplaşıb.
— Əgər siz hərbi və ya dövlət sirri ilə əlaqəli informasiya əldə etmişsinizsə, onu yayacaqsınızmı?
— Bu vəziyyətdən asılıdır. Belə informasiya əldə etdikdə öz həmkarlarınla məsləhətləşməli, informasiyanın nə dərəcədə səhih olduğunu yoxlamalısan. Əgər aydınlaşdırsan ki, bu məlumat dəqiqdir, o zaman onu yayma yolları barədə düşünməlisən. Yaxşı olar ki, əhəmiyyətli məlumatların yayılması ilə bağlı digər qəzet və jurnallar, TV kanalları ilə əməkdaşlıq edəcən.
— Sizin ölkənizdə bu kimi problemlər necə tənzimlənir? Hərbi sahədə informasiya siyasətini tənzimləyən hər hansı qanun varmı?
— Hazırda yaşadığım Almaniyada mətbuat azadlığı var, heç bir məhdudlaşdırma yoxdur. Fikrimcə, Gürcüstan, özəlliklə də Azərbaycanda bu məsələ ilə bağlı situasiya fərqlidir. Bu ölkədə ənənəvi olaraq mətbuat azadlığı yoxdur. Azərbaycanda müstəqil jurnalistlərin Almaniya ilə müqayisədə çox ağır həyatı var.
— Azərbaycanda olmusunuzmu?
— Çoxdan, 1992-ci ildə.
— İndi siz yəqin ki, Azərbaycan barədə məlumat alırsınız. Eyni zamanda, Cənubi Qafqazın digər iki respublkasında media ilə bağlı situasiyanı izləyirsiniz. Sizin fikrinizi bilmək maraqlı olardı…
— Fikrimcə, əgər söhbət internetdən gedirsə, orada azad medianın fəaliyyəti üçün daha çox imkanlar var. Əgər söhbət qəzet və telekanallardan gedirsə, bu zaman, yalnız bir informasiya mənbəyi — hökumətdəki informasiya mənbəyi mövcuddur. Qərbdə jurnalistika, jurnalist fəaliyyəti qorunur. Azərbaycanda isə buna çatmaq üçün xeyli yol gedilməlidir.
— 2-3 ay öncə, Azərbaycan hökuməti 150-dən artıq jurnalistə mənzil verdi. Rəsmilər bildirdilər ki, bu, hökumətin mediaya dəstəyidir. Bu barədə nə düşünürsünüz?
— Mən bunu etməzdim. Mən başqası tərəfindən ödənilən evdə yaşamazdım. Bunun pulsuz nahardan fərqi yoxdur. Gec-tez onlar səndən ödədiklərini geri istəyəcəklər. Çalışmaq lazımdır ki, öz müstəqilliyini qoruyasan. Hökumət tərəfindən verilmiş evdə yaşayırsansa, gec-tez müstəqilliyini itirəcəksən.
— Sizin «Qoridə araşdırma — kameraman Stan Storimansın ölümü» sənədli filminiz çox təsirli idi. Bu filmi çəkməkdə əsas məqsədiniz nə idi?
— Əsas məqsəd itkilərə, o cümlədən, həmkarımızın ölümünə səbəb olmuş raket hücumuna cavabdeh olanın tapılması idi. Eyni zamanda, bu hücuma nəyə görə baş vurulduğunu aydınlaşdırmaq idi. Araşdırmanın əvvəlində bilmirdik bu kimin raketidir. Daha sonra aydınlaşdırdıq ki, məsuliyyət tərəfi Rusiyadır. Çünki yalnız Rusiya tərəfində belə raketlər vardı. Raket qırıntılarının bir hissəsini biz Qoridə meydanda tapdıq. Raket zərbəsi nəticəsində həmkarım Storimansla birgə 12 mülki şəxs də həmin meydanda həlak olmuşdu. Jurnalist kimi bizim əsas məqsədimiz bu hadisəni araşdırmaq idi.
— Siz bu filmi lentə alarkən Gürcüstanın hərbi strukturları ilə bağlı işlərinizdə çətinliklərlə qarşılaşırsınızmı?
— Sonda Gürcüstan tərəfi bizimlə əməkdaşlığa az-çox meyl göstərdi. Biz onlardan bəzi informasiyaları ala bildik. Amma əvvəl bizə çox çətin idi. Çünki bilmirdik ki, bu raket Rusiya tərəfinə aid idi və buna görə çox ehtiyatlı olmalı idik. Söz yox ki, gürcü tərəfi həmin raketlərin Rusiyaya aid olduğunu deyirdi. Amma biz bunu isbat etməli, şahidlər toplamalı idik. Şahidləri toplamazdan əvvəl biz Gürcüstan hərbiyyəsindəki qapalı mənbələrdən bir sıra informasiyalar aldıq. Çox ehtiyatlı olmalı idik. Çünki elə ola bilərdi ki, gürcü tərəfi təqsirli olduğu halda biz Rusiyanı təqsirləndirə bilərdik. Biz araşdırdıq və məsuliyyətin Rusiyanın boynunda olduğunu üzə çıxardıq.
— Cənubi Qafqazda münaqişələrin işıqlandırılmasında jurnalistlərin rolunu necə görürsünüz?
— Cənubi Qafqaz ölkələrində mövcud olan durum ucbatından jurnalistlər üçün işləmək çətindir. İstər sülh zamanında olsun, dövlətləriniz jurnalistləri müdafiə etmir, hərbçilər əməkdaşlığa meylli deyillər. Onlar anlamırlar ki, jurnalist sadəcə öz vəzifələrini yerinə yetirir. Nəyisə soruşmaq silahdan atəş açmaq deyil. Amma onlar bunu güllə atmaq kimi qəbul edirlər. Ümumilikdə, bu region potensial təhdidlərə məruz qalmış regiondur. Bilirəm ki, bu bölgədə jurnalist üçün işləmək asan deyil.