Xəbərlər
Bakıda NATO ilə əməkdaşlıq çərçivəsində konfrans keçiriləcək
NATO ilə əməkdaşlıq çərçivəsində bu il may ayının 22-23-də Bakıda konfrans keçiriləcək. Bu barədə APA-ya Azərbaycanın NATO-dakı səfiri Xəzər İbrahim məlumat verib. «Müasir dövrdə meydana gələn çağırışlar» mövzusunda keçiriləcək konfransda kiber təhlükəsizlik, enerji təhlükəsizliyi, terrorizmlə mübarizə və s. məsələlər müzakirə olunacaq.
X.İbrahimin sözlərinə görə, konfransda NATO-nun yüksək vəzifəli şəxslərinin iştirakı gözlənilir.
Əfqanıstan üzrə regional əməkdaşlıq konfransı keçiriləcək
Rusiya XİN rəsmi nümayəndəsi A.Lukaşeviç bəyan edib ki, aprelin 26-da Almatıda Əfqanıstan üzrə regional əməkdaşlığın «İstanbul prosesi» çərçivəsində nazirlərin növbəti konfransı keçiriləcəkdir. Rusiyanın nümayəndə heyətinə xarici işlər naziri S.V.Lavrov başçılıq edəcəkdir (AzərTAc).
«İstanbul prosesi» (İP) təqribən il yarım bundan əvvəl başlanmışdır. Onun əsas məqsədi terrorizmə və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə kimi sahələrdə kollektiv etimad tədbirlərinin hazırlanması, regional infrastrukturun möhkəmləndirilməsi, ticarətə və əməkdaşlığa kömək göstərilməsi, elm və təhsilin inkişafı, habelə fövqəladə vəziyyətlərdə yardım göstərilməsi mexanizmlərinin möhkəmləndirilməsidir. Bu vəzifələrə uyğun olaraq İP çərçivəsində 2012-ci ilin iyununda nazirlərin Kabildə keçirilmiş bundan əvvəlki iclasının yekunlarına əsasən yaradılmış altı işçi qrup fəaliyyət göstərir. Rusiya Azərbaycanla birlikdə narkotik vasitələr əleyhinə işçi qrupa başçılıq edir.
Rusiya XİN-in rəsmi nümayəndəsi bildirib ki, Almatı konfransı zamanı işçi qrupların hazırladıqları etimad tədbirlərinin həyata keçirilməsi planlarını təsdiq etmək nəzərdə tutulur. Konfransın yekunları üzrə İP-nin iştirakçısı olan ölkələrin Birgə bəyannaməsinin qəbul olunması gözlənilir.
NATO-nun Cənubi Qafqazda geosiyasi situasiyanın formalaşmasında rolu
Aprelin 4-də Bakıda «Cənubi Qafqazda və ətraf regionlarda geosiyasi situasiyanın formalaşmasında NATO-nun rolu» mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbirdə NATO və Azərbaycan əməkdaşlığının gələcək perspektivləri, Cənubi Qafqaz ölkələrinin NATO-ya inteqrasiyası, ümumi təhlükəsizlik maraqları, təhlükəsizlik və müdafiə sahəsində islahatlar, Əfqanıstandan NATO qüvvələrinin çıxarılmasında və yüklərin daşınmasında Azərbaycanın rolu, Dağlıq Qarabağ münaqişəsi, o cümlədən regional münaqişələrin həlli perspektivləri və sair məsələlər müzakirə olunub.
Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin və Rumıniyanın Azərbaycandakı səfirliyinin (NATO-nun əlaqələndirici səfirliyi) təşkil etdiyi forumda səfirlər, NATO nümayəndələri, Rumıniya prezidentinin müşaviri, Türkiyənin keçmiş xarici işlər naziri Hikmət Çətin, Azərbaycan Prezident Administrasiyasının təmsilçisi, millət vəkilləri, Azərbaycanın və Gürcüstanın NATO yanındakı nümayəndəliklərinin rəhbərləri, ekspertlər iştirak edib.
Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov bildirib ki, Azərbaycanla NATO əməkdaşlığı dinamik inkişafdadır və Azərbaycan xarici siyasət prioritetlərindən biridir.
Rumıniyanın Azərbaycan səfiri Daniel Çiobanu bildirib ki, Azərbaycan NATO-nun strateji tərəfdaşıdır və əməkdaşlıq gələcəkdə də davam etdiriləcək. Əməkdaşlıq hazırda Azərbaycan müdafiə və təhlükəsizlik sektorunda islahatları, təhlükəsizlik risklərini, o cümlədən terrorizm, kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması, kiber və enerji təhlükəsizliyi, fövqəladə hallarda birgə fəaliyyət və digər sahələri əhatə edir.
Çıxışlarda Azərbaycanın da NATO əməliyyatlarına töhfə verdiyi qeyd edilib. Bu mənada Azərbaycanın Minalardan Təmizləmə üzrə Milli Agentliyinin (ANAMA) və Diplomatik Akademiyanın fəaliyyəti qeyd edilib. ANAMA bir sıra ölkələrdə minalardan təmizləmə əməliyyatları və təlimləri həyata keçirir, Diplomatik Akademiya isə Əfqanıstan məmurlarına kurslar təşkil etməkdə fəaldır.
Brüsseldən onlayn konfrans vasitəsi ilə foruma qatılan NATO-nun Əməkdaşlıq Direktorluğunun siyasi işlər və siyasi təhlükəsizlik departamentinin əməkdaşı Steffen Elgersma hesab edir ki, İPAP-ın növbəti mərhələsi ilə bağlı planın işlənməsi üçün gələcək əməkdaşlığın strategiyası, münasibətlərin çərçivəsi və məzmunu, hazırlanacaq planın necə işləyəcəyi ilə bağlı suallara cavab tapılmalıdır.
NATO rəsmisi həmçinin Azərbaycanda müdafiə və təhlükəsizlik sektorunda islahatların sürətləndirilməsinin, Müdafiə Nazirliyinin işinin gücləndirilməsinin, müdafiə sektoruna digər şəxslərin cəlb edilməsinin, sülhməramlı qüvvələrin NATO standartlarına uyğunlaşdırılmasının, NATO-nun tranzit yüklərinin daşınmasında Azərbaycanın gələcək rolunun və bunun kommersiya baxımından əhəmiyyətinin vacibliyindən danışıb. «Azərbaycan və Ermənistan NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramında iştirak edir. Bu, iki dövlətin dialoqu üçün əsas ola bilər», deyə Türkiyənin keçmiş xarici işlər naziri Hikmət Çetin bildirib. Onun sözlərinə görə, Türkiyə yeni təşəbbüslərlə danışıqları canlandırmaq istəyir. «Dağlıq Qarabağ münaqişəsi yeni təhlükələrə yol açır. Beynəlxalq ictimaiyyət hesab edir ki, «qan tökülmürsə, yaxşıdır». Amma bu, münaqişələrin həlli demək deyil. Amerika, Rusiya, Türkiyə münaqişənin həllinə yeni töhfələr verməlidir», deyə Çetin əlavə edib.
Azərbaycan Ordusunda itkilər
«Doktrina» Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin kütləvi informasiya vasitələri üzərində həyata keçirdikləri monitorinqin nəticələrinə əsasən adlı siyahı üzrə 2013-cü ilin geridə qalan dövründə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 23 nəfər təşkil edib. Ötən müddətdə 20 nəfər yaralanıb (və ya xəsarət alıb). Müvafiq dövrdə dünyalarını dəyişənlərin 4-ü döyüş (erməni gülləsi), 19-u isə qeyri-döyüş itkiləridir. Bundan başqa C.Naxçıvanski adına hərbi listeyin kursantı da naməlum səbəbdən dünyasını dəyişib (hərbi qulluqçu statusuna malik olmadığına görə siyahıda ayrıca qeyd olunur). 3 nəfər bədbəxt hadisədən (suda boğulma, yıxılma, tank altında qalma), 2 nəfər avtoqəzadan, 3 nəfər vertolyot qəzasından, 2 nəfər naməlum səbəbdən, 1 nəfər ehtiyatsızlıqdan, 1 nəfər qeyri-nizamnamə (qanunazidd) hərəkətlərindən, 3 nəfər xəstəlikdən dünyasını dəyişib. 4 nəfər intihar edib. Dünyasını dəyişənlərin 19-u Müdafiə Nazirliyinin, 1-i Dövlət Sərhəd Xidmətinin, 1-i Daxili Qoşunların, 1-i XDBMI-nin, 1-i Fövqəladə Hallar Nazirliyinin (Naxçıvan FHN) hərbi qulluqçularıdır.
Yaralılara və xəsarət alanlara gəlincə (20 nəfər) onların 4-ü qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan), 3-ü mülki şəxslərlə davadan, 4-ü erməni gülləsindən, 1 nəfər mina partlayışından, 2-i bədbəxt hadisədən (liftin şaxtasına yıxılma), 6-si isə avtoqəza nəticəsində yaralanıblar və ya xəsarət alıblar. 17 nəfər Müdafiə Nazirliyinin hərbi qulluqçusu, 3 nəfər Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusudur. Yaralıların və xəsarət alanların bir çoxu xidmət yerinə qayıdıblar.