Neftsiz büdcəmiz Gürcüstanın büdcəsindən 15% azdır
Ötən il Azərbaycanın neftsiz büdcəsi 4,1 milyard manat olub. Yəni dövlət büdcəsindən neft gəlirlərini çıxanda 2012-ci il büdcəsində 4,1 milyard manat qalır. Ancaq həmin il büdcədən dövlət idarəetməsinə, hüquq mühafizə orqanlarına və müdafiə sahəsinə 3,6 milyard; təhsil, səhiyyə və sosial müdafiəyə 4 milyard; tikinti layihələrinə 5,7 milyard manat xərclənib.
Iqtisadçı ekspert Rövşən Ağayev mətbuata açıqlamasında bildirib ki, neft pulları olmasaydı, hökumət bu üç blok xərc istiqamətlərindən yalnız birini seçmək məcburiyyətində qalardı, ya da həmin kiçik vəsaiti əli əsə-əsə elə kiçik paylarla bu istiqamətlər arasında paylaşdırardı: ”Hələ mən demədim ki, 2012-ci ildə büdcədən kənd təsərrüfatına, kommunal sektora, mədəniyyət-incəsənətə, fövqəladə hallara (ehtiyat fondları vasitəsilə) da 3 milyard manat vəsait ayrılmışdı”.
Ekspertin fikrincə, neftsiz Azərbaycan büdcəsi yoxsul göründüyü qədər də neftsiz Azərbaycan hökuməti əlacsız görünür: “2012-ci ildə Azərbaycanın neftsiz ÜDM-i 35 milyard dollar, neftsiz büdcəsi 5,2 milyard dollar olub. Halbuki Gürcüstan 2012-ci ildə neftsiz-qazsız, təxminən 16 milyard dollarlıq ÜDM-dən vergilər vasitəsilə 4 milyard dollar civarında büdcə gəliri formalaşdırıb.
Ən maraqlısı odur ki, bizim neftsiz büdcə gəlirlərimizin təxminən 1,5 milyard dolları gömrükdən daxil olub. Gürcülər isə xarici iqtisadi əlaqələri, demək olar, vergilərdən azad ediblər. Onlarda bu sahədə vergi yükü çox simvolikdir.
2012-ci ildə Gürcüstanın dövlət büdcəsinə xarici iqtisadi əlaqələrdən cəmi 65 milyon dollar vəsait daxil olub. Deməli, gömrük vergi və rüsumlarını nəzərə almasaq, 2012-ci ildə Azərbaycanın neftsiz büdcəsi Gürcüstanın büdcəsindən təxminən 15% azdır. Halbuki bizim neftsiz ÜDM onlardan 2,1 dəfə çoxdur. Aydınlıq üçün deyim ki, vergi yükü heç də bizdən ağır deyil. Məsələn, ƏDV hər iki ölkədə 18%-dir. Azərbaycanda mənfəət vergisi 20%, Gürcüstanda 15%-dir. Bizdə muzdlu işə görə gəlir vergisinin aşağı dərəcəsi 14%, yuxarı həddi 25%-dir. Gürcülər vahid gəlir vergisi dərəcəsi tətbiq edirlər — 20%.
Azərbaycanda neft pulları hökumətin gözünü elə tutub ki, hətta əllərində olan rəqəmləri də soyuq başla analizdən keçirməyə tənbəllik edirlər.
”Neft pullarının çoxluğu bu hökumətin çox eybini örtür. Məsələn, büdcəni neft pulu ilə doldurub insanlara az-çox pensiya, maaş vermək olur. Çoxlu tikinti layihəsi həyata keçirib işsiz adamları mövsümi də olsa iş yerləri ilə təmin etmək olur. Orduda, polisdə, dövlət müəssisə və təşkilatlarında əlavə iş yerləri açıb sosial narazılıqları önləmək üçün minlərlə adama maaş vermək də olur».
Onu da qeyd edək ki, bu yaxınlarda Milli Məclis ötən ilin icra büdcəsinə dair hesabatı qəbul edib. Dövlət büdcəsinin icra vəziyyətinə dair Milli Büdcə Qrupu (MBQ) da öz rəyini açıqlayıb. Həmin tədqiqatın həmmüəlliflərindən biri, Iqtisadi Təhlil Insitutunun rəhbəri Məhəmməd Talıblı deyir ki, ötən il dövlət büdcəsinin gəlirləri 17,3 milyard, xərcləri isə 17,4 milyard manat olaraq icra edilib. 2012-ci il dövlət xərcləri isə 255.5 milyon manat az, yaxud da 98.6% həcmində yerinə yetirilib.
Ekspert deyir ki, büdcə xərcləmələrimizdə bəzi narahatedici məqamlar hələ də qalmaqdadır. Belə ki, büdcə xərcləmələrində “Sənaye, tikinti və faydalı qazıntılar” xərcləri büdcənin 33,1 faizini təşkil etmişdir ki, bu da 5,7 milyard manat deməkdir. Büdcə xərclərində investisiya xərcləri dominant qalsa da və illər üzrə 31-34 faiz dəyişsə də, bunun məbləğ baxımından ifadəsi artan rəqəmlərlə ifadə olunur. Baxmayaraq ki, büdcə xərcləmələrində investisiya xərcləri faiz etibarı ilə əsasən sabit qalır, lakin manatla ifadə baxımından büdcədən daha çox vəsaitlər bu istiqamətə yönəlir:
”Əgər son iki il üçün belə bir müqayisə aparsaq, məlum olacaq ki, ötən ilə nisbətdə investisiya layihələrinə ayrılan xərclər 88 milyon, lakin 2010-cu ilə nisbətdə isə 1,6 milyard manat artmışdır. 2012-ci ildə dövlət investisiya proqramları çərçivəsində 7,3 milyard manat həcmində layihələr maliyyələşdirilib. Bu azmış kimi büdcə vəsaitləri ilə bərabər, Neft Fondunun vəsaitləri və xarici kreditlərdən də bu istiqamətdə istifadə olunub. Dövlət investisiya proqramında 2012-ci ildə “Digər layihələr” istiqaməti üzrə 255 milyon manat vəsait xərclənib. Yəni təyinatı bilinən, lakin həmin tədbirlərin ayrı-ayrılıqda xərclənməsinə nə qədər vəsaitin xərclənməsi göstərilmir”. Hesabatdan məlum olur ki, investisiya xərcləmələrində elə layihələr var ki, onun xərcini hesablamaq üçün dəqiq ölçü vahidi göstərilmir. Məsələn, 2012-ci ilin icra büdcəsində Hacıqabul-Kürdəmir avtomobil yolunda əlavə 2 zolağın tikilməsi və yenidən qurulması layihəsinə 41 milyon manat vəsait sərf olunub. Amma bu 2 zolaqlı yolun neçə km olması haqqında heç bir rəqəm göstərilmir. Istifadə olunan investisiya layihələrinin aylar üzrə dinamikasına diqqət etsək məlum olacaq ki, aylar üzrə xərcləmələrdə disproporsional bölgü mövcuddur.
Hökumət rəsmilərinin sevdiyi ifadələrdən biri də büdcənin ildən-ilə daha çox sosialyönümlü olmasıdır. Talıblı isə bunun əksi qənaətindədir. Onun fikrincə, əksinə, əvvəlki illərdə dövlət büdcəmiz daha çox sosialyönümlü olub. Büdcə xərclərinin 4,7 milyard manatı iqtisadi təsnifata uyğun olaraq sosialyönümlü xərclərə yönəlib. Hökumət bunu hesabatında ötən ilə nisbətdə 400 mln. manat və ya 9,2 faizlik artım kimi qiymətləndirib. 2012-ci ildə 4,7 milyard manatlıq sosialyönümlü xərclərin isə 2,6 milyard manatı əməyin ödənişi xərcləri təşkil edib. Hazırda sosial xərcləmələr büdcə xərclərinin 27,2 faizini təşkil edir. Halbuki, 2003-cü ildə bu rəqəm 41 faiz idi. Həmin il büdcə xərclərinin 7,9 faizini təşkil edən investisiya yönümlü xərclər indi 33 faizi keçib. Bu, ölkə üzrə büdcənin sosial yönümünü illər üzrə dəyişən rəqəmlərdən görmək olur.