Nəticəsi əvvəldən bilinən müsabiqələr
Dünyanın bütün ölkələrində müxtəlif elmi və ədəbi müsabiqələr adi hal alıb. Belə baxanda burada pis heç nə yoxdur. Dövlət və ya ayrı-ayrı qurumlar istedadlı adamların və layiqli əsərlərin meydana gəlməsi üçün layihələr keçirməyə çalışır. Son illərdə bizim məmləkətimizdə də bu yöndə müəyyən addımların atıldığı müşahidə olunmaqdadır. Heç kəsə sirr deyil ki, bizdə əvvəllər gözəllik müsabiqələri, ən yaxşı halda isə mahnı müsabiqələri keçirməyə daha çox diqqət yetirilirdi. Son illər müsabiqələrin xarakter və mahiyyətinin bir qədər «ciddiləşdiyi» müşahidə olunmaqdadır ki, bunu da (yenə belə götürəndə) yalnız təqdir etmək lazımdır. Di gəl ki, həmin müsabiqələrin nəticələri əksər vaxtlar müsabiqənin sonunda yox, elə əvvəlcədən məlum olur. Bu barədə bir qədər sonra.
Bəri başdan onu deyim ki, mən özüm dəfələrlə bir sıra müsabiqələrin münsiflər heyətinin üzvü, habelə iştirakçısı, qalibi olmuşam. Niyə gizlədim, qalib olmaq xoşdur.
Amma son illərdə bu cür müsabiqələrdə iştirakdan imtina etmişəm. Səbəb sadədir: bu müsabiqələrin əksəriyyəti bir oyundur, şoudur. Ən başlıcası isə, bayaq dediyim kimi, nəticənin əvvəlcədən məlum olmasıdır. Başqa sözlə, subyektivizmin obyektiv fikri üstələməsidir.
Bir müddət əvvəlin söhbətidir: Yardımlıda yaşayan istedadlı alim Sabir Bəşirov mənə zəng vurub Bakı Slavyan Universitetinin Azərbaycan Yazıçılar Birliyi ilə birgə keçirdiyi Ədəbiyyat Müsabiqəsində iştirak etmək arzusunda olduğunu bildirdi. Onun məhz mənə üz tutmasının səbəbi vardı. Məsələ burasındadır ki, bu zəhmətkeş filosof-tədqiqatçı mənim ədəbi fəaliyyətimlə bağlı bir kitab yazıb («Firuz Mustafa: İdrakla hissin vəhdəti») və indi həmin əsəri həmin müsabiqəyə təqdim etmək istəyirdi. Müsabiqədə iştirak etmək üçün komissiyaya üç kitab təqdim etmək lazım idi.
Mən Sabir Bəşirova belə bir müsabiqədə iştirak etməməyi tövsiyə etdim. Səbəb kimi də onu göstərdim ki, bu tipli müsabiqələrin qalibləri, adətən, onu təşkil edənlərə əvvəldən məlum olur, yəni mükafatın laureatını iştirakçılar arasında axtarmağa ehtiyac qalmır. Hətta fikrimə illüstrasiya kimi Sabir Bəşirova bir para misallar da çəkdim. Doğrusu, mən həm də kitabların it-bata düşəcəyindən ehtiyat edirdim. Deyəsən, o, mənimlə qismən razılaşdı. Amma aradan bir neçə gün keçmiş başqa bir dostumuz (o da qələm adamıdır) mənə zəng vurub Sabir Bəşirovun dediklərini təxminən eyni qaydada çatdırdı. Doğrusu, elə mən də bir neçə gün öncə Sabir müəllimə dediyim fikri eynilə həmin qələm dostuma xatırlatdım; sözümün canı yenə bu oldu ki, belə müsabiqələrin nəticəsi əvvəldən məlum olur. Dostum isə fikrində israrlı idi. Nə isə, uzun çək-çevirdən sonra mən üç kitabın «başından keçməyi» qərara aldım.
Bir neçə gündən sonra mətbuatda adı çəkilən müsabiqənin komissiya heyətinin növbəti iclası haqda məlumat oxudum. Ən yaxşı tənqid və esseistik əsərə görə — Yaşar Qarayev mükafatına təqdim edilən əsərlərin siyahısında Sabir Bəşirovun kitabının adı yox idi. Və mən buradaca xatırladım ki, düz on il öncə dramaturgiya ilə bağlı bir müsabiqənin münsiflər heyətinin sədri Yaşar Qarayev idi və həmin müsabiqədə mənim «Adsız» adlı pyeslər kitabım C.Cabbarlı mükafatına layiq görülmüşdü.
Sabir Bəşirov mənə zəng vurub dedi ki, mükafat almadım, heç olmasa müsabiqəyə təqdim olunan kitabları geri almağı unutma. Ağıllı fikir idi. Onsuz da az tirajla çıxan kitabların üçü niyə it-bata düşsün ki? Münsiflər heyəti üzvlərindən biri bildirdi ki, həmin kitabları AYB-nin kitabxanasına göndərmişik. Mən eləmədim tənbəllik, getdim həmin kitabxanaya. Müsabiqəyə təqdim edilən əsərin cəmi iki nüsxəsini tapdım: mən onları əlimə götürəndə mat-məəttəl qaldım, mətbəədə möhkəm presləndiyi üçün bir çoxu bir-birinə yapışmış səhifələrə əl vurulmamışdı. Necə deyərlər, kitabların heç ağzı da açılmamışdı…
Mən əminəm ki, hətta, mükafat alacaq əsərlərin də bir çoxu elə bu vəziyyətdə, «ağzı açılmamış» şəkildə qalacaq. Kimdir o kitabları oxuyan?
Bütün bunları nə üçün yazıram?
Bizdə, mükafata və müsabiqəyə təqdim olunan əsərlərin müəlliflərinin siyahısı (lap deputatlığa namizədlərin siyahısı kimi) mətbuatda dərc olunanda, demək olar, ən adi oxucu belə o mükafatın kimə çatacağını gözəl bilir. Axı bu «müzakirə»lərdə, adətən, münsiflər heyətini əsərdən daha çox onun müəllifinin ranqı, statusu, vəzifəsi, siyasi mövqeyi, dostluq və qohumluq əlaqələrinin radiusu, habelə digər «türfə əlamətləri» və dürlü keyfiyyətləri maraqlandırır.
Mən belə düşünürəm ki, mükafatların təqdim olunma qaydaları əsaslı şəkildə dəyişməlidir. Ən nüfuzlu mükafatlardan birinə, Nobel mükafatına təqdim edilən əsərlərin və müəlliflərin adı da geniş auditoriyaya yalnız mükafat veriləndən sonra məlum olur. Bu, mükafatı alan müəlliflərin özləri üçün də gözlənilməz olur. Məncə, bizdə də bu praktikadan istifadə olunmalıdır. Əgər belə olarsa, onda bu qondarma «müsabiqə-mükafat» oyunlarının tozanağı aləmi başına götürməz.
Aynanın yeni köşə rubrikasından.