Muəllif:

Netbuklar müsabiqə yolu ilə veriləcək

Təhsil Nazirliyi «1 şagird : 1 kompüter» müsabiqəsi elan edib. Müsabiqənin məqsədi İKT əsaslı fərdiləşmiş təhsilin formalaşması, «1 şagird : 1 kompüter» layihəsi çərçivəsində netbukların daha səmərəli istifadəsinə hazır olan müəllimlərin və məktəblərin seçilməsidir. Müsabiqə üzrə məlumatlar www.musabiqe.edu.az veb səhifəsində yerləşdirilib. Müsabiqədə iştirak etmək istəyənlər 8 fevral tarixinədək layihə təqdim edə bilərlər. Müsabiqə çərçivəsində qalib gəlmiş müəllimlərin bir sinfinin şagird kollektivi netbuklarla təchiz olunacaq. Hər bir qalib müəllim onun tədris etdiyi sinifdə şagirdlərin sayı qədər netbuklar alacaq. Müsabiqə iki mərhələdə keçiriləcək. Təqdim edilmiş layihələrin qiymətləndirmə meyarları layihənin tədris məqsədləri üçün praktik əhəmiyyəti, metodiki baxımdan işlənmə səviyyəsi, materialların texniki-texnoloji cəhətdən rahat, aydın və anlaşıqlı təsviridir.
TN Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Samir Məmmədovun sözlərinə görə, məktəblərə netbukların verilməsinin müsabiqə formatına keçirilməsi Azərbaycanın təhsil sistemində ilk təcrübədir. Bu format «1 şagird : 1 kompüter» layihəsi çərçivəsində texnologiyalara daha böyük maraq göstərən təhsil müəssisəsinə netbukların verilməsini nəzərdə tutur və müəllimlərin İKT biliklərinin tədrisdə istifadəsi üçün motivasiyalaşdırır. «1 şagird:1 kompüter» layihəsi çərçivəsində verilən netbukların sayı məhdud olduğu üçün TN müsabiqə formatına keçid barədə qərar vermişdir. Təcrübə uğurlu olarsa, sayı məhdud olan digər texnoloji avadanlıqların da müsabiqə yolu ilə məktəblərə verilməsi istisna deyil.
«1 şagird:1 kompüter» layihəsi çərçivəsində 15 ümumtəhsil müəssisəsinə artıq 2077 netbuk təmənnasız olaraq verilmişdir. Şagirdlər bu netbuklardan həm məktəbdə, həm də evdə istifadə edirlər. Netbuklar həmçinin genişzolaqlı simsiz İnternet modemləri və təhlükəsiz İnternet paketi ilə təchiz olunub.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 599