Neil Makkeyn:”Gələcək nəsillərin neft gəlirlərindən faydalanması üçün…
Azərbaycanın diversifikasiyaya (iqtisadiyyatın şaxələndirilməsi) nail olması infrastrukturun bərpasından və yenidən qurulmasından irəli gəlir. Bu haqda məlumat verən Avropa Yenidənqurma və İnkişaf Bankının Bakı ofisinin rəhbəri Neil Makkeynin sözlərinə görə, diversifikasiya bazarın tələblərindən irəli gəlməlidir: «Azərbaycan bu baxımdan niyyətini ortalığa qoyub və «Azərbaycan 2020: Gələcəyə baxış» konsepsiyasında bunun üfüqləri görünür».
Makkeyn qeyd edir ki, Azərbaycan biznes mühitinin daha da yaxşılaşdırılması üçün işlər görməlidir: «Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda 20 ildir fəaliyyət göstərir və biznes sahəsinə ən böyük dəstək göstərən banklardan biridir. Bizim də biznes mühitinin daha da yaxşılaşdırılması üzrə planımız və təkliflərimiz var. Biz Azərbaycanın Mərkəzi Bankı, İqtisadi İnkişaf Nazirliyi ilə bu istiqamətdə də dialoq aparırıq, biznes mühitinin yaxşılaşdırılması sahəsində cəhdlərimizi göstərməkdəyik».
Ofis rəhbəri vurğulayır ki, Azərbaycan gələcək nəsillərin neft gəlirlərdən faydalanması üçün onun düzgün istifadəsinə nail olmalı, insan kapitalına investisiyalarını artırmalı, sahibkarların maliyyə alətlərinə çıxışı imkanları genişləndirməli, kapital bazarının inkişafını təmin etməlidir: «Birinci növbədə karbohidrogen hasilatından böyük gəlirlərin əldə edilməsi Azərbaycan dövləti və Azərbaycan höküməti üçün böyük xoşbəxtlikdir. Azərbaycan neft hasilatında gözəl bir dövrdən keçir. Azərbaycan gələcək nəsillərin bu gəlirlərdən faydalanması üçün onun düzgün istifadəsinə nail olmalıdır».
Bank rəsmisi vurğulayır ki, Azərbaycanda iqtisadi şaxələndirmənin üfüqlərini indidən görür, və bundan istifadə edəcək.